Azərbaycan bütün addımları atıb - DEPUTAT AÇIQLADI

Azərbaycan bütün addımları atıb - DEPUTAT AÇIQLADI

"Azərbaycanın post-müharibə münaqişə mərhələsində əsas prioritet məsələlərdən biri yekun sülh sazişinin imzalanmasına nail olmaqdan ibarətdir. 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın imzalanmasından sonra müharibənin Azərbaycanın haqlı qələbəsi ilə bitməsindən sonra Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasının aparılması kommunikasiyaların açılması ilə ardıcıl təşəbbüslərlə çıxış etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi nümayiş etdirdi ki, bundan sonrakı mərhələdə münaqişəsiz regionun mövcud olması üçün əlindən gələni etməyə hazırdır: "Ermənistan tərəfi hər vasitə ilə yekun sülh sazişini imzalamaqdan boyun qaçırır. Bununla bərabər həmişə olduğu kimi riyakarlıq göstərərək yekun sülh sazişini imzalamağa hazır olduğunu bildirirdi. Amma ölkəmizə qarşı təxribatlarını davam etdirir, minalanmış ərazilərin xəritəsini vermirdi. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan ağır məğlubiyyət durumunu qismən yüngülləşdirmək uğrunda çalışır. Artıq mövcud olmayan münaqişənin tənzimlənməsi məsələsinin ATƏT-in Minsk Qrupu platformasında müzakirə edilməsi üçün cəhd göstərirdi. Hesab edirəm ki, bunu Ermənistan Qərbdən gələn təlimatlar əsasında edir. Çünki ATƏT-in Minsk Qrupunun digər iki həmsədri – ABŞ və Fransa münaqişənin mövcudluğu dövründə özlərinin də müvafiq olaraq Cənubi Qafqazda daha fəal iştirakını təmin edə bilirdilər. Artıq Azərbaycan öz hərbi gücü ilə münaqişəni tarixə qovuşdurdu. Düzdür hələ də torpaqlarımızda az sayda ermənilər qalmağa davam edir. Təbii ki, Azərbaycanın atdığı addımlar bütün ərazilərimiz boyu suverenliyimizin təmin olunmasını mütləq şərtləndirəcək. Ermənistan isə kənardan gələn təlimatlar əsasında yenidən ATƏT-in Minsk Qrupunu reabilitasiya etməyə çalışır. Halbuki ATƏT-in Minsk Qrupu 30 ilə yaxın bir müddətdə münaqişələrin dinc yolla tənzimlənməsi istiqamətində heç bir addım atmadı. Amma Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində torpaqlarını işğaldan azad etdi".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ötən ilin dekabr ayının 14-də Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə görüşü keçirildi: "Görüş zamanı Ermənistan sərhədlərin müəyyənləşdirilməsi üçün İşçi Qrupunun yaradılmasına razı olduğunu bildirmişdi. Lakin bu günə kimi bu istiqamətdə heç bir addım atılmayıb. Bütün bunlara rəğmən hesab edirəm ki, cənab Prezident İlham Əliyevin iştirakı ilə bu gün keçiriləcək Brüssel görüşündə Azərbaycan bir daha öz mövqeyini ortaya qoyacaq. Bundan sonrakı mərhələdə isə yekun sülh sazişinin əldə olunmamasına görə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Çünki Azərbaycan yekun sülh sazişinin imzalanması üçün bütün addımları atıb. Bundan əlavə cənab Prezident görüşdə 4 minə yaxın taleyi məlum olmayan azərbaycanlıların məsələsini də qaldıracaq. Ümumiyyətlə ölkə Prezidenti cənab İlham Əliyev ilə keçirilən hər görüş əhəmiyyətlidir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə