Novruz birlik, xoş niyyətlər və xoş arzular bayramıdır - TƏHLİL

Novruz birlik, xoş niyyətlər və xoş arzular bayramıdır - TƏHLİL

Mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzi olan Novruz bayramını qeyd edirik. Elimizə, obamıza Novruz gəlib. Yeni gün, yeni müjdə gəlib. İlıq nəfəsi ilə elimizə yaz gəlib. Yazın gəlişi ilə bütün canlı təbiət yenidən oyanıb. Soyuq qış günlərindən sonra yazın gəlməsi insanlarda böyük əhvali-ruhiyyə yaranıb. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Novruz bayramı haqqında müxtəlif rəvayətlərə, onun yaranması səbəblərinə, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrə yazılı nümnələrdə rast gəlirik. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Böyük mütəfəkkir Hüseyn Cavidin bahara həsr etdiyi şeirində Novruz bayramı belə təsvir olunur:

İştə novruz! Yetişdi fəsli-bahar.
Gəldi işrət zamanı, qardaşlar!
Nə gözəl bayram… Ah, nə xoş fürsət!
Sayılır əhli-zövqə bir nemət!..
Böylə şad gün düşərmi bir də ələ?
Keçirin beş gün ömrü ləzzət ilə.


Bu gün artıq müstəqil dövlətimizdə Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Bu bizimi milli dəyərlərimizə, adət və ənənələrimizə dövlətimiz tərəfindən verilən qiymətdir. Dövlətin milli-mənəvi dəyərlərimizə olan münasibəti onun prioritet istiqamələrdəndir. İslami, milli dəyərlərə yeni prizmadan baxış ictimai düşüncənin formalaşmasında özünü göstərir. Bu amillər zaman-məkan kontekstində həllini tapır. Müasir dünyada baş verənlər qloballaşma və inteqrasiya prosesində ölkəmizin uğurlu gələcəyini təmin etmək üçün tarixi köklərimizə söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək diqqət və qayğısı Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədinə istiqamətlənmişdir.
Xalqın etnik tarixi inkişafı bir çox maddi və mənəvi amillərlə tənzimlənən mürəkkəb bir prosesdir. Son illərdə Azərbaycanın milli-mənəvi mədəniyyətinin tarixi mənzərəsinə nəzər salaraq, onun əsas inkişaf vasitələrini üzə çıxarmağa çalışsaq, hər şeydən əvvəl, mövcud amillərin rol oynadığını görərik. Dünyada milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutub. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub-saxlaya bilmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq, əsrimizə və yeni yüzilliyə qədər gəlib çatmışdır.

"ÖZÜNDƏ İNSANLIĞA XAS ALİ DƏYƏRLƏRİ CƏMLƏŞDİRMİŞ BU BAYRAMIN UNESCO TƏRƏFİNDƏN ÜMUMBƏŞƏRİ İRSİN ŞAH ƏSƏRLƏRİ SIRASINA DAXİL EDİLMƏSİ HƏR BİRİMİZ ÜÇÜN İFTİXAR MƏNBƏYİDİR"

Ümummilli Lider Heydər Əliyevin ideyalarının qorunması və davam etdirilməsində rolu olan Heydər Əliyev Fondunun da bu istiqamətdəki məqsədyönlü fəaliyyətini qeyd etməliyik. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun sədri, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunmasında böyük əhəmiyyətə malikdir. Heydər Əliyev Fondu ölkənin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə Ümummilli Liderin zəngin irsindən bəhrələnərək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olur. Azərbaycanın məxsusi dəyərlərinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı planlı işlər həyata keçirir. Mehriban xanım Əliyevanın, bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən tədbirlər ölkəmizin dünya ictimaiyyətinə tanıdılması, xalqımızın maddi-mənəvi irsinin və milli adət-ənənələrinin təbliği sayəsində atılan ciddi addımlardır. Azərbaycan xalqının milli sərvəti olan muğam və aşıq sənətindən sonra, milli adət-ənənələrimizi özündə əks etdirən və öz orijinallığı ilə seçilən Novruz bayramımız 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş, 2010-cu il 23 fevralda isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və Beynəlxalq Novruz Günü elan edilməsi milli adət-ənənələrimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Bu, Azərbaycanın tarixiliyini, özünəməxsusluğunun dünyada işıqlandırılmasına və irsin bəşəriliyini ifadə edən faktor kimi ortaya qoyulması ilə səciyyələndi. Beynəlxalq çərçivədə qəbul edilən Azərbaycan milli xəzinəsi dünyanı təəccübləndirmək iqtidarındadır. "Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur", - deyən Cənab Prezidentin bildirdiyi kimi qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir: "Özündə insanlığa xas ali dəyərləri cəmləşdirmiş bu bayramın UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar mənbəyidir".

Hər il müsəlman dünyasının həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü və adət-ənənələrini özündə yaşadır. Bayramın qeyd olunmasına qədər, bildiyimiz kimi, dünyanın və insanın yaranması ilə bağlı müqəddəsləşdirilmiş Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Xalqın erkən düşüncəsində yaratdığı çərşənbələrlə bağlı ayin və etiqadları, adət-ənənələri yaşatmaq hər kəsin mənəvi dünyasının tələbatından irəli gəlir. Dörd Çərşənbənin qeyd olunmasının arxasında həqiqətlər dayanır. Folklorşünas alimlərin fikrincə, bu çərşənbələr insanın həyata gəlişi və həyatın canlanması ilə əlaqədardır. Novruz bayramı təbiətlə bağlı Su, Od, Yel, Torpaq ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edən bəşəriliyilə seçilir.

"NOVRUZ BAYRAMINI CIDIR DÜZÜNDƏ QEYD EDİRİK, TARİXİ ƏDALƏTİ BƏRPA ETMİŞİK"

Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Beynəlxalq ictimaiyyətin diqqət və maraq mərkəzində olan, Azərbaycan xalqının adət və ənənələrini, milli-ənənəvi xüsusiyyətlərini özündə əks etdirən, soydaşlarımıza və ölkə vətəndaşlarımıza sevinc bəxş edən Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Xalqımız bu gözəl bayramı gözəl nəticələrlə, yaxşı əhval-ruhiyyə ilə qarşılayır. Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin, xeyirxahlığın və birliyin təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa çağırır. Əsrlərin sınağından çıxan Novruz milli adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayram kimi əhəmiyyətlidir.

Azərbaycan xalqı artıq iki ildir ki, daha böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə bayramı qarşılayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Ötən il, işğaldan sonra ilk dəfə Prezident İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırması, tonqal ərafında səsləndirdiyi fikirlər düşmənə, onların havadarlarına daha bir mesaj oldu. Cənab İlham Əliyev müraciətində belə deyirdi: "Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik".

Bayram tonqalını alovlandıran Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər hər bir azərbaycanlıda qürur və iftixar yaratmış oldu.

Novruz bayramınız MÜBARƏK! Bu bayram hər bir ailəyə bol ruzi və sevinc bəxş etsin!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə