Azərbaycan Ordusu Qarabağda öz sözünü deyib və deyəcək! TƏRS BAXIŞ+AKTUAL

Azərbaycan Ordusu Qarabağda öz sözünü deyib və deyəcək! TƏRS BAXIŞ+AKTUAL

Rusiyadakı ermənipərəst anti-Azərbaycan isterikasına qarşı isə müvafiq cavablar verilməlidir!

Qarabağda erməni separatçılarının təxribatları və həmin təxribatlara qarşı Rusiya sühməramlı kontingentinin (RSK) görməzlikdən gəlməsi əvvəl-axır Azərbaycanın səbrini daşıracaqdı və gözlənildiyi kimi, belə də oldu. 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatındakı 4-cü əsas bəndin hələ də yerinə yetirilməməsi, yəni qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycanın suveren ərazilərindən çıxarılmaması, üstəlik, müxtəlif vaxtlarda silahlı təxribatların törədilməsi artıq “bıçağın sümüyə dirənməsi” amili ilə nəticəsini tapdı.

Əbəs deyil ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yaydı və orada bildirildi ki, məhz Ermənistan post münaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir açıqlamasında gündəmə gətirir.

“Məhz Ermənistan postmünaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir açıqlamasında gündəmə gətirir. Məhz Ermənistan üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Ermənistan bəyanatın 6-cı maddəsini pozaraq Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt beynəlxalq media tərəfindən də öz təsdiqini tapıb”, deyə bəyanatda vurğulanır".

Beləliklə, yaranan təhlükələrin aradan qaldırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri Ağdam ərazisini atəş altında qoyan, aparılan tikinti-quruculuq işlərinə ciddi maneələr yaradan erməni separatçılarını Fərrux dağından və Daşbaşı yüksəkliyindən qovub-çıxardı. Söz yox ki, bu proses davam edəcək və Qarabağın yerdə qalan ərazilərində də qalmaqda davam edən erməni silahlıları həmin ərazilərdən rədd ediləcəklər.

Rusiyanın Müdafiə Nazirliyi və RSK belə davam edilməyəcəyini bilməlidir!

Lakin təəssüfedici məqamlardan biri də budur ki, XİN-lə yanaşı, Azərbaycanın Müdafiə Nazirliyi də bəyanatlar səsləndirdi və məhz 4-cü bəndin icra edilməsindən yayınan, yaxud qəsdən həmin şərtləri icra etməyən RSK-ya dəfələrlə xəbərdarlıqlarını edərək qanunsuz silahlılara qarşı tədbir görülməsini tələb etdi.

Lakin bu tələb və çağırışlar da, sözün əsl mənasında, qulaqardına vurulurdu. Üstəlik, Ordumuz əməli fəaliyyətə keçən kimi RSK-nın Rusiyanın Müdafiə Nazirliyinə təqdim etdiyi bülletenində milli toponimlərimiz qəsdən erməniləşdirilir, olmayan “Dağlıq Qarabağ” adlı ərazi vahidinin adı çəkilir, Azərbaycanın Qarabağ regionu açıq-aşkar təhriflərə məruz qalır, eləcə də guya Azərbaycan tərəfinin üçtərəfli bəyanatın şərtlərini “pozması” barədə yalan, saxta məlumatlar verilirdi. Təəssüf ki, eyni hal hazırda da davam edir və belə də davam edə bilməz!

Rusiyanın telekanalizasiyalarında Delyagin isterikası – Azərbaycana qarşı “nüvə silahı işlətmək” (?!)

Və bütün bunların fonunda bu gün Rusiyanın info-kanalizasiyalarında da sırf erməni xislətinə söykənən, bu xislətdən əsla fərqlənməyən, açıq şovinizmə söykənən anti-Azərbaycan isterikası davam etməkdədir. Xüsusilə, 44 günlük müharibə zamanı Rusiyadan Azərbaycan əleyhinə fəaliyyət göstərən ictimai şəxslər, jurnalistlər və deputatlar yenidən öz boşboğazlıqlarını nümayiş etdirməyə başlayıblar.

Belə ki, bu dəfə Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycanı təhdid edib. O, Rusiyanın 1-ci dövlət kanalındakı çıxışı zamanı ölkəmizi aqressiyada günahlandırıb və buna qarşı sərt addımlar atılmağı zəruri hesab edib. Deputat hətta terror aktına işarə edib. Azərbaycan neft sənayesinə hərbi zərbə endirilmə ehtimalını dilə gətirib. Əlbəttə, belə şəxslərin “çənə döymələrinin” arxasında erməni maraqlarının dayanması kimsəyə sirr deyil və söz yox ki, bu gün Rusiyada fəaliyyət göstərən erməni iş adamları bu kimi deputatların ağızlarına sümük atmaqla nə isə əldə edəcəklərini düşünürlər. Ancaq məsələnin digər tərəfi budur ki, hələ mürəkkəbi qurumamış Azərbaycan-Rusiya müttəfiqlik bəyannaməsinin mövcud olduğu halda belə bir klounadanın nümayişi etimad və etibarlıq prinsipinə köklü zərbələr vurmağa başlayır.

Söz yox ki, Delyaginin məlum çıxışına qarşı müvafiq cavablar veriləcək və mümkündür ki, Kremldən, hətta Dumadan da ona hər hansı bir qulaqburması verilsin, amma bütün bunların yenidən təkrarlanmaması üçün ciddi addımların atılması zərurəti yaranmaqdadır.

Bu gün Rusiyadakı siyasilər bilməlidirlər ki, anti-Azərbaycan isterikası regionda yaranmış yeni geosiyasi şərtlərlə üst-üstə düşmür. Əgər Rusiyanın bəlli dairələri Azərbaycanı tək görürlərsə, burada da yanılırlar - Azərbaycanın bu gün Rusiya ilə normal münasibətlər qurmağa çalışan, bir sıra hallarda isə dəstəklərini göstərən Türkiyə kimi güclü müttəfiqi var. Moskvadakı Delyagin xarakterli sözbaz isteriklər bu reallığı dərk etməlidirlər. Və bu gün həmin Delyagin həddini aşmaqla Azərbaycana “nüvə zərbəsi” endirmək təklifini də səsləndirirsə, demək, onun həqiqətən də ağlı-başı yerində deyil.

Azərbaycanın rus icmasının rəhbəri, deputat Zabelin Delyaginə cavab verməlidir!

Yeri gəlmişkən, Rusiyadakı isterik deputatların Azərbaycana qarşı sərsəm fikir bildirmələrinə qarşı Azərbaycanda fəaliyyət göstərən rus icmasının rəhbəri, deputat Mixail Yuryeviç Zabelin tərəfindən kiçik cavab olsa belə verilmədi (?!). Axı həmin Delyagin məhz Zabelinin yaşadığı ölkəyə “nüvə zərbəsi endirməyi” tələb edib, məgər bu sərsəm fikrə qarşı sərt münasibətli cavabın verilməsinin vaxtı, zamanı deyilmi?

Beləliklə, bu gün istər Rusiyada, istərsə də digər hər hansı nöqtələrdə kimlərinsə nə demələrindən asılı olmayaraq Azərbaycan öz qəti addımlarını atmağa davam edir və əgər Qarabağda sülhün bərqərar olması üçün müvafiq öhdəliklər götürmüş hərbi-siyasi dairələr, misal üçün RSK işinin öhdəsindən gəlməyi bacarmırsa, Azərbaycan özü qısa zamanda və kifayət qədər təmiz şəkildə suveren ərazilərini qanunsuz erməni silahlılarından təmizləyəcək. Buna istər deputat Delyagin, istər aparıcılar Skobeyeva və Solovyov, istərsə də digər şübhə ilə yanaşa bilərlər, amma Azərbaycan xalqının qətiyyən şübhəsi yoxdur!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə