Mərdanəlik, xeyirxahlıq və ədalətin yanında olmaq vərdişi MÜSAHİBƏ

Mərdanəlik, xeyirxahlıq və ədalətin yanında olmaq vərdişi MÜSAHİBƏ

Səmayə Piriyeva: “Atam Aslan kişi həmişə Ukrayna xalqı haqqında xoş sözlər danışırdı və bizdə də uşaq yaşlarından həmin xalqa böyük hörmət, məhəbbət yaranmışdı”.

Xalq şairimiz Nəriman Həsənzadədən eşitdim ki, rusların ədalətsiz təcavüzü nəticəsində Ukraynada müharibə başlayan vaxtı, bir vaxtlar millət vəkili olan Səmayə xanım Piriyeva Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edib ki, “60 nəfərdən çox ukraynalını Hacıqabuldakı evimizdə yerləşdirməyə və onları hər gün yeməklə təmin etməyə hazıram”. Belə vətənpərvər və xeyirxah azərbaycanlı xanımın hərəkətindən xoşum gəldi və fikirləşdim ki, onunla azərbaycanlı oxucular da yaxından tanış olsun.

-Necə oldu ki, ulu öndər Heydər Əliyevin sizə böyük inamı yarandı və onun ikinci hakimiyyəti dövründə siz böyük uğurlara imza atdınız?

-Yadınıza gəlirsə Ulu Öndər Heydər Əliyev Moskvadan qayıdandan sonra o, Naxçıvana yaşamağa getdi. Respublika qəzetlərində də ona çoxlu çirkablar atırdılar. Onu sevən adamların da çoxu onun haqqında ürək sözlərini deyə bilmirdilər. Çünki təqib olunurdular. Həmin vaxtı dahi rəhbər Heydər Əliyevin “Adamlara inanmışam” başlığı ilə “Respublika” qəzetdə bir məqaləsi çap olunmuşdu. Orada Sabirabad rayonunun da adını çəkmişdi və bu rayonun onun birinci hakimiyyəti dövründəki uğurlarından da yazmışdı. Mən həmin məqaləni oxuyandan sonra ona 10 vərəq həcmində Naxçıvana bir məktub göndərdim. Azərbaycan üçün etdiyi böyük işlərin hamısını orada sadalamışdım. Az bir vaxtda Naxçıvandan mənə, Ulu Öndər Heydər Əliyevdən bir teleqram gəldi. 10 oktyabr 1990-cı il tarixində. Həmin teleqramda belə yazılmışdı: “Hörmətli Səmayə xanım! Sizin mənə göndərdiyiniz məktubu aldım. Oxudum. Sevindim. Azərbaycan xalqının sizin kimi qeyrətli, ədalətli qızları ilə mən həmişə sevinmişəm və sevinirəm”. Dərin minnətdarlıqla Heydər Əliyev. O məktuba görə əlbəttə, mənim başım çox ağrıdı. Hətta məni raykom katibi vəzifəsindən işdən də çıxartdılar. Beləliklə, Sabirabad rayon partiya komitəsinin katibi vəzifəsindən işdən çıxarılandan sonra mən Sabirabadda Yeni Azərbaycan Partitiyasının təşkilatını yaratdım. Respublika qəzetlərində Ulu Öndərin birinci hakimiyyəti dövründə gördüyü uğurlu işlər haqqında yazdım. Böyük filosof Konfutsi deyib ki, “ insan yerlə göy arasında bir valıqdır”. Ona görə də hər insan varlıq olduğunu öz əməlləri, səbri və dözümü ilə sübut etməlidir. O vaxtı mənə çoxlu basqılar oldu. Hətta adamlar qorxusundan məni Sabirabaddan öz maşınlarında Hacıqabula belə gətirməyə qorxurdular.

Az bir vaxtda bizim YAP təşkilatı çox güclü təşkilat oldu. Beləliklə, Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra məni çağırdı və əvvəlki ikinci katib işimə bərpa elədi. Həmin vaxtı da bu vəzifə İcra Hakimiyyəti başçısının humanitar işləri üzrə müavini vəzifəsi adlanırdı. Bir az bu vəzifədə işləyəndən sonra mən 1995-ci ildə Haqıqabuldan millət vəkili seçildim. Millət vəkili kimi yenicə müstəqilik qazanmış respublikamızın inkişafı üçün əlimdən gələn köməkliyi edirdim. O vaxtı Cənab İlham Əliyev də millət vəkili seçilmişdi. Millət vəkili olanda bir neçə xarici ölkələrdə Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi heyətlə səfərlərdə olmuşam. Özü də ilk dəfə idi ki, belə xarici səfərlərdə olurdum. Hətta Amerika Birləşmiş Ştatlarda da səfərdə olmuşam. Orada olduğum on gündə Azərbaycan həqiqətləri haqqında danışmışam. Ümumiyyətlə, həmin vaxtı respublikada keçirilən tədbirlərdə də mənim çıxışlarım maraqla qarşılanırdı. Hər dəfə çıxış eləyib, alqışlar qazananda məşhur filosof Konfutsinin bu kəlamı yadıma düşürdü: “Alicənab adam ucalığa can atır, kiçik adam isə aşağıya”.

-Bəs necə oldu ki, sizi Sabirabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə göndərdilər?

-Mənə Prezident Adminstrasiyasında xəbər verdilər ki, təcili bura gəl, Ulu Öndər Heydər Əliyev səni qəbul edəcək. Təcili ora getdim. Amma yol boyu fikirləşirdim ki, axı Ulu Öndər Heydər Əliyev məni niyə qəbul eləyir? Həyəcandan da əllərim, ayaqlarım əsirdi. Məni qəbul elədi və mənimlə üz-üzə olan stulda oturdu. Dedi ki, “səni Sabirabad rayonuna İcra Hakimiyyətinin başçısı göndərirəm. Sən o rayonda əvvəllər iyirmi il işləyibsən. Rayon camaatı da səni yaxşı tanıyır. Ona görə də fikirləşdim ki, o vəzifəyə sən ən layiqli namizədsən”. Beləliklə, mən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı kimi işə başladım. İlk əvvəl orada məscid tikdirdim. Ora bir manat da dövlət büdcəsindən pul xərclənmədi. Yerli camaatın pulu hesabına tikildi. Əsasən də Bakıda yaşayan sabirabadlıların hesabına. Bu işlərdə də, yəni Bakıda yaşayan sabirabadlıların və əslən sabirabadlı olan SSRİ Xalq artisti Lütfiyar İmanov çox köməklik elədi. Səkkiz aya məscidin daş hissəsi qurtardı. Oradakı sol minarənin altına da mən öz adımı yazıb qoydum. Sonra az bir vaxtda qalan işlər görüldü. Bu işimlə paralel rayonun abadlıq işlərini, kənd təsərrüfatını dirçəltmək üçün çoxlu işlər görməyə başladıq. Hətta mənim rəhbərliyimlə Ulu Öndər Heydər Əliyevin şərəfinə Sabirabadın şoran torpağında 6 hektar sahədə bir il ərzində çox böyük bir bağ saldıq. Sabirabadda məskunlaşan çoxlu cavan qaçqınların, köçkünlərin toyunu eləmişəm. Hətta ayrı-ayrı əqidəli, müxalif fikirli adamları da yaxşı mütəxəsis olduqlarına görə işə cəlb eləmişdim və onları öz ideyasından döndərmişdim. Hamısında əbədiyaşar Ulu Öndər Heydər Əliyevə böyük inam yaratmışdım. İndi bu yaxşı, xeyirxah işi Cənab Prezidentimiz İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva da davam etdirirlər. Belə adamlara vəzifələr verilir, millət vəkili seçilirlər. Hətta onların yaratdığı partiyalara da lazım olan bütün şəraitlər yaradılır. Axı onlar da bu millətin övladlarıdır. İnsanların hamısı eyni əqidədə, eyni düşüncə tərzində ola bilməz. Hər adamın, hər ziyalının öz fikri olsa daha yaxşı olar. Vətən müharibəsi dövründə həmin partiyaların sədrləri, üzvləri Ali Baş Komandamızın ətrafında sıx birləşdilər. Hər biri bu sahədə əlindən gələni etdilər. Ona görə də millət bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdi və biz qələbə çaldıq. Xalqımızın belə bir deyimi var: “El bir olsa dağ oynadar yerindən”. Mən 2000-ci ildə bəzi adamların çirkin əməllərinə görə ərizə yazıb, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı vəzifədən istehfa verdim. Amma indi fikirləşirəm ki, gərək həmin vaxtı hökmən Ulu Öndərlə görüşəydim və əsl həqiqəti ona deyəydim. O vaxtı məhz Ulu Öndər Heydər Əliyev mənə millət vəkilin pensiyasını almağıma köməklik etdi. Bu gün də həmin pensiyanı alıram.

-Eşitmişəm ki, siz həmin pensiyanın pulunu özünüzə xərcləmirsiz. Pensiyanı almağa başlayandan həmin pula Hacıqabulda çoxlu xeyriyyə işləri görürsünüz. Birinci və ikinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə, qazilərə əlinizdən gələn köməkliklər eləyirsiniz.

- Bəli, elədir. Həmin pulu mən ehtiyacı olan insanlara xərcləyirəm. Bundan əlavə də Hacıqabulda yeddi il əvvəl uşaqlar üçün oğlum Şəhriyarın təklifi ilə iki mini-stadion yaratmışıq. Özü də boş torpaq sahəsində. Oranı yararlı hala gətirib, göy otlardan qazonlar düzəltmişik. Ətrafında həmin şoran torpaqda çoxlu ağaclar əkmişik. İndi həmin ağaclar boy atıb və stadiona böyük yaraşıq verirlər. Bu iki mini-stadionda 200-dən artıq 5 yaş və ondan yuxarı yaşda olan uşaqlar gəlib pulsuz-parasız futbolla məşğul olur və məşq eləyirlər. Orada idmanla bağlı çoxlu qurğular da var. Boks və güləş üçün də yerlər tikdirmişik. Onu da vurğulayım ki, Azərbaycanın “Neftçi” komandasının uzun illər futbolçusu olmuş, əfsanəvi idmançı Anatoli Banişevski də Hacıqabuldu doğulub və bu şəhərdə böyüyüb. Futbolla da ilk dəfə burada məşğul olmağa başlayıb. Mən inanıram ki, bu uşaqlardan gələcəyin Banişevskiləri yetişəcək.

-Siz beş il bundan qabaq Kəbə ziyarətində də olubsuz və orada Azərbaycanla, millətimizlə bağlı dualar edibsiniz.

-Bəli, olmuşam. Orada Kəbənin qara daşına qrup üzvlərindən yalnız mən əlimi vurub, dualar eləmişəm. Kəbənin qara daşına yaxınlaşmaq elə də asan deyildi. Bu yolu da mənə Böyük Tanrı açdı. Həmin məqamla dağlı hətta şəkilim də var. Orada belə dedim: “Ay Allah mənə qismət elədin gəlib bu müqəddəs yerə çıxdım. Səndən diləyim budur ki, tezliklə Qarabağ torpaqlarımızı geri qaytarmaq üçün bizə kömək elə. Bundan sonra əhd eləyirəm ki, hər il Qurban günü beş qurban kəsdirəcəm. İmkanı olmayanlara göndərəcəm”. Əhdimə sadiqəm. Hər il Qurban günü qurban kəsdirib imkanı olmayanlara köməklik edirəm. Belə fikirləşirəm ki, ən böyük şərəf, nəcib əməllərinlə xalqın rəğbətini qazanmaqdır.

- Bilirsiniz ki, Rusiya hökuməti Ukraynaya hücum edib. Bu müharibədə çoxlu ukrayna vətəndaşı rus əsgərləri tərəfindən qətlə yetirilir. Dünya xalqları Rusiya hökumətinin bu faşist hərəkətini lənətləyir. Artıq 5 mliyondan çox ukraynalı öz evlərində didərgin düşüb və ayrı-ayrı xarici ölkələrə sığınıblar. Necə oldu ki, siz Ukraynanın Azərbaycanda olan səlahiyyətli səfiri Valadislav Vladimiroviç Konevskiyə müraciət elədiniz ki, həmin Ukrayna vətəndaşlarını Hacıqabulda olan evinizdə qəbul etməyə, onlara orada hər cürə şərait yaratmağa hazırsınız. Sizin bu təklifiniz səfir tərəfindən necə qarşılandı?

-Çox yaxşı qarşılandı. Mən səfir Vladislav Konevskini tanıyıram. Vətən müharibəsindəki qələbəmizdən sonra hansı ölkə bizə köməklik eləmişdi, mən həmin ölkələrin səfirlərini Hacıqabula dəvət eləmişdim. Həmin vaxtı Konevski Hacıqabula öz həyat yoldaşı ilə bizim evə qonaq gəldi. Qonaqpərvərliyimiz xoşuna gəlmişdi. Mənə “ana”,- deyə müraciət eləyirdi. Atam, rəhmətlik Aslan kişi Böyük Vətən Müharibəsində iştirak edib və Ukraynanı Alman faşitlərində azad eləyən vaxtı, orada 1943-cü ildə Lvov şəhərində yaralanıb. Atamın həyatını xilas etmək üçün bir ayağını kəsmişdilər. Babam, həmin vaxtı Hacıqabulda sayılıb-seçilən ziyalılardan olan Əliyar kişi ora gedib və yaralı atamı gətirib. O, deyirdi ki, “ukraynalılar Aslanın başına tovuz quşu kimi dolanırdılar ki, o, sağ qalsın”. Onların, orada işləyən, milliyatca ukraynalı olan həkimlərin, tibb bacılarının şəfqətli əlləri, qayğısı və diqqəti nəticəsində atam yaşadı. Sonra ailə qurdu. Biz 7 övlad dünayaya gəldik. Atam Aslan kişi həmişə Ukrayna xalqı haqqında xoş sözlər danışırdı və bizdə də uşaq yaşlarından həmin xaqa böyük hörmət, məhəbbət yaranmışdı. İndi müharibə gedən vaxtı anaların, uşaqların zirzəmilərdə qalmasını görürəm və ürəyim ağrıyır. Axı mən də anayam. Ona görə də Ukrayna səfirinə demişəm ki, 60 nəfərə qədər həmin anaları və uşaqlarını Hacıqabulda yerləşdirməyə və onlara lazım olan bütün köməklikləri eləməyə hazıram. Bizim nəsil Hacıqabulda böyük nəsildir. Biz də bütövlükdə həmin ukraynanılara kömək etməyə hazırıq. Mən bir ana kimi müharibənin əlehinəyəm. Rusların bu hərəkəti də böyük ədalətsizlikdir. İnsanlıqda da ədalətsizlik və zorakılıq daha dözülməzdir.

- Ulu Öndər Heydər Əliyevin də Ukrayna xalqına hörməti böyük idi. Hətta dahi rəhbərin ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə, məhz onun ideyası ilə Gürcüstan, Ukrayna, Azərbaycan Maldova respublikalarının ( GÜAM) bir alyansı yaranmışdı. O ittifaq bu gün də davam eləyir. İlham Əliyev də bu sahədə çox işlər görür. Vətən müharibəsi dövründə ukraynalılar da bizə çox köməkilk edirdilər. Deməli, biz də bu çətin gündə onların yanında olmalıyıq.

- Göydə bir Allahım və yerdə də bir oğlum var. O, qardaşımın ilk övladıdır. 1982-ci ilin may ayının 18-də anadan olub. O, hələ anasının bətnində olanda demişdim ki, oğlan olacaq və adını da elə indidən Şəhriyar qoyuram. Onu mən böyütmüşəm. Ulu Şəhriyarın şərəfinə Şəhriyar adı qoymuşam. Şəhriyar məndən də ürəyi geniş, məndən də əli açıqdır. İki ali təhsil alıb və yüksək təşkilatçıdır. Rayon caatına da yüksək səviyyədə köməklik edir. Rusların Ukraynada apardığı müharibəni o da pisləyir. Mən də onunla fəxr eləyirəm. İstəyirəm ki, millətimin bütün övladları belə bir tərbiyədə böyüsünlər. Xalqına, elinə, obasına belə canları yansın. Şəhriyara da rayonun idmanına və ictimai işlərinə böyük dəstəyə görə çoxlu Fəxri Fərmanlar veriblər. Vətən müharibəsi başlayanda gəlib dedi ki, “ay ana Haqıqabul Şəhər Xəstəxanasına çoxlu yaralılar gətiriblər. Azərbaycanın ayrı-ayrı bölgələrindən olan valideynləri övladlarına baş çəkməyə gəliblər. Amma yaxınlıqda çayxana olmadığına görə onlar hətta çay içə bilmirlər. Gəl həmin stadionda mən balaca bir çayxana yaradım, onlar gəlib orada pulsuz çay içsinlər, yemək yesinlər”. Həmin stadion xəstəxananın yanındadır. Oğlumun bu xeyirxah hərəkətinə çox sevindim . Şəhriyar da hər gün xəstəxanada yatan həmin əsgərlərə su, siqaret alıb verirdi və onların valideynlərinə də pulsuz çay və yemək təşkil edirdi. Bunu rayon camaatı da yaxşı bilir. Bir daha vurğulayım ki, otuz il mən Ulu Öndərdən idarəçilik, təşkilatçılıq dərsi almışam və onun məktəbini keçmişəm. Otuz ildir ki, bu dərsi, idarəçiliyi, təşkilatçılığı səbrlə övladıma aşılayıram. O, artıq böyük təşkilatlara rəhbərlik etməyə qadir insandır. Müstəqil respublikamızda Şəhriyar kimi savadlı, təşkilatçı gənclərə indi ehtiyac daha çoxdur.

-Sonda ən ümdə diləyinizi bilmək istərdik.

- Bəllidir ki, Ulu Öndər Heydər Əliyev Allahın millətimizə bəxş etdiyi dühalardan biridir. O dahi insan Azərbaycan xalqının nicatına çalışan və vətəndaş qırğınının qarşısını alan rəhbər idi. Onun davamçısı cənab İlham Əliyev də Qarabağ torpağımızı yağı düşmənlərdən azad etməklə həm atasının və həm də millətimizin arzusunu reallaşdırdı. Böyük filosof Esxil deyib ki, “insanda qüdrət və ədalət birləşərsə, bu ittifaqdan güclü heç nə ola bilməz”. Bax, bu qüvvət və ədalət, sevimli Prezidentimiz, Cənab İlham Əliyevdə birləşdiyinə görə o, dünya ölkələri rəhbərləri arasında ən güclü və ədalətli rəhbərlərin birincilərindən biridir. Xalqımızın gələcək daha uğurlu nicat yolu da məhz onunla bağlıdır. Deməli, xalqımız onun ətrafında daha sıx birləşməlidir.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə