Paşinyan dalana dirənib - MÜSAHİBƏ

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin SİA-ya müsahibəsini təqdim edirik:

- Avropa İttifaqının, ABŞ-ın və digər beynəlxalq qurumların Cənubi Qafqazda indiki şəraitdə aktiv rol almaqda məqsəd nədir?
- Avropa İttifaqı artıq təşəbbüsü öz əlinə alıb. Onun bu təşəbbüsü yalnız Avropa dövlətləri deyil, ABŞ tərəfindən də dəstəklənir. Avropa İttifaqı ABŞ olmadan hər hansı ciddi qərar qəbul edə bilmir. Bu baxımdan Avropa İttifaqının tərəfsiz mövqeyinin şahidi oluruq. Amma aprelin 6-da Avropa İttifaqında olan görüşlərdən sonra Şarl Mişelin açıqlamasında Soçi görüşünün də müddəalarını təqlid etdiklərini və prosesin oradan başlandığı qeyd olunur. Bu, Rusiyanın könlünü almaq, bu məsələlərdə onun rolunu danmamaqdır. Bu addım Rusiyanı qıcıqlandırmamaq niyyəti güdür. Artıq Rusiya ATƏT-in Minsk Qrupunun ölü vəziyyətdə olduğunu etiraf etdi. Minsk Qrupu fəal olduğu dövrdə də azərbaycanlıları Qarabağdan daha çox uzaqlaşdırmağa xidmət edirdi.

- Brüssel görüşündən sonra Ermənistan tərəfi növbəti təxribatlara əl atmağa çalışır. Sizcə, razılaşmaların mürəkkəbi qurumamış ermənilərin bu cür siyasi təxribatları nəyə hesablanıb?
- Ermənistan rəhbərliyi Fərrux kəndi və bu kimi ərazilərin Azərbaycan torpağı olduğunu başa düşmək istəmir. Bu da sülh danışıqlarına maneçilik törədir. Sülh istəyənlər buna mane olanların hüququnu müdafiə etdikdə onlara inanmaq mümkün olmur. Sadəcə Paşinyan və onun komandası dalana dirənib. O, Türkiyənin müttəfiqi olan bir dövlətin ərazi bütövlüyünü tanımamağın Ermənistana baha başa gələcəyini açıqlayıb. Doğrudur, ağıllı fikirlər səsləndirsə də, altdan-altdan yenə də hiyləgərlik edir. Paşinyan Brüssel səfəri dövründə daha çox divident və müəyyən qədər güzəştlər əldə etmək üçün əhalinin mitinqə çıxmasına şərait yaratdı. Bu, erməni hiyləgərliyinin bir formasıdır. Onlar sülhə doğru gedərkən belə erməniliyindən əl çəkmirlər. Lakin Ermənistan sülh sazişi bağlamağa məcburdur. Əgər ağıllı addımlar atan bir dövlətdirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, ərazi iddialarından əl çəkməlidir.

- Fərrux kəndinin Azərbaycan və Ermənistan üçün strateji əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan üçün strateji əhəmiyyətli olan Fərrux kəndi ermənilər tərəfindən təhlükəli bir nöqtəyə çevrilmişdi. Azərbaycan ordusu bir güllə belə atmadan həmin yüksəkliyi və kəndi geri qaytardı. Rusiya sülhməramlılarının emosional yanaşmasına da bizim zabitlər ləyaqətlə cavab verdilər. Ermənilərin yalnız Fərrux deyil, Pirlər kəndindən qaçıb getdikləri məlum oldu. 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli sazişə əsasən ermənilər olduqları yerdə qalmalı və güc tətbiq etməməli idilər. Lakin Ermənistan öz təxribatlarından əl çəkmirdi. Buna da Rusiya sülhməramlıları şərait yaradırdı.

- Azərbaycanın Qarabağ erməniləri ilə bağlı maksimum güzəşti nə ola bilər?
- Azərbaycan dövləti öz vətəndaşına hansı imkanları nəzərdə tutubsa, onlara qarşı da o cür münasibət göstərəcək. Azərbaycan vətəndaşının dövlətdən əldə etdiyi hər bir imtiyaz həmin ermənilərə də şamil olunacaq. Amma həmin ermənilər arasından kimsə Azərbaycana qarşı vuruşub, qətliamlarda iştirak edibsə yenə də məsuliyyətə cəlb olunacaq.

- Azərbaycan prosesləri sürətləndirmək üçün hansı təsirli addımlar ata bilər?
- Hələki separatçı qüvvələr hər hansı bir əməkdaşlıqdan, ikitərəfli və ya üçtərəfli görüşlərdə təmasda olmaqdan yayınırlar. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, Qeyri Hökumət Təşkilatları çərçivəsində Azərbaycan-Ermənistan icması arasında görüşlərin keçirilməsinə üstünlük verilməlidir. Hesab edirəm ki, sərhədlər delimitasiya olunana və sülh sazişi imzalanana qədər ermənilər inadkarlıq göstərməyə davam edəcək. Ona görə də sülh sazişinə qədər təmkinli olmalı, provakasiyalara uymamalıyıq. Eyni zamanda, bu prosesləri mümkün qədər tezləşdirməliyik.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə