Qərblə Rusiya arasında qalan Ermənistan - TƏHLİL

Qərblə Rusiya arasında qalan Ermənistan - TƏHLİL

Qərbin, xüsusən də Avropa İttifaqının Ermənistana azca nəzər salması fonunda bu işğalçı ölkədə əks qütb aktivləşməyə başlayıb. Onsuz da qarışıqlıq üçün bir bəhanə axtarılan Ermənistanda növbəti aksiya üçün sanki movzu tapılıb. Bir növ, hadisələrin gedişatı zamanı Rusiyayönlü qüvvələrin fəallığı artmağa başlayıb. Təbii ki, bütün bu artan fəallıqlar, yaradılan qarışıqlıqlar əbəs yerə də deyil və bu, işğalçı ölkənin siyasi mənzərəsi barəsində müəyyən təsəvvürlər yaradır.

Rusiyayönümlü qüvvələrin Avropa Birliyinin Ermənistandakı ofisi qarşısında etiraz aksiyası keçirməsini Ermənistan cəmiyyəti Kremlin sifarişi hesab edir. Ermənilər bunu da onunla izah edirlər ki, əks halda Sarkisyanın Respublikaçılar Partiyası ön sıralarda olmazdı. Yeri gəlmişkən, aksiyanın lideri və əsas nitq edəni Sejikin sadiq adamı, Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan olub və ermənilər özləri bunu da təsadüfi hesab etmirlər. Əlbəttə ki, bu işğalçı ölkə vətəndaşları Serjikin bu zamana qədər nə oyunlardan çıxdığını hamıdan yaxşı bilirlər və çox güman ki, onu bütün qarışıqlıqlarda ittiham etmələrinin də əsaslı səbəblərini özləri dərk edirlər.

Aksiya iştirakçıları bəyan edirlər ki, Avropa İttifaqı son vaxtlar Ermənistanda çox pis siyasət yürüdür, burada bir çoxları əvvəlcə səfir təyin edilir, sonra isə təqaüdə göndərilir. Onlar hesab edirlər ki, nə əvvəlki səfir onlar üçün maraqlı olub, nə də indiki. “Avropa dəyərlərini təmsil etmək, Ermənistanda qondarma demokratiyanı təbliğ etmək əvəzinə, bütün bunları məhv edən və indiki rejimin xidmətçisi olan adamları Ermənistana təyin etməyi dayandırın”, deyə aksiyaçı ermənilər tələblə çıxış ediblər. “Gedin evinizə”, şurları səsləndiriblər əslində onların qovulması tələbi ilə çıxış ediblər. Deməli, Avropaya, Qərbə qarşı nifrət və antipatiya açıq şəkildə Ermənistanda bəyan edilir və bundan azca da olsa çəkindikləri belə görünmür. Səbəb də bəllidir və indi bu ölkə Qərblə Rusiya arasında qalıb.

Demokratiyadan dəm vuran Ermənistanda demokratiya adına bir şey belə yoxdur və heç zaman olmayıb da. İndi ermənilərin demokratiya barədə pafosla səsləndirdilərinə yaşal, uydurma demək belə azlıq edir. Çünki, demokratiyadan əsər-əlamət bu ölkədə görünməyib və işğalçılığı dövlət siyasəti hesab edən ölkədən bundan artığını gözləməyə də dəyməz. Xatırlayırıq ki, Sarkisyanın dövründə Ermənistanda vəziyyət bundan da artıq, tamamilə acınacaqlı idi və demokratiya kimi bir sözün, ifadənin belə mövcud olmadığı heç kim üçün sirr deyil. Bu ifadə sanki ermənilərin leksikonunda belə olmamışdı o zaman. Çünki, Serjikin hakimiyyəti illərində bu işğalçı ölkədə kriminal-oliqarxiya hökmranlığı hökm sürürdü ki, onun dövründə hakimiyyət əhalinin əsas hissəsinin yoxsullaşması fonunda inanılmaz dərəcədə varlanırdı. Yəni, 2008-ci ilin fevral-mart aylarındakı qanlı hadisələr nəticəsində hakimiyyətə gələn Sarkisyandan başqa nəsə gözləmək də sadəlövhlük olardı.

Vəziyyət hal-hazırda Ermənistanda bir az da mürəkkəbdir. Bu ölkədə ara qarışıb, məzhəb itib və qüvvələr bir-birilərini ittiham edirlər. Heç nə olmasa belə, biri digərini rusiyayönümlü, yaxud qərbyönümlü olaraq ittiham edir, özünə düşmən sayır. Əlbəttə ki, Koçaryanların, Sarkisyanların, indi də Paşinyanların rəhbərlik etdikləri ölkədən bundan artığını da gözləmək mənasızdır. İndi də Ermənistandakı rusiyapərəst qüvvələr Avropa İttifaqı səfirinə ona görə üz tutublar ki, o, indiki hakimiyyətlə əməkdaşlıq edir və məhz ona görə Andrea Viktorin onlara “xidmət etməkdə” ittiham olunur. Bir haşiyə çıxmaq istərdik ki, Rusiya səfiri Kopırkin də hakimiyyətlə eyni şəkildə əməkdaşlıq edib, amma “keçmiş”dəkilər ona qarşı heç bir ittiham irəli sürmürlər. Sözsüz ki, bu başa düşüləndir və Kremldəki ağaları bunun üçün onları “incidə” bilər.

Maraqlıdır, bəs Rusiyanın beşinci kolonundan olan yoldaşlar, niyə kimisə tənqid etməyə indi cəsarət edirlər? Sözsüz ki, bu vəziyyətdə Avropa İttifaqına olan banal intiqam hissi də mövcuddur. Xatırladaq ki, Andrea Viktorin ötən il Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində müxalifətin tərəfini tutmayıb və seçkilərlə bağlı hesabat da hazırlayıb, hansıki orada qeyd edib ki, ATƏT müşahidəçilərinin fikrincə, qısa müddət ərzində seçkilər rəqabətli və ümumilikdə yaxşı təşkil olunub. Deməli, erməni müxalifəti çoxdan yanıqlı imiş və indiki şəraiti münbit hesab edərək səsini bərkdən çıxarır.

İndi rusiyapərəst qüvvələrə etiraz edən Viktorini Ermənistanda ümumbəşəri və Avropa dəyərlərinə xələl gətirməkdə ittiham etmək dildə çox asandır. Amma gəlin görək, bu və ya bu kimi dəyərlər nə vaxtsa Ermənistanda olubmu? Yaxud, Köçəryanın, Sarkisyanın, yaxud hansısa birinin dövründə var idimi? Qətiyyən olmayıb. Olması da mükün deyil, çünki bu ölkənin təməli düz qurulmayıb və işğalçılığı dövlət siyasəti hesab edən ölkə barəsində hansısa dəyərlərdən danışmaq çox gülüncdür. Ona görə də bu barədə qışqırıb yaxalarını cıran ermənilər yaxşı-yaxşı fikirləşsinlər ki, belə gülünc görünməsinlər. Yox əgər elə hesab edirlər ki, onlar nə istəsələr edə bilərlər və onlar gülüş hədəfi olmağa öyrəncəlidirlər, o zaman buyursunlar, necə deyərlər, “itin dişi, donuzun dərisi”.

Təbii ki, Kremlin nökərlərinin bu xaos içərisində olan ölkədəki əsəbilikləri başadüşüləndir. İndi Serjik və onun adamları qorxu içindədirlər ki, Ermənistan Rusiyanın təsir orbitindən çıxa bilər. Bunu düşünməyə əsas da görürlər. Xüsusilə, Paşinyanın “Demokratiya Sammiti”nə dəvət alması və onun bu tədbirdə iştirakı bir çoxlarının kürkünə birə salıb və sözügedən nökərlər ağalarının himayəsindən məhrum olmaq qorxusu yaşayırlar. Onlar görürlər ki, Paşinyan Qərbdən ona gələn bütün siqnalları açıq şəkildə qəbul edir və seçim etməyə də hər zaman hazırdır, hansıki bu, hər kəsə bəllidir. Deməli, istənilən anda Nikol onları “sahibsiz” qoya bilər və bunun üçün maneçilik belə olmadığını hər bir erməni bilir. Bunu qəbul edənlər də var, etməyənlər də, amma hər bir halda fikir ayrılıqları mövcuddur və bu da ölkədəki xaosu bir az da dərinləşdirir.

Bir sözlə, Qərblə Rusiya arasında qalan bir ölkə kimi Ermənistan müəmmalı durumdadır. Doğru seçim etmək, daha dəqiq desək, inkişaf, tərəqqi yolunu seçmək, iqtisadiyyatın, əlaqələrin, əməkdaşlıqların bərpasını reallaşdırmaq əvəzinə, kimin qənədi altına girmək, hansı ölkənin tabeliyini qəbul etmək kimi yolu seçən Ermənistan hər zamankı kimi yol ayrıcında, yol arasında elə hər zaman qalacaq. Çünki, kimlərinsə tabeçiliyində, yaxud tərəfində olan ölkə müstəqil ola bilməz və müstəqil olmayan ölkənin də hər tərəfə sürüklənəcəyi şübhə döğurmur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə