Muxtar Nağıyev: “Azərbaycan və Rusiya arasındakı münasibətlər yeni müttəfiqlik səviyyəsinə yüksəlir” AÇIQLAMA
“Moskvada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalamaları bütövlükdə regionumuza ola biləcək təhdidlərin və təsirlərin aradan qaldırılmasına öz münbit, real töhfələrini verəcək”. Mövzu ilə bağlı bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən mühgaribəsində zəfər qazanmış Azərbaycanın çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə münasibətləri uğurlu əsaslara söykənir: “Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Eyni zamanda, Azərbaycan xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Bütün bunlar, ilk növbədə, dövlət başçımızın iradəsi hesabına əldə olunub. O cümlədən, biz bu reallığı Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli qərar və addımlarında da gördük”. “Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar da bunu təsdiq edir”, deyən Muxtar Nağıyev vurğulayıb ki, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir: “Artıq deyə bilərik ki, Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bir neçə məqama diqqət yetirək: Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu xüsusilə qabardılır. Eyni zamanda, Moskva Bəyannaməsinin ana xətti həm də ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Bütün bunlar isə Azərbaycanın qalib ölkə olması ilə yanaşı, həm də regional və dünya əhəmiyyətli dövlət olduğunu kifayət qədər təsdiq etmiş olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB