Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ münaqişəsi regionun ən vacib problemidir” - MÜNASİBƏT

Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ münaqişəsi regionun ən vacib problemidir” - MÜNASİBƏT

ATƏT-in Minsk qrupunun (MQ) həmsədr ölkələrinin prezidentlərinin Dovil bəyanatında Dağlıq Qarabağ münaqişəsinin həlli daha aydın şəkildə ortaya qoyulub. SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 25-də Kazan şəhərində keçiriləcək görüşündə baza prinsiplərinin qəbul olunması bəyanatda aydın şəkildə qeyd olunur.

Politoloq hesab edir ki, ATƏT MQ-nin həmsədr ölkələri prezidentlərin Dovildə qəbul etdiyi bəyanat Ermənistanın mənafeyinə cavab vermir: "Prezidentlərin Dovil bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi sənədin imzalanmasına şərait yarada bilər. Eyni zamanda Dovil bəyanatını əvvəlki sənədlərdən fərqləndirən cəhətlər mövcuddur. Mətndə dəqiqlik, konkretlik var, tənzimlənmə planı daha aydın şəkildə ortaya qoyulub. Belə ki, hadisələrin inkişafı fonunda bəyanatdan irəli gələrək ilk növbədə baza prinsipləri qəbul olunacaq və bundan sonra gələcəkdə böyük sülh sazişinin imzalanması, yol xəritəsinin qəbulu ilə praktiki tənzimləmə başlaya bilər".

Mübariz Əhmədoğlu vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan və Ermənistanın deyil, bütövlükdə regionun taleyinə təsir edib: "Bildiyiniz kimi öz ərazisində mövcud olan münaqişəyə baxmayaraq regionda mövcud olan dövlətlərdən biri olan Gürcüstan da belə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi regionun ən vacib problemidir".

Kazan şəhərində sənədin imzalanması prosedurasının pozulması Ermənistan üçün həyatı zəruridir. Politoloq vurğulayıb ki, buna sübut isə Ermənistanın hərbi gücünün getdikcə zəifləməsi, onun KTMT və İranla apardığı siyasətdir. Həmçinin Dağlıq Qarabağın statusunun Azərbaycanın xeyrinə müəyyənləşməsi belə, daxildə müəyyən qüvvələri ciddi narahat edə bilər. Çünki DQ problemi boyda \"siyasi maşın\" əldən çıxır. "Azərbaycana təzyiq vasitəsi kimi başqa rıçaq yaradılmayıb",- deyə politoloq vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə