Xanəndəlik məktəbinin böyük ustadı Əlibaba Məmmədov haqq dünyasına qovuşdu ŞƏRH

Xanəndəlik məktəbinin böyük ustadı Əlibaba Məmmədov haqq dünyasına qovuşdu ŞƏRH

Mehriban xanım Əliyeva: "O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi"

Səs dünyasının sultanı kimi bu mülkdə yer tutan sənətkarlar zamanın nidası, hökmü ilə adlarını əbədiləşdiriblər. Bu sənətkarlar elə bir zirvədədirlər ki, əsrlərin daşlaşmış yaddaşından səslər eşidilir. Bu gün Azərbaycan muğam sənətinin nüfuzlu simaları dünya miqyasında Azərbaycan muğam sənətini təbliğ edərək bu sənəti nadir əsər tək tamaşaçılara çatdırırlar. Məhz onların səsinin gücüdür ki, bu gün Azərbaycan muğamı dünyanı fəth edib. Bu sənətin qocaman, yaşlı, gənc sənətkarları hər zaman öyrənir, öz üzərlərində çalışır və Azərbaycan muğamını çoxsaylı tamaşaçıya təqdim edirlər. Azərbaycan muğam sənətində dəsti-xətti ilə seçilən xanəndə, bəstəkar, xalq artisti, Prezident təqaüdçüsü Əlibaba Məmmədovun da sənət dünyasında xüsusi yeri var və olacaqdır. Zəmanəmizin canlı əfsanəsi olan Əlibaba Məmmədov bir ömürlük yolda sənət ziravəsini fəth edərək səsi ilə milyonların sevimlisinə çevrildi. Zəngin repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədov muğamsevərlərin böyük rəğbətini qazandı. Sənətkarın böyük şairlərimizin şeirlərinə sözlə musiqinin uğurlu vəhdətində bəstələdiyi çox sayda mahnı və təsniflər dillər əzbəri oldu və dinləyicilərin qəlbində silinməz iz qoydu.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı rəsmi instaqram səhifəsində etdiyi paylaşımda deyilir: "Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

Bəli, Əlibaba Məmmədov Azərbaycan muğam sənətinin mahir ifaçısı, əvəzsiz xanəndə idi. Qosqoca yaşında belə ifa etdiyi muğamlara vurduğu naxışları ilə səs dünyasının bütün boyalarından məharətlə istifadə edirdi. Muğam sənətinə olan vurğunluğu, ifası belə insanın diqqətindən kənarda qalmırdı. O səsinin rəngi ilə sanki bir dünyanın işıqlı tablosunu yaradırdı. Ən böyük rəssamın vurduğu naxışlar qədər onun ifasında Azərbaycanın patlitrası əksini tapırdı. Böyük sənətkar idi Əlibaba Məmmədov. 92 yaşında dünyasını dəyişən Əlibaba Məmmədov böyük sənət yolu keçdi. Sənət yollarında muğam dünyamıza yeni-yeni naxışlar vurdu. Bu naxışlar Əlibaba Məmmədovun daxili dünyasından köçüb sənət dünyamıza bənzərsiz naxışlarla sənət çələngini hörüb. Təcümeyi-halına nəzər salarkən görürük ki, o, 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutmuşdur. Xalq artisti "İnandır məni", "Yaşa hələ", "Sən gərək güləsən", "Səni gözlər" kimi məşhur mahnıları səsləndirib.

Özünəməxsus bir ömür yolu keçib. Orta məktəbi bitirdikdən sonra muğama olan sevgisi onu 1956–1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinə gətirir. Burada məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili alır, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnir.

Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdində yaratdığı "Hümayun" xalq çalğı alətləri ansamblına otuz il boyunca rəhbərlik edir. O, eyni zamanda, 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti kimi fəaliyyət göstərib.

Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşmış, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirmişdir.

Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən, yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs demiş, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılamışdır. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adına layiq görülmüşlər. Muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihə və proqramlarda yaxından iştirakı Əlibaba Məmmədovun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində çoxillik səmərəli fəaliyyətinin ayrılmaz parçasıdır.

Xanəndə böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab" və başqa muğam - dəsgahlarına möhrünü vurub. Dövlətimiz tərəfindən ömrünü sənətə həsr edən belə insanlara qayğı davamlıdır. Azərbaycanın əməkdar artisti, Xalq artisti fəxri adlarını alıb. "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun evində qonaq olması hər kəsin xatirindədir. Mehriban xanım Əliyevanın Əlibaba Məmmədovu ziyarəti sənət xadimlərinə verilən böyük qiymətdir. Əlibaba Məmmədovun bununla bağlı təəssüratlarını öyrənmək məqsədi ilə "Səs" qəzeti olaraq onunla əlaqə saxlayarkən o, bu ziyarətin gözlənilməz olduğunu bilirmişdi. Dövlətimiz tərəfindən hər zaman muğam sənətinə, bu sənəti yaşadanlara böyük diqqətin olduğunu vurğulamışdı. Mehriban xanım Əliyeva kimi bir şəxsiyyətin, insanın evində qonaq olması onu çox qürurlandırmışdı. Əlibaba Məmmədov Mehriban xanım Əliyevanın Azərbaycan milli musiqisinin, muğamının qorunmasındakı xidmətlərindən də danışmışdı. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyini bildirmişdi böyük, ustad xanəndə. Fond tərəfindən "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunu nəfis şəkildə nəşr etmişdir. Albomda 24 virtuoz muğam ifaçısının səsləndirdiyi muğam parçaları qədim və zəngin mədəniyyətimiz barədə dinləyicilərdə geniş təsəvvür yaradır.

Xanəndəni ziyarət zamanı Mehriban xanım Əliyeva o zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verildiyini diqqətə çəkərək bildirmişdi ki, yəqin ki, yadınızdadır, bizim milli sərvətimiz olan muğamın qorunmasına yönəlmiş bir layihə idi, siz böyük yardım göstərdiniz və bu illər ərzində sizin dəstəyinizlə, iştirakınızla birlikdə böyük işlər gördük: "Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəsti-xəttiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir. Onu da qeyd etmək istəyirəm ki, siz Azərbaycanın milli-mənəvi ənənələrinin daşıyıcısısınız. Ona görə də böyük hörmətə malik olan bir insansınız. Mən sizinlə ünsiyyətdə olanda özüm üçün hər dəfə nəsə yeni bir şey aşkar etmişəm, öyrənmişəm".

Azərbaycanın Birinci vitse-prezidenti "Sizin yaradıcılıq irsiniz Azərbaycan xalqının mədəni irsidir. Əlbəttə, biz bunu saxlamalıyıq, qorumalıyıq" fikrinin ifadəsi sənətkarın yaradıcılığına verilən böyük qiymətdir. Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus yeri, xidmətləri olan ustad xanəndələrdən olan Əlibaba Məmmədov uzun və zəngin yaradıcılıq yoluna malikdir.

"Muğam millətin ruhudur" - deyən Ə.Məmmədov ruhu heç vaxt öldürməyin mümkün olmadığını bildirirdi. Sözügedən ziyarət zamanı xanəndə ölkəmizdə həyata keçirilən uğurlu inkişafı da diqqətə çəkərək son illərdə görülən işlərə nəzər salmışdı: "Baxın, görün, Azərbaycan o Azərbaycandır, Bakı o Bakıdır?... Bilirsiniz, mən siyasətçi deyiləm, mən muğam ifaçısıyam, azdan-çoxdan şeiriyyət bilirəm, bir də muğamat bilirəm. Başqa bir şeylə işim yoxdur. Amma gözüm görür də, vallah. Bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözləri də yoxdur? Baxmırlar, görmürlər ki, nə işlər görülür? Xalqımızın adından, musiqiçilərin adından, öz adımdan deyirəm ki, var olun, dünyada nə gözəl şeylər var hamısı Sizə qismət olsun".

Ə.Məmmədovun Mehriban xanım Əliyevaya "Siz çox xeyirxah adamsınız. Çox xeyirxah işlər görürsünüz, zəmanəmizin Hacı Zeynalabdinisiniz" – deyə bildirməsi əbəs deyildi. Mehriban Əliyevanın genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti bu fikirdə bir daha təsdiqini tapır.

Ömrünün ahıl çağını yaşayan muğam ustadı, təsniflərimizin mahir ifaçısı, Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətkarı Ə.Məmmədovun Azərbaycanın Birinci Xanımının sənət və sənətkarlara, xüsusilə də Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdiyi bu diqqəti hədsiz sevincinə səbəb olmuşdur. Bu ziyarət onun həyat yoluna salınan daha bir naxış oldu.

Böyük sənət yolu keçmiş görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Əlibaba Məmmədov dünyadan köç etdi. Mahir ifası, sənətkara məxsus dəsti-xətti, eləcə də öz ağıryana siması ilə yaddaşlarda iz buraxaraq, haqq dünyasına qovuşdu.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə