Türkiyə Kiyevin xahişini nəzərə alacaqmı? ANALİTİK+AKTUAL

Türkiyə Kiyevin xahişini nəzərə alacaqmı? ANALİTİK+AKTUAL

Montryö Konvensiyası Ankaranın əlindədir

Məlum olduğu kimi, Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Ankaradan Kiyevin maraqları naminə boğazları Rusiya gəmiləri üçün bağlamağı xahiş edib. Lakin belə olan halda sual yaranır: Montryö Konvensiyası çərçivəsində həqiqətənmi boğazları bağlamaq mümkündür? Eyni zamanda, bu sualdan daha bir sual da doğur: Ukraynanın bu xahişini yerinə yetirmək, yəni Bosfor və Daedanel boğazlarını bağlamaq adıçəkilən Konvensiyanın vəziyyətini aktual edirmi?

Xatırladaq ki, Montryö Konvensiyası 1936-cı ildə imzalanıb və burada məq səs Qara dənizə, eləcə də Qara dəmizə aid olmayan ölkələrə çıxış etmək üçün gəmilərin tonnaj rejiminə nəzarət etməkdən ibarətdir. Həmçinin, Konvensiyada bir sıra detallar var, lakin diqqəti məhz Türkiyənin həlledici məqamlarda qərar vermək hüququna yönəldərək növbəti nəticələrə gələ bilərik:

Belə ki, ilk növbədə, Konvensiyaya görə, istənilən gəmi boğazdan keçə bilər, lakin Türkiyənin istər müharibə edən tərəflərin gəmiləri üçün, istərsə də irimiqyaslı müharibə təhlükəsi yarandığı halda boğazları bağlamaq hüququ mövcuddur. Konvensiyanın 20 və 21-ci bəndləri məhz Türkiyənin hərbi əməliyyatlar zamanı son qərar vermək hüququna malik olmasını əks etdirir 2, 4,6-cı bəndlər isə ticari məqsədli gəmilərə aiddir.

Montryö Konvensiyasında nə deyilir?

1. Müharibə vaxtı:

Türkiyə münaqişə tərəfi deyilsə, istənilən bayraq altında və istənilən yüklə ticarət gəmiləri boğazlardan sərbəst keçə bilər. Türkiyə müharibəyə cəlb olunarsa, Ankaranın müharibə aparmadığı dövlətlərin ticarət gəmiləri düşmən tərəfə yardım etməmək şərti ilə boğazlardan sərbəst keçə bilər. Bu cür gəmilər gündüz saatlarında boğazlara girə və Türkiyə hakimiyyətinin göstərdiyi marşrutlar üzrə dəniz yollarından keçə bilər. Döyüş gəmilərinin keçidi tamamilə Türkiyə hökumətinin qərarından asılıdır.

2. Müharibə qaçınılmaz olanda:

Bu halda, ticarət gəmiçiliyi ilə bağlı müddəalara da əməl edilir, lakin gəmilərin gün ərzində boğazlara daxil olması və Türkiyə hakimiyyətinin göstərdiyi marşrutlar üzrə keçməsi şərti ilə.

Döyüş gəmiləri ilə bağlı qərarı ölkə hökuməti verir. Beləliklə, Türkiyə münaqişədə fəal iştirak etməsə belə, hərbi gəmilərin keçidini qadağan edə bilər.

Konvensiyanın digər mühüm məqamı Türkiyəyə Qara dənizdə gəmilərin məcburi tonnajı ilə bağlı tənzimləməni dayandırmaq imkanı verilməsidir. Yəni müttəfiqlərin hərbi gəmiləri Türkiyə təminat verdiyi hüquqdan yararlanarsa, Qara dənizə girə bilər.

Ukraynanın tələbi həyata keçirilsə, bu, Türkiyə üçün də fəsadlara səbəb ola bilər

Beləliklə, bəndlər və müddəalar analiz edilərkən belə nəticəyə gəlmək olar ki, Türkiyənin Montryö Konvensiyasında göstərilən prinsiplər çərçivəsində boğazları bağlamaq imkanı var. Lakin belə olan halda siyasi məhdudiyyətləri də unutmaq olmaz.

Birincisi, Türkiyə Konvensiyaya kifayət qədər həssas yanaşır və onun tələb etdiyi qaydalarına riayət edir. Çünki Ankara da yaxşı bilir ki, bu saziş Qara dənizdə təhlükəsizlik və sabitliyin mühüm komponentidir. Əgər Ankara Kiyevə “hə” deyərdə o zaman digərləri üçün də eyni addımı armalı olacaq. Daha dəqiq desək, NATO Qara dənizdə hərbi gəmilərini yerləşdirmək qərarına gələrsə, bu, mümkün olmayacaq. Yaxud, Türkiyə öz hüququndan sırf Ukrayna ilə bağlı istifadə edərsə, Rusiya buna etiraz etməsi ilə yanaşı, hətta Türkiyəni neytrallığa riayət etməməkdə ittiham edə bilər.

İkincisi, Rusiyanın Qara dənizdə yerləşdirilməsi prosesi başa çatıb. Etiraf edək ki, Rusiyanın Qara dəniz donanması Ukraynanın blokada vasitəsilə dənizə çıxışını məhdudlaşdıracaq qədər güclüdür. Bundan əlavə, Rusiyanın Xəzər donanmasının qüvvələri ilə Volqa-Don kanalı vasitəsilə Qara dəniz donanmasını gücləndirmək imkanı var.

Beləliklə, boğazların bağlanması Rusiyanı hərəkətsiz vəziyyətə gətirmək üçün əbəs vasitə olardı. Ancaq Ankaranın da siyasi iradəsi burada çox şeyi həll edir. Bu baxımdan, Türkiyə də öz növbəsində, neytrallığını qorumağa çalışmağa davam edəcək. Yox, əgər NATO münaqişədə iştirak etmək qərarına gələrsə və bunu rəsmən bəyan edərsə, yəqin ki, Ukraynaya təkcə Türkiyədən deyil, həm də digər ölkələrdən balanslı dəstək göstəriləcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə