“Rusiya Müdafiə Nazirliyi müttəfiq Azərbaycana daha çox inanmalıdır” – Aydın Hüseynov

“Rusiya Müdafiə Nazirliyi müttəfiq Azərbaycana daha çox inanmalıdır” – Aydın Hüseynov

“Nəinki Fərrux dağı və Fərrux kəndi, o cümlədən bütün Qarabağ Azərbaycanın suveren ərazisidir. Azərbaycan Ordusunun bölmələri istədiyi vaxtda və istədiyi yerdə dislokasiya hərəkətləri edə, mövqelərini dəyişə bilər. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 9 noyabr bəyannaməsinin heç bir müddəası buna qadağa qoymur. Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda qanunsuz hərbi birləşmələr saxlaması, Rusiya sülhməramlılarının buna göz yumması isə bəyanatın 4-cü bəndinə tam olaraq ziddir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, üçtərəfli bəyanatın imzalanmasından artıq 16 aydan çox vaxt keçir: “9 noyabr bəyannaməsinin 4-cü bəndi ilə Rusiyanın Müdafiə Nazirliyi də tanış olmamış deyil. Orada açıq şəkildə yazılıb ki, Qarabağ ərazisindən Ermənistana məxsus silahlı birləşmələr çıxarılır və orada Rusiya sülhməramlıları müvəqqəti olaraq yerləşdirilir. Ötən bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələri bəyanatın bütün şərtlərinə əməl etdiyi halda Ermənistan bu sənədə məhəl qoymur, separatçı əməllərini davam etdirir. Əslində işğalçı dövlətdən bundan artığını da gözləmək əbəsdir. Yadınızdadırsa, 44 günlük Vətən müharibəsi başa çatandan 10 gün sonra Ermənistan yenidən Xocavənd rayonuna diversiya qrupları göndərmişdi. Ermənistan bir tərəfdən kapitulyasiya sənədinə imza atır, digər tərəfdən terrorçuluqla məşğul olur. Bu gün də Ermənistanın xəyanətkar əməlləri davam edir. Ağdam istiqamətində baş verənlər bunun bariz sübutudur. Erməni silahlıları sülhməramlıların gözü qarşısında təxribata əl atır, ərazidə tikinti, quruculuq işləri aparan silahsız insanların sərbəst fəaliyyətinə əngəl törədirlər. Rusiya Federasiyasının Müdafiə Nazirliyi separatçılara deyil, müttəfiqləri olan Azərbaycan dövlətinin rəsmi mənbələrinə inanmalıdırlar. Bizim Qarabağda müvəqqəti olaraq yerləşdirilmiş sülhməramlı kontingentin nümayəndələri ilə heç bir problemimiz yoxdur, problem separatçıların tör-töküntüləridir”.

Deputat diqqəti digər məsələyə də yönəldib: “Rusiya Müdafiə Nazirliyinin açıqlamasında təhriflərə yol verilir. Bütün terminlər rəsmi deyil, qeyri-rəsmi, əsasən də erməni separatçılarına istinadən yazılır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur, Qarabağ iqtisadi rayonu var. Kəndin adı Parux yox, Fərruxdur, eyni adlı dağ da Fərrux dağı adlanır. Amma Rusiyanın Müdafiə Nazirliyi hansı əsasla bu terminləri erməniləşdirir? Bütün bunlara baxmayaraq inanırıq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin edəcək, bölgədə uzunmüddətli sabitliyə tərəfdar olduğunu əməlləri ilə sübuta yetirəcək. Azərbaycan Ermənistana 5 bənddən ibarət sülh təklif edib. Həmin bəndlər bütün beynəlxalq normalara uyğun olaraq hazırlanıb. İşğalçı əməlləri sayəsində ağır məğlubiyyətə uğradılan Ermənistana və erməni xalqına bundan yaxşı sülh təklifi ola bilməz. Azərbaycanın sülhsevər siyasətini, bölgəyə sabitlik vəd edən 5 bəndlik sənədi dəstəkləmək əvəzinə separatçı əməllərini davam etdirən bir dövlətin yalanlarına istinad etmək müttəfiqliyə zidd addımlardır. İnanırıq ki, sağlam düşüncə, qarşılıqlı anlaşma bütün problemlərin həllində açar rolunu bundan sonra da oynayacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə