Martın 10-da Azərbaycan Respublikası Milli Məclisinin altıncı çağırışının ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib. Dövlətimizin başçısı altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib. Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin altıncı çağırışının ilk iclasında söylədiyi nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi. Dövlətimizin başçısı Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər apardı. Milli Məclis qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və inkişaf dinamikasına əsaslanan, ölkəmizin quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etməsinin vacibliyini vurğulayan cənab Prezident İlham Əliyev bildirmişdir: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.
Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxunub. Dövlətimizin başçısı vurğulayıb ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Prezident İlham Əliyev qeyd edib ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. Dövlət başçısı beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına, beynəlxalq təmsilçilik məsələlərinə diqqətin zəruriliyini vurğulayaraq qeyd etmişdir: “O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Demokratiyadan dərs vermək istəyənlər özləri cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər.” Sonda Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğulayıb.
Xəyalə Eminova
Xəzər rayonu, 124 nömrəli tam orta məktəbin direktor müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB