“Qərbin ədalətsiz yanaşması imkan verdi ki, Ermənistan özünü karlığa qoysun” - AÇIQLAMA

“Qərbin ədalətsiz yanaşması imkan verdi ki, Ermənistan özünü karlığa qoysun” - AÇIQLAMA

“Fransa prezidenti Emmanuil Makronun və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə aparılan onlayn müzakirələrdən sonra Azərbaycan tərəfi xoş niyyət ifadəsi kimi daha 8 erməni diversantını Ermənistana təhvil verdi. Bu addımın qarşılığında ermənilərin də eyni xoş məramı nümayiş etdirəcəyini və birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın həmvətənimiz barədə hər hansı məlumat verəcəyini gözləyə bilərdik”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, onlayn formatda keçirilən Azərbaycan-Ermənistan danışıqları zamanı möhtərəm Prezidentimiz İlham Əliyev bu məsələni növbəti dəfə dünya birliyinin diqqətinə çatdırmış və bu problemin həllinə yardım göstərməyin zəruri olduğunu xatırlatmışdı: “Ancaq çox təəssüf ki, beynəlxalq aləm, ilk növbədə, “hərbi əsirlər” adladırdıqları erməni diversantlarının azad olunması üçün “dəridən-qabıqdan çıxan” Qərb ölkələri bu dəfə də susmağa üstünlük verdilər. Bu ədalətsiz yanaşma Ermənistana imkan verdi ki, özünü yenə də “karlığa qoysun” və Azərbaycan prezidentinin dəfələrlə qaldırdığı məsələyə yenə də heç bir reaksiya verməsin. Əslinə qalsa, Azərbaycan ictimaiyyəti ermənilərdən başqa davranış gözləmirdi”.

Abutalıb Səmədov onu da bildirib ki, özündən əvvəlki rəhbərləri hər dəfə əlverişli imkan düşəndə gen-bol tənqid edən N.Paşinyanın bu məsələdə eyni mövqe tutacağını gözləmək sadəlövhlük olardı: “Belə olsaydı Ermənistanın Baş naziri özündən əvvəlki dövlət rəhbərlərinin azərbaycanlı əsirlərə qarşı törətdikləri vəhşiliklərdən, onlara işgəncə verməsindən, qətlə yetirməsindən və digər müharibə cinayətlərindən danışmalı idi. Bu isə Ermənistanın maraqlarına qətiyyən cavab verməməklə yanaşı, onun azalmaqda olan nüfuzunu da bir az aşağı salardı. Öz hakimiyyət maraqlarını hər şeydən üstün tutan N.Paşinyanın belə bir addım atması mümkünsüz idi. Məhz bu səbəbdən Azərbaycanın humanizm prinsiplərinə əsaslanaraq, 8 erməni əsilli hərbi qulluqçunu qaytarması müqabilində Ermənistan birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın haqqında məlumat verməkdən yayındı, onların basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatların ölkəmizə verilməsi barədə üzərinə düşən öhdəliklərə əməl etmək istəmədi. Ancaq bu bizi qətiyyən ruhdan salmamalıdır. Bundan sonra da hər görüşdə, hər tədbirdə itkin düşən vətəndaşlarımızın məsələsini qaldırmalı və nəticə olunana qədər bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə