Zərifə Quliyeva: “YAP Azərbaycanı zirvələrə aparan yolun mayakıdır” MÜNASİBƏT

Zərifə Quliyeva: “YAP Azərbaycanı zirvələrə aparan yolun mayakıdır” MÜNASİBƏT

“Yeni Azərbaycan Partiyasının VII qurultayında qeyd olunduğu kimi, YAP novatorluq siyasəti ilə öz işini uğurla davam etdirir, partiya üzvləri ölkə qarşısında dayanan mühüm problemlərin həllinə məsuliyyətli vətəndaşlıq hissi ilə yanaşırlar”. Bu fikirləri SİA-ya “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib.

İctimai Birliyin sədri xatırladıb ki, ötən il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayının keçirilməsi həm də zərurətdən irəli gələn reallıq idi: “Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, regionda yaranan reallıqlar, mühüm layihələr bölgəyə yeniliklər gətirməklə əməkdaşlığın yeni formatlarını şərtləndirdi və eyni zamanda, Azərbaycanın müəllifi olduğu qlobal diplomatiya gerçəkliyi yeni çağırışlara yol açdı”.

“O cümlədən, cənab Prezident, partiyamızın Sədri İlham Əliyev respublikamızın son 17 illik inkişaf tarixinə nəzər salaraq ölkəmizin dayanıqlı siyasi, iqtisadi inkişafında iqtidar partiyasının qarşıya qoyduğu hədəflərinə nail olduğunu da xüsusilə qeyd edib”, deyən Zərifə Quliyeva bildirib ki, məhz aparılan ardıcıl, əməli işlər sayəsində beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib: “44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpası isə xalq-iqtidar birliyinin təntənəsi olaraq qiymətləndirilir”.

“Lakin biz bu yerdə Ulu Öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu müstəqil Azərbaycanın inkişafı və tərəqqisi barədə də çoxsaylı faktlarımızı önə sürə bilərik”, deyən Zərifə Quliyevaya görə, əbəs deyil ki, partiyanın yaranmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan cənab İlham Əliyev daim onu da qeyd edir ki, ölkədə demokratiyanın inkişafı, dövlətçiliyin təkmilləşdirilməsi, hüquqi bazanın möhkəmləndirilməsi, vətəndaş həmrəylinin möhkəmləndirilməsi məhz onun – Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi misilsiz, tarixi xidmətlərinin bəhrələridir: “Ulu Öndər Heydər Əliyevə üz tutaraq ölkəni parçalanmaqdan qurtarmağını xahiş edən ziyalıların fədakarlığını YAP-ın VII qurultayındakı çıxışında xatırladaraq, yüksək qiymətləndirən Prezident İlham Əliyev “Mən bu gün bir daha o vaxt bu milli maraqları hər şeydən üstün tutan “91-lər”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər” sözlərinə əlavə olaraq vurğulamışdı ki, onları Azərbaycan xalqı unutmamalıdır. O, bir Prezident kimi hər zaman veteran YAP-çıların fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Yalnız ona görə yox ki, həmin insanlar Heydər Əliyevə müraciət ediblər, ona görə ki, həyatlarının təhlükədə olmasından qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular”.

“Bu gün xalqımız Ulu Öndər Heydər Əliyev siyasi ideologiyasını uğurla davam etdirən Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşməklə öz sarsılmaz həmrəylinini nümayiş etdirir”, deyən İctimai Birliyin sədri hesab edir ki, Azərbaycanın siyasi, iqtisadi inkişafının davamlılığı, respublikada ictimai-siyasi sabitliyin təmin olunması, ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsi, o cümlədən, gender bərabərliyinin inkişafı, uğurlu qadınlar siyasəti YAP-ın əsas hədəflərindəndir: “YAP, Azərbaycanı zirvələrə aparan yolun mayakıdır. Belə ki, Azərbaycanda keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanaraq xalqın etimadını doğruldan partiyanın sıralarının genişlənməsi bu partiyaya ümumxalq məhəbbətindən, Prezident, YAP-ın Sədri cənab İlham Əliyevə əbədi etimaddan irəli gəlir”.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə