Ermənistan prinsipial mövqeyimizdən geri addım atmayacağımızı qəbul edib - POLİTOLOQ AÇIQLADI

Ermənistan prinsipial mövqeyimizdən geri addım atmayacağımızı qəbul edib - POLİTOLOQ AÇIQLADI

"Brüssel görüşü kifayət qədər əhəmiyyətlidir. Çünki Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsi üçün vasitəçilik missiyasının öz üzərinə götürməsi və belə bir təşəbbüslə çıxış etməsi onun göstəricisidir ki, post-müharibə dövrünün reallıqlarının qəbul etdirilməsində, eyni zamanda sülh quruculuğunun sürətləndirilməsində sadəcə regional dövlətlər deyil, eyni zamanda qlobal güclər də kifayət qədər maraqlıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, üçtərəfli görüşün ardından paylaşılan rəsmi bəyanatlar da onu göstərir ki, artıq danışıqlarda müəyyən razılıqlar əldə olunub və sülh müqaviləsinin imzalanması ilə bağlı prosesin başlanılmasına qərar verilib: "Təbii ki, bu da Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirilməlidir. Çünki daha əvvəl də Ermənistan tərəfinə təqdim olunan 5 prinsip var idi. Bu prinsiplərin əsasını Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması prinsipi təşkil edir. Ermənistan tərəfindən bu 5 prinsipin qəbul etdirilməsi sülh müqaviləsi ilə bağlı prosesin başladılması üçün əsas şərt hesab olunur.

Bu gün əgər, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanması ilə bağlı prosesin başlanılmasına razılıq veribsə, bu, onun göstəricisidir ki, artıq Ermənistan Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı olan prinsipial mövqeyimizdən geri addım atmayacağımızı qəbul edib. Azərbaycan tərəfinin qətiyyətli mövqeyi, eyni zamanda, beynəlxalq ictimaiyyətin vasitəçilik missiyasını öz üzərinə götürən tərəfllərin təsirlərin nəticəsində artıq Ermənistan həm üçtərəfli sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, həm də sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın rəsmi mövqeyindən irəli gələn tələblərin yerinə yetirilməsinə razıdır. Bu da prosesin başlanğıcının bir göstəricisidir. Təbii ki, bu, qısa bir dövrü əhatə etməyəcək. Növbəti mərhələdə kommunikasiyanın bərpa olunması və üçtərəfli sazişdən irəli gələn digər öhdəliklərin yerinə yetirilməsi ilə bağlı komissiyalar çərçivəsində işlərin davam etdirilməsi nəzərdə tutulur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə