Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən videoformat görüşündə maraqlı hadisə yaşanıb. Ermənistan rəhbərinin həmişə olduğu kimi, diqqəti əsas məsələlərdən yayındırmaq üçün “hərbi əsir” məsələsini müzakirəyə çıxarmaq istəyi Azərbaycan Prezidentinin tutarlı arqumentləri və azərbaycanlı əsirlər və itkin düşmüş şəxslər haqqından danılmaz faktları ortaya qoyması ilə fiaskoya uğrayıb. Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması məsələsinə xüsusi olaraq diqqət verib...

Azərbaycan torpaqlarında yaradılmış qondarma Ermənistanın bizə qarşı ötən əsrin sonlarında başlatdığı qanlı müharibə tarix boyu soydaşlarımıza qarşı törədilmiş ən amansız, dəhşətli hadisə kimi yaddaşlarda qalıb. Tarix dəyişsə də, dövran dönsə də bu acı heç vaxt unudulmayacaq. Ən azından izsiz-soraqsız itənlərin yaxınları onları hər yerdə axtaracaq, lakin heç vaxt tapa bilməyəcək. Çünki Ermənistanın başlatdığı və yeni ərazilər ələ keçirmək üçün tərtib etdiyi planın ən başında bir bənd yazılmışdı: azərbaycanlılarsız Qarabağ.
Bəli, ermənilər Qarabağda ələ keçirdikləri hər kənddə, hər şəhərdə heç bir azərbaycanlını sağ qoymurdular, öldürdükləri insanları izini itirmək üçün meyiti ya yandırır, ya da qeydiyyat aparmadan kütləvi məzarlıqda basdırırdılar. Düşünürdülər ki, bu əməlləri cəzasız qalacaq, kimsə törədilən cinayət əməllərinə görə onlardan hesab soruşmayacaq. Amma zaman, dövran dəyişdi, 100 il saxta, qondarma “soyqırımı” iddiası ilə bütün dünyada Türkiyəyə qarşı başlatdıqları təzminat kampaniyası getdikcə öz gücünü itirir, öləziyir, əvəzində ermənilərin tərtib etdiklərinin yalan olduğu üzə çıxır. Bəs erməni təbliğat maşını bu qədər “işlək” olduğu, dünyanın bir sıra ölkələrində əsassız erməni iddialarına dəstək verildiyi halda niyə düymə basılmır, niyə Türkiyəyə qarşı təzminat iddiası nəticə vermir? Bunun bir və yalnız bir səbəbi “soyqırımı”nın yalan olmasıdırsa, digər bir səbəb ermənilərin soyqırımına məruz qalan yox, soyqırımı törədən tərəf olmasıdır. 100 il bundan əvvəl baş vermiş hadisələrin soyqırımı olub-olmamasını sübut edəcək bircə dəlil belə yoxdur. Hadisə yalnız ermənilərin tərtib etdiyi yalanlar üzərində qurulub. Kütləvi məzarlıq yox, sənəd yox. Amma bunun əvəzində ermənilərin Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda, Nuxada və Azərbaycanın digər bölgələrində, eyni zamanda indiki Ermənistan ərazilərində azərbaycanlılara qarşı törədilmiş soyqırımının sübutu olan kütləvi məzarlıqlar var. Ötən əsrin sonlarında Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımını sübut edən minlərlə subutlar, o cümlədən video görüntülər var...

I Qarabağ itkinlərini kim qaytaracaq?
Qısa bir haşiyə çıxaq, Ermənistan II dünya müharibəsi zamanı Hitler Almaniyası tərəfindən soyqırımına məruz qalmış yəhudilərin təzminat haqqını tələb edən İsrailin izi ilə gedərək bolluca para qazanmaq iddiasındadır. Yəhudilərə Almaniya dövləti tərəfindən ödənilmiş 60 milyard avro ermənilərin gözlərini qamaşdırıb. Dünya erməniləri düşünür ki, əgər soyqırımı iddiası ilə çıxış edən yəhudilər kos-koca Almaniyadan bu qədər pul qopara bilirlərsə, bu, Türkiyə ilə niyə təkrarlanmasın? Amma ermənilər düşünmək istəmir ki, ortada əlahəzrət fakt olmasa kimsə onlara təzminat ödəməz.
...Birinci Qarabağ münaqişəsi başlayanda bu qarşıdurmanın tərəfləri kimi Azərbaycan və Ermənistanın adı çəkilirdi. Hər kəs bunu belə bilirdi. Bir müddətdən sonra isə məlum oldu ki, Ermənistan rəhbərləri beynəlxalq təşkilatlarla apardıqları danışıqlarda Azərbaycanın “Dağlıq Qarabağ”la münaqişə etdiyini qeyd edir və özlərini sudan quru çıxarmağa çalışırdılar. Yəni, “baxın, münaqişə tərəfi biz deyilik, Qarabağ erməniləridir və onların da müstəqil olmaq hüquqları tanınmalıdır”. Halbuki, Xankəndində eiraz aksiyaları keçirənlər də, azərbaycanlıların evlərinə, maşınlarına hücum edənlər də, bizə güllə atan da, topa, “Qrad” yağışına tutan da Ermənistan və ermənilər idi. Ermənistan Dağlıq Qarabağda separatçı, oyuncaq qurum yaratmışdı və həmin “kuklalar” vasitəsilə özlərini günahlardan kənarda saxlamağa çalışırdılar. İşğal etdikləri kənd və qəsəbələri yağmalayıb, əllərinə nə keçirdisə Ermənistana daşıyırdılar. Əsirləri də Qarabağda yox Ermənistanda saxlayırdılar. Beynəlxalq təşkilatlar isə monitorinqi yalnız Qarabağ və işğal olunmuş ərazilərdə aparırdılar, Ermənistanda kimsəni axtarmaq onların yadına da düşmürdü. Ya da bunu bilərəkdən edirdilər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən aparılmış araşdırma zamanı məlum olub ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
İşçi Qrupundan verilən açıqlamaya görə, 2008-ci ilin sonunda 170-ə qədər insanın da taleyinə aydınlıq gətirilib və onların sağ olduğu aydınlaşıb. Onlar Şuşa, Şuşanın ətraf kəndləri, Kəlbəcər, Laçın işğal olunan zaman ermənilərin əlinə keçmiş insanlardır. Son 4 ildə 800-ə qədər insanın taleyi müəyyən olunub. İndiyədək həmin insanlar itkin hesab olunurdular. Onlardan bir qismi dünyasını dəyişib. Onların dəfn edildiyi yerlər müəyyən olunub. Ermənistan tərəfi isə həmişə olduğu kimi əsir və itkinlərlə bağlı əməkdaşlığa maraq göstərmir. Dəfələrlə erməni tərəfi ilə görüş olsa da nəticəsi olmayıb. BMT-nin insan haqları üzrə şurasının 7-ci sessiyasında silahlı münaqişələr zamanı itkin düşmüş azərbaycanlıların problemi ilə bağlı ölkəmizin nümayəndə heyətinin irəli sürdüyü qətnamə layihəsi 38 ölkənin yekdil rəyi ilə qəbul edilib. Avropa İttifaqı (Aİ) da Qarabağla bağlı memorandumda Azərbaycan və Ermənistanı itkin düşənləri tapmaq, ümumi informasiya bazası yaratmaq və qalıqları tapıb identifikasiya etmək üçün əməkdaşlığa səsləyib. Aİ Azərbaycan tərəfdən itkin düşənlərin sayının 4000 nəfərə yaxın olduğunu təsdiq edib. Halbuki, Ermənistan tərəfi beynəlxalq təşkilatlar qarşısında verdiyi hesabatlarda azərbaycanlı girovlar və itkin düşmüş şəxslər barəsində bir kəlmə də danışmaq istəmirdilər. Əslində həmin təşkilatlar da buna bir o qədər də maraq göstərmirdilər. II Qarabağ müharibəsindən sonra isə...

Ermənistanın əsirlər üzərindən oynadığı iyrənc oyunun iflası
İkinci Qarabağ müharibəsi zamanı da Ermənistanın oyunları bitmədi. Öz ərazisindən Azərbaycanın şəhər və kəndləri, dinc sakinlər uzaqmənzilli ballistik raketlərlə atəşə tutuldu, Azərbaycanın adekvat cavabı isə rəsmi İrəvanın təlaşına, KTMT adlı Rusiya nato-suna şikayət məktubları ünvanlamasına səbəb olurdu. Yaxşı ki, bu hərbi qurumdakı dövlətlər rəsmi İrəvanın kələyindən xəbərdar idilər və ermənilərin oyununa şərik olmadılar. Ermənistan nə qədər KTMT-nin 4-cü maddəsini xatırlatmağa çalışsa da üzv dövlətlər döyüşlərin Azərbaycanın sərhədləri daxilində getdiyini əsas gətirərək ermənilərin axmaq iddiasına qulaq asmadılar. Nəticədə Ermənistan çoxtərəfli xarici dəstəyə, milyardlarla ölçülən hərbi yardımlara baxmayaraq döyüş meydanında Azərbaycana uduzdu, ağır şərtlər altında kapitulyasiya aktına imza atmalı oldu. 30 illik işğala son qoyuldu. Bütün bunlara baxmayaraq Ermənistan, xüsusən də müharibənin tör-töküntüləri, revanşistlər hələ də qələbə barədə danışırlar. Heç olmasa “məğlubedilməz Ermənistan ordusu”na aid və döyüş meydanında Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş hərbi texnikanın Bakıda – “Qənimətlər Parkı”da nümayiş etdirilməsindən utansınlar, bir daha müharibədən danışmasınlar. Görünür, erməni separatizminin xəstə başı kəsilməyənə kimi bu söz-söhbətlər də kəsilməyəcək.
Gələk, Ermənistanın tez-tez hallandırdığı “hərbi əsir” məsələsinə. Əsir kimə deyilir, hərbi əsir kimdir? Əsir - döyüş əməliyyatlarında iştirak edən hərbçinin və qeyri-hərbçinin sonrakı əməliyyatlarda iştirakına yol verməmək məqsədilə azadlığı məhdudlaşdırılan şəxsə deyilir. Döyüş əməliyyatlarında ələ keçirilən mülki vətəndaşlar "əsir", Silahlı Qüvvələrdə xidmət edənlər isə "hərbi əsir" adlandırılır. Beynəlxalq konvensiyalarda "əsir" və ya "hərbi əsir" anlayışları üçün tələblər müəyyən edilib. Cenevrə Konvensiyasının 4-cü maddəsinə görə, rəqib hakimiyyətinə əsir düşmüş münaqişədə iştirak edən Silahlı Qüvvələrin şəxsi heyəti, bu qüvvələrə daxil olan könüllü dəstələr hərbi əsirdir. Həmçinin qarşıdurmada iştirak edən tərəflərdən birinə aid olan və rəhbər şəxs, uzaq məsafədən aşkar görünən müəyyən fərqlənmə nişanları daşıyan, aşkar silahlı olan, müharibənin qanun və adətlərinə riayət edən "hərbi əsir" hesab olunur.

Qarabağda silahlı ermənilərin əsir götürülməsi dekabrın 15-də, yəni müharibənin başa çatmasından və sülh bəyanatının imzalanmasından bir ay sonra baş verib. Ermənilərin bu terrorçuları “hərbi əsirlər” adlandırması absurddur. Bəli, məhz terrorçular. Azərbaycan XİN-in bəyanatında da qeyd edildiyi kimi, Ermənistanın Şirak vilayətindən Qarabağa göndərilmiş silahlı ermənilər müharibə bitəndən sonra torpaqlarımıza təxribat törətmək üçün göndəriliblər. Azərbaycanın BMT-dəki nümayəndəsi təşkilatın baş katibinə məktub göndərərək bildirib ki, əsirlikdə qalan 62 erməni hərbi qulluqçu təxribatçı sayılır və onların barəsində cinayət işi qaldırılıb. Bakıda hesab edirlər ki, hərbi əsirlər haqqında Cenevrə Konvensiyası dinc vaxtda Azərbaycana silahla keçənlərə şamil edilmir. 11 yanvar üçtərəfli görüşdə də Paşinyanın terrorçularla bağlı məsələ qaldırdı, amma rədd cavabı aldı. Əslində Ermənistan rəhbərliyi bu məsələni bilərəkdən gündəliyin önünə gətirib çıxarır ki, həm özünün revanşist ruhunu gücləndirsin, digər tərəfdən də məğlubiyyət fonunda özü üçün bir qədər əlverişli görünə biləcək motiv və məqam yaratsın. Bu məsələdə son sözü təbii ki, Azərbaycan deyir və deməlidir.
Maraqlıdır, Ermənistan “hərbi əsir” adlandırdığı terrorçuların azad edilməsi üçün hər gün Azərbaycana yalvarır, bəs 4 minə yaxın izsiz-soraqsız itkin düşən soydaşlarımızın sonrakı taleyindən bizə kim məlumat verəcək? Əlbəttə Ermənistan. Amma rəsmi İrəvanın bu məsələyə xoşluqla əncam çəkəcəyi inandırıcı görünmür. Çünki, bu, Ermənistanın sonu olar. İrəvanda bunu bilməmiş deyillər. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının rəhbərləri ilə keçirdiyi görüşdə əsirlər məsələsini yenidən gündəmə gətirməsi Ermənistanın planlarını alt-üst edib. Yeganə çıxış yolu isə əməkdaşlığa müsbət yanaşmadır...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB