Brüssel görüşü Azərbaycan Prezidentinin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirdi
Beynəlxalq güclər zaman-zaman Qarabağ münaqişəsinin həllini Ermənistanın xeyrinə həll etməyə çalışırdılar. Bu, təkzib edilməsi mümkün olmayan bir faktdır və bunun bədəlini beynəlxalq güclər deyil, son nəticədə Ermənistanın özü ödəməli oldu. Ermənilər anlamaq istəmədilər ki, gec-tez bu münaqişə aktiv fazaya keçəcək və böyük faciə ilə nəticələnəcək. Bu, əlbəttə, ilk növbədə, Ermənistandakı siyasət adamlarını düşündürməli idi ki, yaxın qonşunun torpaqlarını işğal etmək və bu əraziləri mənimsəmək planları yaxşı heç nə vəd etmir. Bütün 30 illik işğal dövründə Ermənistan anlamaq istəmədi ki, onun mühüm vəzifələrindən biri özünün başqalarının əlində olan müstəqilliyini geri alıb, işğalçılıq siyasətindən əl çəkmək və qonşularla dinc yanaşı yaşamaqdır.
Bir də işğalçı Ermənistan onu da bilməlidir ki, yalanın zaman baxımından bir ömrü olsa da, həqiqət əbədidir. Bəli, həqiqət əbədidir. Bu gün Azərbaycan dövlətinin diplomatik «Dəmir yumruq» siyasəti nəticəsində 20 faizdən çox torpaqlarımızı 30 il həsarətdə saxlayan, «Böyük Ermənistan» xülyasına, «24 aprel» stereotipinin ağ yalanlarına 44 gün ərzində son qoyuldu, əzə bildi. Bu, Azarbaycanın haqq yolu idi və həqiqət hər zaman yalan üzərində qələbə çalıb. Bu əzm xalq-dövlət birliyinin, inamının qələbəsidir, bu, Ali Baş Komandanın, Azərbaycan Prezidentinin «Dəmir yumruq» siyasətinin qələbəsi, xalq-iqtidar-ordu birliyinin həqiqətidir. Və bu qələbədə bütün şəhidlərimizin, Xocalı soyqırımı, 31 mart soyqırımı şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: «Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir, Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız». Bax, budur, həqiqət! Ancaq son hadisələr göstərir ki, hətta müharibədə rüsvayçı məğlubiyyətindən sonra belə bu ölkə yenə də müstəqil siyasi qərarlar qəbul etmək imkanlarından çox uzaqdır. Bu da ondan irəli gəlir ki, bu xalqın milli dövlətçilik tarixinin kökü olmadığı və məğlub olduğu üçün sülh müqaviləsinin şərtlərini qəbul etməli və razılaşmalıdır. Və bu gün Qarabağa hansısa statusun verilməsi ümumiyyətlə, mümkün deyil. Bunun heç bir siyasi və ya hüquqi əsası yoxdur.
AZƏRBAYCAN PREZİDENTİNİN İRƏLİ SÜRDÜYÜ SÜLH MODELİ TƏKCƏ AZƏRBAYCAN DEYİL, BÜTÜN REGİON DÖVLƏTLƏRİNİN TƏHLÜKƏSİZLİYİ VƏ İNKİŞAFI ÜÇÜN AÇAR ROLUNU OYNAYIR
Təsadüfi deyil ki, Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin təşəbbüsü ilə Brüsseldə 4 saat yarımdan artıq davam edən 6 aprel görüşündə əldə olunan razılaşmalar Vətən müharibəsindən sonra Prezident İlham Əliyevlə Şarl Mişel arasında baş tutan çoxsaylı görüş və telefon danışıqlarının doğurduğu nəticədir. Son proseslər göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Belə ki, ötən ilin iyulunda geniş nümayəndə heyəti ilə Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının Prezidenti ilə regionda davamlı sülhə və təhlükəsizliyə nail olunması istiqamətində aparılan danışıqlar, Azərbaycanın bölgənin gələcəyi ilə bağlı təşəbbüskar və obyektiv mövqeyi Aİ-nin prosesə qərəzsiz yanaşmasını təmin edən əsas amillərdəndir.
Prezident Şarl Mişel görüşlər zamanı gərginliklərin aradan qaldırılmasında yaxından çalışmağın, Ermənistan və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi və regionda yaşayan bütün xalqların faydası naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın təşviq edilməsinə Avropa İttifaqının sadiq olduğunu bildirib. Təsadüfi deyil ki, Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında “Dağlıq Qarabağ münaqişəsi”, “status” kimi ifadələrdən istifadə edilmədi. Digər tərəfdən, bəyanatda Fərrux kəndi ətrafında proseslərə də toxunulmaması göstərir ki, Avropa İttifaqı artıq qoşunların dislokasiya yerlərinin dəyişməsinə də Azərbaycanın daxili işi kimi yanaşır. Həmçinin, bəyanatda ATƏT-in Minsk qrupunun da adının çəkilməməsi də o deməkdir ki, bu strukturun həmsədrlik institutu faktiki olaraq tarixin arxivinə göndərilib. Görünən odur ki, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm yaranır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Digər mühüm şərt isə, Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmaslarının olmasıdır. Daha doğrusu, Prezident İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan Lider kimi qəbul olunur. Bu səbəbdən də beynəlxalq birlik 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir. Şarl Mişelin bəyanatından da göründüyü kimi, Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir və aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılığın əldə edilməsi əhəmiyyətli hadisədir. Bu komissiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi ilə məşğul olacaq.
PREZİDENT İLHAM ƏLİYEVİN ŞƏRTLƏRİ DƏYİŞİLMƏZ VƏ QƏTİDİR!
Öncə onu qeyd edək ki, bu formatda ilk üçtərəfli görüş ötən il dekabrın 14-də keçirilib və nəticə etibarilə Prezident İlham Əliyevlə Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar qurulub, telefon danışıqları olub. Ümumiyyətlə, bu görüşlər və danışıqlar İlham Əliyevin postmünaqişə dövründə Brüssel sülh gündəliyinin tərkib hissəsidir. Görüşdən əvvəl də qeyd edilirdi ki, tərəflər arasında bir çox məsələdə ümumi razılıq əldə oluna bilər. Amma bir məsələ hər kəsə bəlli idi ki, İkinci Qarabağ müharibəsinin qalib ölkəsi kimi Azərbaycan sülh danışıqlarına başlanılması və sazişin bağlanması istiqamətində vacib 5 şərtini artıq Ermənistana çatdırıb. Bu şərtlər: Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Sözsüz ki, bu, real faktordur ki, Prezident İlham Əliyev qalib komandan kimi yalnız bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə məğlub ölkənin rəhbəri ilə sülh müqaviləsini imzalaya bilər. Daha dəqiq desək, qalib Azərbaycan Prezidentinin təklifinə əməl olunarsa, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Brüssel görüşündə məğub ölkənin rəhbəri Nikol Paşinyanın Azərbaycanın irəli sürdüyü, regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib olan beş maddəlik təklifi də qəbul etməli idi və qəbul etdi də! Bir sözlə, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. Çünki Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Belə olan halda Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa məhkumdur.
AZƏRBAYCANIN MARAQ VƏ MƏNAFELƏRİNİ QƏTİYYƏTLƏ TƏMİN EDƏN QALİB LİDER
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış və Ermənistanın məğlubiyyətinin hüquqi-siyasi təsdiqi olan Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması məqsədilə Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ilk görüş Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə 2021-ci il yanvarın 11-də Moskvada, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilən növbəti üçtərəfli görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Mühüm olan həm də odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilən birgə görüşü bir daha respublikamızın öz milli maraq və mənafelərini qətiyyətlə təmin etdiyini göstərdi. Bu görüşün gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə siyasi sferada uğurla davam etdirən Azərbaycanın növbəti diplomatik nailiyyəti oldu.
Bundan bir gün sonra isə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Prezident İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri arasında qeyri-formal görüş keçirildi. Daha bir görüş isə videoformatda baş tutdu. Bu il fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş Vətən müharibəsindəki yeni reallıqlar fonunda bütün proseslərin respublikamızın maraqlarına uyğun cərəyan etdiyini göstərdi.
Bir sözlə, keçirilən bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə də inamla davam etdirir və aprelin 6-da Brüsseldə keçirilən görüş də bunu bir daha təsdiq etdi. Bu görüş göstərdi ki, Avropa İttifaqı da regionda sabitliyin yaranmasında maraqlıdır. Cənubi Qafqaz yaxın gələcəkdə Şərqlə Qərb arasında mühüm ticarət xəttinin əsas uzalaşma nöqtəsinə çevriləcək. Bu baxımdan, Aİ regionda təhlükəsizliyin, dinc yaşayış mühitinin formalaşmasında maraqlıdır və məsələnin tezliklə həll olunması istiqamətində çalışmağa hazırdır.
Beləliklə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçilyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bir araya gəldikləri ikinci Brüssel görüşü daha əvvəlki – 14 dekabr 2021-ci ildəki görüşün davamı deyil, həm də ölkələr arasındakı sülh gündəliyinin daha dərindən dəqiqləşdirilməsi baxımından əhəmiyyəti ilə seçildi. Bir sözlə, bütövlükdə Brüssel görüşü bir daha Zəfər diplomatiyasının təntənəsi olmaqla, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyinin məntiqi nəticəsidir. Görünən həm də odur ki, Avropa İttifaqı qalib Azərbaycanın regionda yaratdığı yeni reallıqları bölüşür.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB