Zaal Ancaparidze: Qafqaz ölkələrinin maraqlarının uyğunlaşması regionun inkişafına yol açacaq - MÜSAHİBƏ

Zaal Ancaparidze: Qafqaz ölkələrinin maraqlarının uyğunlaşması regionun inkişafına yol açacaq - MÜSAHİBƏ

Gürcü xarici siyasət analitiki, Beynəlxalq Münaqişələr və Danışıqlar Mərkəzinin Qafqazda sülh dialoqu proqramının koordinatoru, “Georgia Today” qəzetinin keçmiş baş redaktoru Zaal Ancaparidze Caliber.Az-a müsahibəsində regiondakı proseslərlə bağlı maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Gürcüstanın xarici siyasətini necə qiymətləndirirsiniz? Gürcüstan diplomatiyasının hansı müsbət və mənfi cəhətlərini qeyd edə bilərsiniz?

- Mən Gürcüstanın hazırkı xarici siyasət kursunu real və praqmatik, nəzərəçarpacaq və ölçülə bilən nəticə kimi səciyyələndirərdim ki, nəticədə Gürcüstan 2012-ci ildən hakimiyyət dəyişikliyindən sonra hərbi münaqişələr olmadan, kövrək, lakin hələ də davam edən sülh şəraitində yaşayıb.

Gürcüstan imkan daxilində Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün diplomatik səylər göstərir. Bundan əlavə, ölkə Qara dəniz regionunda təhlükəsizliyin qorunmasına öz töhfəsini verir. Bəziləri Gürcüstanın indiki diplomatiyasının xüsusilə Rusiyaya qarşı daha az aqressiv və iddialı olduğunu düşünür. Amma hesab edirəm ki, Gürcüstan diplomatiyasını özünün həssas mövqeyi faktoru əsasında qurur.

- 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Qarabağ münaqişəsini Azərbaycanın həll etməsi ilə bağlı fikrinizi bildirə bilərsinizmi?

- Düşünürəm ki, Qarabağ münaqişəsinin yekun həlli üçün uzun və çətin yol qət etmək lazımdır. Hazır reseptlər yoxdur, amma ermənilərlə azərbaycanlılar arasında etimad və qarşılıqlı anlaşma tədricən bərpa olunmasa, Qarabağla bağlı əsas məsələlərdə mövqelər yaxınlaşmasa, həll yolunu tapmaq çətin olacaq. Buna həmişə üst-üstə düşməyən kənar oyunçuların və maraqlı tərəflərin maraqları əlavə olunur.

Göründüyü kimi, müəyyən qədər “qış yuxusundan” sonra Avropa İttifaqı regionda vasitəçi rolunu oynamağa başlayıb ki, bu da təbii ki, Rusiyanı sevindirməyəcək. Amma yenə də hesab edirəm ki, ilk müsbət addımlar artıq atılıb və onları inkişaf etdirmək lazımdır.

- Yəni sizcə, Bakı ilə İrəvan arasında sülh mümkündür?

- Qismən mən bu suala artıq cavab vermişəm. Düşünürəm ki, hətta ortamüddətli perspektivdə qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişafı, yeni nəqliyyat kommunikasiyalarının açılması, beynəlxalq yükdaşımaların intensivləşməsi və insanlara iqtisadi səmərə verən yeni iş yerlərinin yaradılması şəraitində, çətin ki, kimsə yenidən münaqişə uçurumuna düşmək istəsin.

Düşünürəm ki, mümkün həll yollarından biri böyük dövlətlərin iki ölkə arasında barışıq təminatçısı kimi çıxış etməsi ola bilər. Amma yenə də təkrar edirəm, sülhə gedən yol sadə vətəndaşların şüurundan və ürəyindən keçir. Onlar ilk növbədə özlərini dünyanın dalğasına kökləməlidirlər.

- Gürcüstan ərazi bütövlüyünü bərpa etmək üçün hansı addımları atır və bu istiqamətdə hansı irəliləyişlər əldə olunub?

- Gürcüstan bəyan edib ki, öz yurisdiksiyası altında olan bu əraziləri yalnız siyasi yolla və sülh yolu ilə qaytarmaq niyyətindədir. Bu ərazilərin Rusiya tərəfindən müstəqil dövlətlər kimi tanınması və orada çox təsiredici silahlara malik rus qoşunlarının yerləşdirilməsinə əsaslanaraq, hərbi həll praktiki olaraq istisna edilir. Onların Tbilisidən cəmi onlarla kilometr aralıda olduğunu söyləmək kifayətdir.

Yuxarıda göstərilən səbəblərə görə uğur praktiki olaraq mövcud deyil. Cenevrədəki beynəlxalq müzakirələr ABŞ, ATƏT və Aİ-nin iştirakı ilə Gürcüstan, Rusiya, Abxaziya və Sxinvalinin nümayəndələrinin ünsiyyət qurduğu yeganə formatdır. Bu format hələ ki, heç bir nəzərəçarpacaq nəticə verməyib və fikrimcə, onu yeni çağırışlara və dəyişən geosiyasi şəraitə uyğun formatlaşdırmaq barədə düşünməyin vaxtı çatıb.

- Ötən il Saakaşvilinin Gürcüstana qayıtmasını necə qiymətləndirirsiniz?

- Saakaşvilinin geri qayıtması, daha doğrusu, yerli seçkilər ərəfəsində Ukrayna vətəndaşı kimi Gürcüstana qanunsuz daxil olması onun Vahid Milli Hərəkat partiyasının səslərinin bir neçə faizini toplasa da, eyni zamanda, hakim “Gürcü arzusu” partiyasına daha çox səs əlavə etdi.

İstər-istəməz Saakaşvili “Gürcü arzusu”nun qələbəsinə töhfə verdi, eyni zamanda, onlara başağrısı yaratdı və az qala siyasi gündəmin əsas mövzusuna çevrildi. Eyni zamanda, Saakaşvilinin tərəfdarlarının onu çoxminlik izdihamla qarşılayacağı, həbsdən xilas edəcəyi, daha bir inqilab edəcəyi ilə bağlı gözləntiləri özünü doğrultmadı.

Qeyri-adekvat hərəkətləri ucbatından onun siyasi fəaliyyəti zəifləyıb. Onun azad edilməsi üçün hərəkat hələ də çox ləng gedir.

- Ötən il Gürcüstan üçün hansı il oldu?

- 2021-ci il sınaqlar və ümidlər ili oldu. O, Gürcüstana bir sıra yeni qarşıdurmalar gətirdi və bir dərs verdi. Burada çox təlatümlü siyasi prosesləri xatırlamaq olar. Aİ-nin vasitəçiliyi ilə müxalifət boykotdan əl çəkərək parlamentə daxil oldu, lakin müxalifətin ölkənin xarici siyasət seçimində bir növ referendum kimi qiymətləndirdiyi yerli seçkilərlə bağlı bu siyasi sükunət tezliklə pozuldu. Amma müxalifət məğlub oldu və bu, vəziyyəti daha da gərginləşdirdi.

11 min insanın həyatına son qoyan koronavirus pandemiyasının artması, pandemiya fonunda iqtisadiyyatın düşməsi nəticəsində gəlirlərini itirmiş bir çox vətəndaşın sosial-iqtisadi vəziyyətinin pisləşməsini də qeyd etməliyik.

Amma elə həmin il iqtisadi böhrandan çıxmağın ilk əlamətləri göründü. Xarici siyasət arenasında hakimiyyət və onların qərb tərəfdaşları arasında münasibətlərdə bəzi kobud hərəkətlərə baxmayaraq, Gürcüstan Aİ və NATO və onun əsas müttəfiqi ABŞ ilə münasibətləri qurmağa və gücləndirməyə davam etdi. Rusiya ilə münasibətlər, təəssüf ki, heç bir müsbət dəyişikliyə məruz qalmayıb. Ermənistan və Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar yaranıb.

- Qafqaz regionunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Onun gələcəyi üçün hansı perspektivlər var?

- Qafqaz regionunun problemləri, beynəlxalq ictimaiyyət üçün prioritet olan digər problemlər fonunda, sanki beynəlxalq dünya nizamının kənarında olduğu ortaya çıxdı. Uzun tarixi kökləri olan çox mürəkkəb ziddiyyətlər dolaşıqlığı var və bu dolaşıqlığı açmaq çətin olacaq.

Hesab edirəm ki, regionun iqtisadi inkişafında təkan və sıçrayış, onun qarşıdurma deyil, maraqların sinxronlaşdırılması meydanına çevrilməsi regionun dinc inkişafına yol açardı.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə