Münasibətlərdə əsası qoyulmuş dinamika bu gün davam etdirilir - SİYASİ EKSPERT AÇIQLADI

Münasibətlərdə əsası qoyulmuş dinamika bu gün davam etdirilir - SİYASİ EKSPERT AÇIQLADI

"Azərbaycan-Polşa münasibətləri tarix boyu dinamik bir proses keçib. Azərbaycanın müstəqilliyi 1995-ci ilin sonlarında Polşa tərəfindən tanınıb. Bu proses iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində rol oynadı". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Polşa arasındakı münasibətlər tarixə və ənənəyə söykənir: "Azərbaycan dövləti ilə Polşa dövləti arasında olan münasibətlər bir növ ilkin mərhələyə qədəm qoymuş və bu günlərə qədər gəlib çıxmışdır. Bu gün Azərbaycanda Polşa ilə bağlı çox böyük tarixi, mədəni arxitektura nümunələri var. Hansılar ki, bunlar iki ölkənin münasibətlərinin hərtərəfli inkişaf xarakteri almasında və bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində böyük rol oynadı. Çünki Azərbaycanda demokratik cümhuriyyətin vaxtında Polşa ilə davam etdirilən əlaqələr Bakıda Polşa ilə bağlı mühüm mədəni incəsənət irsinin formallaşmasına səbəb oldu.

Polşa ilə Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olması həmçinin böyük perspektivlər vəd edir. Artıq iqtisadi, mədəni, turizm, ticarət sahələrində Polşa-Azərbaycan münasibətlərində əsası qoyulmuş dinamika bu gün davam etdirilir. Eyni zamanda Azərbaycanın Avropa strukturları ilə inteqrasiyasında da Polşa öz dəstəkçi rolunu oynayır. Demək olar ki, Azərbaycanın Avropa Birliyində, Avropa Şurasında müəyyən fəaliyyətlərinə Polşanın dəstəyi hər zaman hiss olunur. Polşa Azərbaycanın Avropa ilə inteqrasiya prosesində söykənə biləcəyi tərəfdaşlardan biridir və tərəfdaşlıq hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində mühüm rol oynayacaq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə