NATO Ukraynaya sülhməramlı missiya göndərə bilərmi? - SİYASİ EKSPERT AÇIQLADI

NATO Ukraynaya sülhməramlı missiya göndərə bilərmi? - SİYASİ EKSPERT AÇIQLADI

"Təəssüf ki, Rusiya və Ukrayna arasında gedən danışıqlardan müharibənin gələcəyi ilə bağlı ümidverici proqnoz vermək mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu məsələ barədə optimist olmaq üçün heç bir əsas yoxdur: "Çünki döyüş meydanında hərbi əməliyyatlar qızğın sürətlə davam edir. Kiyev demək olar ki, mühasirədədir. Eyni zamanda Ukraynanın cənub şəhərlərinə olduqca böyük zərbələr endirilməsi ilə bağlı məlumatlar yayılır. Hazırda aparılan danışıqların effektli olacağını demək çətindir. Həmçinin, bu danışıqların qısamüddətli yoxsa uzunmüddətli olması ilə bağlı qeyri-müəyyənlik var. Danışıqların üçüncü mərhələsi baş tutsa belə atəşkəsin elan edilməsi, humanitar dəhlizlərin açılması kimi sadə məsələlər həll olunmayıb. Doqquz humanitar dəhlizin açılması ilə bağlı razılıq əldə olunsa da onların fəaliyyəti ilə bağlı ziddiyyətli məlumatlar var. Hətta humanitar dəhliz olaraq elan olunmuş ərazilərdə də dinc sakinlərə zərbələr endirilir. Ona görə də sülhün əldə olunacağı ilə bağlı danışmaq hələ ki, mümkünsüzdür.

NATO-nun Ukraynaya sülhməramlı missiya göndərməsinə gəldikdə isə bunda heç bir problem yoxdur. Lakin atılan addımın nəticə verməsi ilə bağlı düşünmək lazımdır. Bu müharibənin yalnız Ukrayna ilə deyil, eyni zamanda, NATO ilə Rusiya arasında olduğunu nəzərə alsaq, sülhməramlı missiyanın Ukraynaya getməsinin vəziyyətə güclü təsir etməyəcəyini deyə bilərik. Bunun bir nəticə verəcəyini də düşünmürəm. Ümumiyyətlə, Ukraynada hərbi əməliyyatlar məntiqi sonluğa çatana qədər razılaşmanın əldə olunacağı inandırıcı deyil. Kiyev Rusiya hücumlarına qarşı müqavimət göstərdiyi və eyni zamanda Ukrayna hökuməti öz prinsiplərindən bir addım belə geri çəkilmədiyi müddətcə hər hansı sülh razılaşmasından danışmaq tezdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə