Azərbaycanın Rusiya ilə münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni reallıqlara əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin daha da genişlənməsinə gətirib çıxarır. Fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımızın bildirdiyi kimi, "Bizim görüşlərimizin intensivliyi əlaqələrimizin inkişafının dinamik xarakter daşımasına parlaq sübutdur. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb."
Dövlətlərarası siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Müstəqillik dövründa iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir. "Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır", - deyən Cənab Prezident 245 sənədin imzalandığını diqqətə çatdırıb. Bu sənədlərin sırasında imzalanmış Bəyannamənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq".
Moskvada imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə dünya mətbuatının, eləcə də Yaponiyanın kütləvi-informasiya vasitələrinin diqqət mərkəzindədir. Belə ki, Yaponiyanın nüfuzlu JIJI PRESS agentliyinin, "Sankei" qəzetinin, "kobe-np.co.jp", "ajmedia.jp", "msn.com/ja-jp" və "minpo.jp" saytlarının yaydığı məlumatlarda Azərbaycan və Rusiya liderlərinin imzaladığı son bəyannamə və həmin sənədin imzlanmasından sonra mətbuata bəyanatlarla çıxışları barədə ətraflı məlumat verilir. Yapon və ingilis dillərində yayılan məlumatlarda yeni sənədin tərəflər arasında bir çox sahələrdə, o cümlədən hərbi-siyasi sahədə yeni əməkdaşlığın daha da möhkəmlənəcəyinə təkan verəcəyi qeyd edilir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə əlaqədar müzakirələrin davam etdiriləcəyinə dəstək göstəriləcəyi bildirilir. Yeni sənədin postsovet məkanında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açdığı diqqətə çəkilir.
BƏYANNAMƏ İKİ ÖLKƏNİN QARŞILIQLI ƏLAQƏLƏRİNİN VACİB SAHƏLƏRİNİ ƏHATƏ EDİR
Vurğulamaq yerinə düşər ki, 4 aprel 1992-ci il tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr qurulmuşdur və həmin ildə hər iki dövlətin qarşılıqlı olaraq səfirlikləri açılmışdır. Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan bu sənədin ölkələrimiz üçün, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün müsbət əhəmiyyəti olacaq.
"Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə"nin imzalanması tarixi əhəmiyyətli sənəddir. Bəyannamə iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir. Bu sahələrdən biri də humanitar sahədir. "Bu sahə həmişə prezidentlərin diqqət mərkəzindədir", - deyə bildirib. Azərbaycanda rus ədəbiyyatına və mədəniyyətinə böyük maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları açılıb. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. "Biz demək olar ki, bu sahənin inkişafına müvafiq impuls veririk" deyən Prezident bildirib ki, Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır: "Ölkəmizdə Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Akademiyasının filialları fəaliyyət göstərir və biz əməkdaşlıq potensialını artırmaq niyyətindəyik".
Cənab Prezident onu da bildirib ki, biz bu il Bakı Humanitar Forumunun müntəzəm keçirilməsini də bərpa etməyi planlaşdırırıq: "Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və keçiriləcək Forumda pandemiya səbəbindən fasilə yaranmışdı".
Sözü gedən Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi, bir-birinin maraqlarının qarşılıqlı hörmət təməlləri üzərində qurulması baxımından əhəmiyyətlidir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə