Formalaşmaqda olan yeni dünya düzəni – TƏHLİL

Formalaşmaqda olan yeni dünya düzəni – TƏHLİL

Rusiya və Ukrayna arasında olan qarşıdurma, müharibə bütün dünyanın diqqət mərkəzindədir və bu heç də təsadüfi deyil. Bunun da səbəbləri müxtəlifdir. Əvvəla, sözügedən müharibə çoxlu sayda insan tələfatına, yaşayış məntəqələrinin dağılmasına, şəhərlərin viran qalmasına, sağ qalan insanların sığınacaqlarda yaşamasına, məskunlaşmasına, bir sözlə çox çətin vəziyyətə, duruma səbəb olub. Digər tərəfdən də bütün dünya ictimaiyyəti, dünya dövlətlərinin qarışacağı təqdirdə üçüncü dünya müharibəsinin başlanması təhlükəsindən ehtiyatlanır. Bununla yanaşı, hər kəsi maraqlandıran yeni dünya düzəninin hanşı şəkildə formalaşacağıdır ki, bu da artıq get-gedə bəlli olur.

Əlbəttə ki, ilk gündən Rusiya, xüsusilə Vladimir Putin bu muharibədə tez bir zamanda böyük üstünlük qazanacağı qənaətində olsa da, bunun yanlış olduğu ortaya çıxdı və Rusiya tərəfi Ukraynanın güclü müqaviməti ilə qarşılaşmalı oldu. Bununla yanaşı Rusiyanın hələ də öz niyyətindən əl çəkmədiyi göz önündədir və müharibənin davam etməsi də bu səbəbdəndir. Əks halda ciddi sanksiyalarla qarşılaşan Rusiya qarşı tərəfin müqavimətini gördükdən sonra vəziyyətlə barışa bilərdi. Rusiya isə hələ də inad edir, sanksiyalara və bütün dünyanın qınağına məhəl qoymadan qarşıdurmanı davam etdirir. Belə olan halda Qərb öz nəticələrini çıxarmaq məcburiyyətindədir və dərk olunur ki, Rusiya nəyə isə güvənir, hansısa imkanlarına əmindir və deməli, müharibəni davam etdirməyə hələ gücü var. Belə bir güclə hesablaşmalı olan başda ABŞ, ardınca da Avropa ölkələri bu vəziyyətdə Rusiyanın çoxlu sayda qurbanlar verməsində, Rusiyanın nüfuzuna ciddi zərər dəyməsində maraqlı ola bilərlər və görünür elə maraqlıdırlar da. Belə olmasaydı Rusiya ilə tamamilə başqa dillə danışılar, yanan ocağın üstünə yanacaq deyil, su tökülərdi ki, sonsün, daha da alovlanmasın. Əgər belə edilmirsə, deməli məqsəd aydındır və Rusiyanın gücü də, inadı da öz əleyhinə yönəldilir. Elə edilir ki, Rusiya lideri öz inadkarlığı ilə rəhbərlik etdiyi dövləti tamamilə nüfuzdan salsın və nəticədə yeni dünya düzənində, gücü olsa belə nüfuzdan düşmüş bir Rusiya qalmış olsun.

Ukraynanın öz suverenliyini, müstəqilliyini qoruması, bunun üçün mücadilə etməsi başadüşülən, eləcə də təqdirəlayiqdir və bu məqsədlə aparlan, sonsuza qədər davam edən mübarizə yalnız alqışlana bilər. Lakin bu mücadilə, ali niyyət Qərb üçün həmişə olduğu kimi, yenə də maraq dairəsində deyil və məqsəd tamamilə başqadır. Qərb üçün demokratiyanın da, ali dəyərlərin də hər zaman bəhanə olduğu bu dəfə də öz təsdiqini tapdı. Əvvəlcə Ukraynaya dəstək olacağını bəyan edən və bu ölkəni müharibəyə sürükləyən ölkələrin qarşıdurma yaranan andan etibarən müşahidəçi mövqedə olduqları heç kim üçün sirr deyil və elə məsələnin mahiyyəti də bununla bəlli olur. Bəlli olur ki, məqsəd Ukraynanın suverenliyi, haqq-ədalətin təmin edilməsi deyil və heç vaxt belə bir məqsəd olmayıb da. Elə isə məqsəd nə idi və buna nail olundumu? Ümumiyyətlə, dünyanın hal-hazırki durumu, ümumi vəziyyət, geosiyasi mənzərə necədir və nədən xəbər verir?

Yaranan suallar həddindən artıq çoxdur və maraq doğuran məqamlar da saysız-hesabsızdır. Hər kəsi düşündürür ki, Rusiyanın prezidentinin, onun sözçüsünün, xarici işlər nazirinin və digər mötəbər şəxslərin müharibənin olacağı barədə bu qədər təkziblərinin ardınca Rusiya niyə müharibəyə başladı? Yaxud, niyə müharibə planlanıldığı təqdirdə ölkənin ən mötəbər adamlarından belə təkziblər gəlirdi? Bəs görəsən, Putin bu müharibəni başlatmaqla nə əldə etdi? Ümumiyyətlə, Rusiya nə isə qazana bildimi? Məsələ burasındadır ki, hadisələrin gedişi tamamilə başqa fikirlər söyləməyə əsas verir. Xüsusi olaraq, Rusiya kimi bir dövlətin daxilində böhranlı vəziyyətin yaranması diqqəti cəlb edir. Bu ölkənin iqtisadiyyatının nə qədər zəiflədiyi günün reallığıdır. Həmin ölkənin vətəndaşlarının vəziyyətinin də gündən-günə pisləşdiyi göz önündədir. Hətta oliqarxlar belə əhəmiyyətli dərəcə zərərlə, ziyanla qarşılaşıblar və heç də vəziyyətdən razı deyillər, buna da qarşıdırlar. Məhdudiyyətlər də ki, ruslara göz açmağa imkan vermir. Görəsən bu halda Putinin özünün vəziyyəti yaxşı ola bilərmi? Moskvada insanların narazılıqlarını ifadə etdikləri aksiyaları Putin istəyərdimi? Belə olan halda, Putinin bu müharibəni başlaması, sanksiyalarla qarşılaşdığı təqdirdə, zərərlə üzləşdiyi halda dayanmaması nə anlamı daşıyır? Bunun arxasında nə dayanır, siyasi texnoloqlar nələri planlaşdırıblar və nələr gözlənilə bilər?

Bir çoxları belə güman edirlər ki, Rusiya Çinə güvənir və bu ölkədən həm yardım umur, həm də gücünə, onunla münasibətlərinə arxalanır. Axı bütün dünya bütövlükdə Çinin inkişafını həzm edə bilmir, birmənalı olaraq özünə rəqib hesab edir və bunu da Çin tərəfi çox yaxşı bilir. Ola bilsin ki, politoloqlar bu məqama istinadən belə bir qənaətdədirlər, amma görünür yanılırlarmış. Əvvəla, müharibənin başladığı andan çox sayda gün keçib və Çin buna qarışmayıb, hansıki qarışsaydı bu mülahizənin doğru olduğu barədə barı düşünməyə dəyərdi. Məsələ burasındadır ki, Çinin özünə məxsus qayğıları kifayət qədərdir və Rusiyanın bu məqamda yada düşəcəyi inandırıcı deyil. Çinin öz suverenliyini bütün ərazisində təmin etməsi məsələsi var və ümid edilir ki, bəzi məsələlər Honq-Konq senarisinə uyğun olaraq həll ediləcək. Belə bir məqamda Rusiyanın mövqeyini müdafiə etmək çətin ki, Çin üçün hansısa mənada maraq kəsb edə bilər.

Artıq ortaya çıxır ki, Avropa İttifaqını və Qərbi Avropanı çətinliklər gözləyir və onlar qarşıda çiddi iqtisadi çətinliklərlə üz-üzədirlər, hansıki buna dözmək məcburiyyətindədirlər. Avropa İttifaqı geosiyasi məğlubiyyətlə üz-üzədir və görünür Makron da elə Avropa qüvvələrinin yaradılması ilə bağlı fikirləri əbəs yerə ortaya atmamışdı, hərçənd bunun da artıq bir dəyəri qalmayıb. Get-gedə kiçilməkdə olan Qərbi Avropa tez bir zamanda Amerikanın nəzarətinə keçir. Əslində, ABŞ öncədən bu mənada da maraqlı olub və göründüyü kimi istəyinə çatmaqdadır. Hər zaman Avropanı idarə etməyə çalışan ABŞ tezliklə buna nail olacaq. Məqsəd də dünyada hegomonluğunu təsdiq etmək, ən azından Qərb dünyasına başçılıq etməkdir. İstər Rusiyanın nüfuzdan salınması, istərsə də Avropanın siyasi cırtdana çevrilməsi, ümimiyyətlə, hadisələrin gedişi təsdiq edir ki, dünya artıq dəyişir və tamamilə başqa mənzərə, düzən ortaya çıxır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə