Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər hansı səviyyədədir? - POLİTOLOQ ŞƏRH ETDİ

Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər hansı səviyyədədir? - POLİTOLOQ ŞƏRH ETDİ

“Cənab Prezident İlham Əliyev ötən gün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələrini ölkəmizdə qəbul etdi. Ondan əvvəl isə Mastar şirkəti ilə Azərbaycan arasında enerjinin bərpa olunması ilə bağlı müqavilə imzalandı. Azərbaycan bərpa olunan ernerji ilə bağlı gələcəkdə kifayət qədər bir sıra işlər görəcək. Bildiyiniz kimi işğaldan azad olunmuş ərazilərimizdə yeni külək və enerji istiqamətində artıq işlərə başlanılıb. Ümumiyyətlə gələcəkdə Azərbaycan bu istiqamətdə şaxələndirmə siyasətinə üstünlük verəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev tədbir çərçivəsində qeyd etdi ki, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir. Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıb. Ölkə əhalisi artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpa olunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir: “Ümumiyyətlə son zamanlar Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında sıx təmaslar hiss olunmaqdadır. Bu münasibətlər onu göstərir ki, cənab Prezident planetin ayrı-ayrı regionları ilə bərabərhüquqlu və ikitərəfli əməkdaşlığın inkişafında maraqlıdır. Əlbəttə ki, Birləşmiş Ərəb Əmirlikləri həm zəngin enerji yataqlarına, həm də maliyyə vəziyyətinə görə dünyada sayılıb-seçilən dövlətlərdən biridir. Təsadüfi deyil ki, Ukrayna hadisələri fonunda hər iki dövlət, ABŞ və digər dövlətlər sıx şəkildə həm Səudiyyə Ərəbistanı ilə həm də, Birləşmiş Ərəb Əmirlikləri ilə sıx şəkildə əlaqəyə keçiblər. Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Azərbaycana verilən investisiyaların da sayı artmaqdadır.

Bildiyiniz kimi pandemiyaya qədər Birləşmiş Ərəb Əmirliyi tərəfindən Azərbaycana səfərlər olunurdu. Lakin pandemiyadan sonra turizm sahəsində də gediş-gəlişin artacağına şahid olacayıq. Ümumiyyətlə Azərbaycan və BƏƏ arasında sıx biznes əlaqələri də mövcuddur. Düşünürəm ki, Yaxın Şərqin önəmli dövlətlərindən olan BƏƏ ilə Azərbaycan arasında münasibətlər artan xəttlər üzərində inkişaf edəcək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə