Ucarda şəhid Ağamusa Abdullayevin anım mərasimi keçirilib FOTOLAR

Ucarda şəhid Ağamusa Abdullayevin anım mərasimi keçirilib FOTOLAR

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova, rayon incəsənət məktəbinin direktoru Könül Kərimova, rayon fəallarının bir qrupu və ailə üzvlərinin iştirakı ilə rayonun Şəhidlər Xiyabanında naməlum əsgərin məzarı önündə 21 avqust 1993-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində itkin düşmüş Abdullayev Ağamusa Qədir oğluna doğum günü münasibətilə anım günü keçirilmişdir. Tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmiş, məzarların üzərinə tər çiçəklər düzülmüş, ruhlarına dualar oxunmuşdur. Rayon təşkilatının sədri Şəhla Abdullayeva itkin şəhid Ağamusa Abdullayev haqqında məlumat verərək bildirdi ki, Ağamusa Abdullayev 06 mart 1957-ci ildə Ucar rayonunun Alpı kəndində anadan olmuşdur. Ağamusa Abdullayev ailədə 3 qardaş, 2 bacı arasında ailənin böyük övladı olub. Anası Telli Abdullayeva ərazidə yerləşən 26 Bakı Komissarı kolxozunda kolxozçu, atası Qədir Abdullayev Ucar dəmiryolu stansiyasında fəhlə işləyib. Ağamusa Abdullayev Alpı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 1975-ci ildə gecə orta məktəbini bitirmişdir. 11 noyabr 1975-ci ildən 22 noyabr 1977-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmişdir. Ordu sıralarından tərxis olunduqdan sonra Estoniya LKGİ göndərişi ilə Tallin şəhərində tikintiyə göndərilmişdir. Daha sonra Pyarnuskiy rayonunun Audru kəndində heyvandarlıq kompleksində işləmişdir. Kompleksin kollektivinin zəmanəti ilə 05 dekabr 1980-ci ildə Pyarnuskiy rayon daxili işlər şöbəsində milis nəfəri kimi işə başlamış və 11 oktyabr 1985-ci ilədək burada çalışmışdır. Daha sonra Azərbaycan Daxili İşlər Nazirliyinə dəyişdirilmiş ,01 yanvar 1986-cı il tarixdən 21 dekabr 1987-ci ilədək Bakı şəhərində milis nəfəri işləmiş və 21 dekabr 1987-ci il tarixdən Ucar rayon polis şöbəsinə dəyişdirilərək kiçik kinoloq vəzifəsində xidmətini davam etdirmişdir. Yaxşı xidmətinə görə milis baş serjantı rütbəsi, "Usta" məharət dərəcəsi verilmişdir. Qarabağın azadlığı uğrunda mübarizədə Ucar rayon polis şöbəsində yaradılmış dəstənin tərkibində sonuncu dəfə 20 avqust 1993-cü il tarixdə Füzuli rayonuna getmiş, 21 avqust 1993-cü il tarixdə Qaraxanbəyli kəndində yaralanmış və itkin düşmüşdür. Ağamusa Abdullayev ailəli idi. 2 qız, 1 oğul övladı böyüyüb, ailə sahibidirlər. Ocağında 7 nəvə böyüyür. Rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova, rayon İncəsənət Məktəbinin direktoru Könül Kərimova, YAP fəalı Yusif Məmmədov çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının heç vaxt unudulmayacağını bildirdilər. Şəhid Ağamusa Abdullayevin həyat yoldaşı Cəmilə Abdullayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə