Xocalı sakinləri ilə görüş keçirilib

Xocalı sakinləri ilə görüş keçirilib

YAP Ağcabədi rayon təşkilatı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq, Ağcabədi şəhəri 556 saylı köçkün qəsəbəsində məskunlaşan Xocalıdan olan şəhid ailələri, qazi və sakinlərlə görüş keçirib.

Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc Xocalı əhalisinə divan tutması, uşaqlara, qadın və qocalara rəhm etmədiklərini, uzun müddət düşmənə mətanətlə sinə gərmiş Xocalıda misli görünməmiş qətliam törətdiklərini qeyd edib. Bildirib ki, 44 gün davam edən və Qələbə ilə başa çatan şanlı müharibə nəticəsində xocalıların qanı yerdə qalmamışdır.

Tədbirdə Xocalı sakini Qəmər İsmayılova, şəhid bacısı Abzaəndə Səfərova çıxış edərək, onlara göstərilən dövlət qayğısına görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirib, Ali Baş Komandan və müzəffər Ordumuzun sayəsində şəhid olan əzizlərinin qanı alındığını söyləyiblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağcabədi rayon nümayəndəsi Hafiz Mehdiyev çıxış edərək, Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Xocalı sakinlərini yaddan çıxarmadıqlarını və onlarla görüşə gəldikləri üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə və rayon təşkilatının əməkdaşlarına minnətdarlığını bildirib.

Görüşün sonunda Xocalıdan olan şəhid ailələrinə, qazi və həssas təbəqədən olan bir qrup Xocalı sakininə ərzaq yardımı edilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə