Azərbaycan Rusiya ilə yüksək səviyyədə münasibətlərə malikdir - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan Rusiya ilə yüksək səviyyədə münasibətlərə malikdir - DEPUTAT ŞƏRH ETDİ

"Cənab Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına rəsmi səfərə gedib. Bu səfərdə əsas məqsəd bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalamasıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, iki dövlət başçısının görüşündə həm siyasi, həm iqtisadi, həm ticarət, həm də humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərinin də müzakirə olunması gözlənilir: "Digər vacib bir məsələ Azərbaycan və Rusiya arasında 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli bəyanatların icrası, o cümlədən bölgəmizdə iqtisadi və nəqliyyat xətlərinin bərpası, sərhədlərin delimitasiya və demarkasiya məsələləri, sülhməramlılarla bağlı məsələlərin hər biri geniş şəkildə müzakirə olunacaq. Rusiya bizim yaxın qonşumuzdur.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Rusiya ilə yüksək səviyyədə münasibətlərimiz başlayıb. Cənab Prezident də uğurla, keyfiyyətcə yeni formada bu münasibətləri davam etdirir. Hətta burada iki ölkə prezidentlərinin şəxsi münasibətlərindən də danışmaq olar. Bu hər bir siyasətdə vacib məsələlərdən biridir. Ümumiyyətlə bu görüş və müttəfiqlik haqqında bəyannamənin imzalanmasını Azərbaycanın beynəlxalq siyasətdə uğurları kimi saymaq olar. Azərbaycan Rusiya ilə ikitərəfli yüksək səviyyədə münasibətlərə malikdir. Azərbaycan ilə Rusiya arasında imzalanacaq müttəfiqlik bəyannaməsi bu münasibətləri zirvəyə çatdıra bilər. Bildiyimiz kimi Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Həmin insanların orada mənafeyinin qorunması bu müqavilə ilə daha da zirvəyə qalxacaq. Ümumiyyətlə cənab Prezidentin xarici siyasətində əsas prioritet məsələlərindən biri ikitərəfli, çoxtərəfli münasibətlərdə Azərbaycanın milli mənafeyinin qorunmasıdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə