ATƏT-in Minsk qrupuna pensiya düşürmü? - ŞƏRH

ATƏT-in Minsk qrupuna pensiya düşürmü? - ŞƏRH

Prezident İlham Əliyevin əvvəlki müsahibələrində olduğu kimi, yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi də bir çox məqamlarla diqqət çəkdi. Dövlət başçısı müsahibə zamanı Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycanla Ermənistan arasında münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair sualları cavablandırdı. Prezident İlham Əliyev müsahibəsində bir çox önəmli mesajlar verdi. Ölkə lideri verdiyi mesajlarla post-müharibə dövründə Azərbaycanın hədəf və məqsədlərini ortaya qoydu, xarici siyasətin, Ermənistanla münasibətlərin gələcək konturlarını cızdı. Xüsusilə də, Prezident Əliyevin müsahibədə toxunduğu maraqlı məqamlardan biri də ATƏT-in Minsk qrupu həmsədrləri barədə dedikləridir.

Prezident İlham Əliyev müsahibə zamanı ATƏT-in Minsk qrupunun fəaliyyətindəki yarıtmazlıqları dilə gətirərək bəzi qüvvələrin manipulyasiya da son qoyub: “Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir. Amma əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər".

"Hər halda onların fəaliyyətinin belə aşağı səviyyədə olması bizi qətiyyən narahat etmir, bəlkə də əksinə. Prinsipcə 30 il böyük iş stajdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram”,- deyən dövlət başçısı bunu deməklə istər Ermənistanın, istərsə də digər ölkələrin bu müsahibədən nəticə çıxarmalı olduğu digər mesajını da verib: "ATƏT-in Minsk qrupu öz gündəliyini formalaşdırmalı və bizə təqdim etməlidir. Sonra biz həmin gündəliyi ya təsdiq etməli, ya təsdiq etməməli, ya da qismən təsdiq etməliyik. Yəni, onların belə konsolidə edilmiş qrup kimi məşğul olmaq istədikləri bəndlərdən söhbət gedir".

Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı arasında baş verən son hadisələr həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacağını deməyə əsas verir. “Buna görə də biz özümüz üçün ilk növbədə, aydınlaşdırmalıyıq ki, bu gün Minsk qrupunun həmsədrliyi zamanın reallıqlarına nə dərəcədə cavab verir, həmsədrləri dəyişməyə zərurət varmı, çünki Minsk qrupu təkcə bu üç ölkədən ibarət deyil. Bu üç ölkə, əslində, qalan ölkələri təcrid ediblər, həqiqəti demək lazımdır. Üstəlik, nizamlamaya hansı şəkildəsə kömək etmək arzusunu bildirmiş bütün başqa təşkilatlar da bloklanmışdı. Bu, mənə dəqiq məlumdur. 2005-ci ildə biz Avropa Şurasının Parlament Assambleyasında işğalı pisləyən Qətnaməni keçirməyə nail olanda, bildiyimə görə, orada Minsk qrupu tərəfindən böyük qalmaqal qoparılmışdı ki, necə yəni, siz özünüzə aid olmayan işlərə qoşulursunuz. Onlar Avropa İttifaqının cəhdlərinə də beləcə qısqanclıqla yanaşırdılar. Yadınızdadırsa, bir müddət bundan əvvəl - keçən il, mənim fikrimcə, Avropa İttifaqının üzvləri olan üç ölkənin xarici işlər nazirlərindən ibarət nümayəndə heyəti gəlmişdi. Bu səfərə də münasibət çox qısqanc olmuşdu”.

Prezident deyib ki, prosesi tamamilə inhisarlaşdırmaq, təkcə başqa aktorları deyil, Minsk qrupunun öz üzvlərini də kənarlaşdırmaq cəhdi onların, sadəcə, statistlər rolunda qalmasına səbəb olur. Çoxları hətta bu qrupun kimlərdən ibarət olmasını bilmir: “Ardıcıllıq belə olmalıdır. Birincisi, bu qrupun nə dərəcədə həyat qabiliyyətli olması aydınlaşdırılmalıdır. İkincisi, onlar nə ilə məşğul olmağı planlaşdırdıqlarını əks etdirən gündəlik təqdim etməlidir, özü də bu gündəlik onların üçünün arasında razılaşdırılmalıdır. Daha sonra Azərbaycan və erməni tərəfi buna öz münasibətini bildirməlidir. Hələlik, bu iki ilk bənd yoxdur. Buna görə də prinsip etibarilə danışmaq üçün mövzu yoxdur".

Göründüyü kimi, ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin hərbi həll yolunu inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni diplomatik-siyasi yollarla nizamlamağa uğursuz cəhdləri heç bir nəticə vermədi. Nəticədə, etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. Və 44 günlük Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunması uğrunda apardığımız mübarizə bütün beynəlxalq qanunlara görə ədalətli olmaqla, dünya erməniliyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu. Prezident İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz "Dəmir yumruq" siyasəti yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində işğal altındakı torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin etdi.

Bir sözlə, həqiqət budur ki, indiki şəraitdə bizim ATƏT-in Minsk Qrupuna ehtiyacımız yoxdur. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu kimi həmsədrlik edən qurum lazım deyil. Biz torpaqlarımızı işğaldan azad etmişik, qalan digər problemlərimizi də tədricən həll edəcəyik.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə