“Dilini itirən xalq məhvə məhkumdur". Çünki dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Təsadüfi deyil ki, məhz ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.
70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Belə bir məqamda təbii ki, bu istiqamətdəki fəaliyyətində Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Ancaq Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz. Belə ki, çar Rusiyasının ruslaşdırma siyasətindən sonra 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə dilimizin inkişafına böyük önəm verildi. Daha sonra Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu illərdə isə dilimizə qarşı hücumların yeni dalğası başlandı. “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Lakin, Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də verdi. Həmçinin, ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi.
1978-ci il aprelin 14-də ulu öndərin sədrliyi ilə keçirilən Azərbaycan KP MK-nın iclasında respublikanın yeni himni haqqında məsələ müzakirə edilərkən məlum oldu ki, himnin mətnində "respublika" sözü yoxdur. Müzakirə zamanı Heydər Əliyev mətnə "respublika" sözünün salınmasının vacibliyini söyləyir. Çıxış edən bəzi şəxslər himnin mətninə "respublika" sözünün salınmasının heç cür alınmadığını deyirlər. Azərbaycanın rəhbəri isə israrla və açıq şəkildə bildirir: "Mən çox istərdim ki, "respublika" sözü mətndə olsun. Mənə deyirlər ki, heç cür alınmır. Mən hesab edirəm ki, belə sözün olmasına nail olmaq lazımdır. Biz Azərbaycan, dövlət, diyar haqqında danışırıq, amma bura respublikadır. Yaxşı olardı ki, burada "respublika" sözü olsun".
Bu ulu öndər Heydər Əliyevin cəsarətli, Vətəninə, xalqına, dilinə, sərvətinə olan məhəbbətinin göstəricisidir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. 2001-ci ildə Ümummilli liderimizin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz Ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. 30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib. Ulu öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncam oldu. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Ölkə başçısı, həmçinin, 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.Bir sözlə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir. Və bu gün ümummilli lider Heydər Əliyevin layiqli varisi, Prezidentimiz İlham Əliyevin dediyi kimi, «Dəmir yumruq» bizim birliyimizin rəmzidir və Azərbaycan xalqı bütün sahələrdə, o cümlədən Ana dilimizin inkişafı və qorunmasında birlik nümayiş etdirəcək!
MEYDANƏLİ YOLÇUYEV,
YAP Daşkəsən rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB