YAP-ın VII qurultayı partiyanın və ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoyub
Partiyamız bu gün regionumuzun ən böyük siyasi təşkilatı olaraq bir sıra əhəmiyyətli, qlobal məsələlərdə söz sahibi kimi çıxış edir
Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nüfuzu davamlı olaraq artır. Sıralarında 800 mindən çox vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi bunun bariz nümunəsi, real təsdiqidir.
Ulu Öndər Heydər Əliyev ideologiyasının tərənnümü və tarixi reallığı əsasında yaranan və artıq 30-cu ildönümünə doğru inamla addımlayan YAP bu gün də öz uğur və tərəqqi sözünü deməkdədir. Məhz Azərbaycan xalqının və dövlətinin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, xalqımızın həmrəyliyi və dönməzliyi sayəsində, ölkəmizin ən çətin məqamlarında yaranan YAP bu gün regionumuzun ən böyük siyasi təşkilatı olaraq bir sıra əhəmiyyətli, qlobal məsələlərdə söz sahibi kimi çıxış edir.
Prezident İlham Əliyev: “Biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik”
Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.
Eyni zamanda, qeyd edə bilərik ki, YAP Azərbaycanın milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Ölkəmiz mühüm strateji təklif və təşəbbüslərlə çıxış edir, qətiyyətli mövqeyini davam etdirir və bütün bunlar qalib Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar fonunda baş verir. Həmçinin həmin nailiyyətlər regionda, türk dünyasında və qlobal miqyasda yüksək dəyərləndirilir.
Qlobal problemlərlə mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsində YAP-ın rolu böyükdür
Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağı da bu baxımdan əlamətdardır. Bu, cənab İlham Əliyevin müdrik Lider, qətiyyətli dövlət başçısı və Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsinin, Onun qlobal problemlərlə mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələrinin, Türk Şurası, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində ümumbəşəri xarakter daşıyan təşəbbüslərinin dünya miqyasında olduqca yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.
44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb
Ümumiyyətlə, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Bu baxımdan, xüsusilə qeyd etmək olar ki, tarixi Qələbəmizdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın ötən ilin 5 mart tarixində baş tutmuş VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur.
Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb etmişdir
Ümumxalq partiyasına çevrilən YAP-ın fəaliyyətinin səmərəliliyini təmin edən vacib faktorlardan biri də partiyanın davamlı islahatlar çərçivəsində təkmilləşməsidir. Xüsusilə, partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Xüsusi vurğulamaq olar ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YAP-ın 2013-cü ildə keçirilmiş V Qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII Qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, partiyamızın və dövlətimizin daha da güclənməsinə xidmət edən şərəfli, həmçinin mötəbər hadisədir. Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb etmişdir və şübhəsiz ki, Onun birinci müavin kimi fəaliyyəti ölkəmizin və partiyamızın daha da güclənməsinə xidmət edəcəkdir.
Qurultayda partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə imkan yaradacaqdır. Şübhə yoxdur ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar fonunda dövlətin qətiyyətli siyasətinə, xalqın həmrəyliyinə paralel olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və yeni strateji zirvələr fəth etməsinə layiqli töhfəsini bundan sonra da verəcəkdir.
Muxtar NAĞIYEV,
YAP Səbail rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB