Brüssel görüşündə hansı önəmli qərarlar qəbul olundu? - POLİTOLOQ ŞƏRH ETDİ
"Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilən son görüşdə xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, bu gələcəyin işidir, belə ki, sülh müqaviləsinin imzalanması üçün əvvəlcə gərək Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə: “Başqa sözlə desək Ermənistan ilk olaraq 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının tələblərinə uyğun olaraq Azərbaycanın bütün ərazilərindən erməni hərbi birləşmələrinin çıxarılmasını təmin etməli, sərhədlərin demorkasiya və delimitasiyası həyata keçirilməli, kommunikasiya əlaqələri bərpa edilməli, tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Yalnız bu şərtlərdən sonra sülh sazişinin imzalanması mümkündür. Elə dünən baş tutan görüşdə də məhz sülhə nail olmaq üçün həyata keçirilməli olan məsələlər müzakirə olundu və Avropa İttifaqının Azərbaycan, Ermənistanla üçtərəfli görüşündən sonra yaydığı bəyanatdan, eləcə də Aİ Prezidenti Şarl Mişelin görüşün nəticəsi olaraq jurnalistlərə verdiyi açılqmadan da məlum oldu ki, müzakirələrdə əsasən 2 məsələ ətrafında razılıq əldə olunub. Bunlardan biri 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması ilə bağlıdır. Bildiyiniz kimi 4 saat davam edən müzakirələrin nəticəsində Birgə Sərhəd Komissiyasının mandatı da razılaşdırılıb. Mandata uyğun olaraq komissiyanın vəzifəsi Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarətdir. İkinci məsəslə isə “Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpası” ilə bağlıdır. Aİ Prezidenti Şarl Mişel də dünən yaydığı bəyanatda açıq şəkildə rəhbərlik etdiyi ittifaqın bu məsələdə maraqlı olduğunu gizlətməyib. O, dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Başqa sözlə Avropa İttifaqı avtomobil yollarının açılmasını da zəruri hesab edir ki, bu da Azərbaycanın maraqlarına tam cavab verir.
Aİ-nin bəyanatından məlum olur ki, görüşdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyi bir daha təsdiq olunub. Bu məsələ də bizim üçün vacib idi və indi Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşdə yenidən təsdiqlənməsi müsbət addımdır. Belə ki, müvafiq bəyanat bir daha Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsinin vacibliyini ortaya qoyur. Bu o deməkdir ki, Ermənistan nəhayət ki, bəyanatın 4-cü maddəsinin tələblərinə əməl etməli və hərbi birləşmələrini Xankəndi və ətraf rayonlardan tamamilə çıxarmalıdır. Gördüyünüz kimi görüşdə razılaşdırılmış məsələlər məhz sülh sazişinin imzalanması üçün vacib olan məsələlərdir və sülhə gedən yol da məhz bu işlərin hansı şəkildə öz həllini tapacağından asılıdır. Başqa sözlə desək sülh sazişinin imzalanması Ermənistanın davranışlarından asılı olacaq. Əgər Ermənistan razılşadırılmış məsələlərin və üzərinə götürdüyü öhdəliklərin icrasını təmin edəcəksə o zaman XİN səviyyəsində sülh sazişinin hazırlanması da təmin ediləcək. Yox əgər Ermənistan indiyə qədər olduğu kimi yenə də öhdəliklərdən qaçacaqsa o zaman Azərbaycanın sülhə məcbur etmə əməliyyatlarını keçirməsi şərt olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB