Azərbaycan balanslı siyasət yeridir - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan balanslı siyasət yeridir - DEPUTAT ŞƏRH ETDİ

“Fevralın 4-də keçirilən dördlü görüşün təşəbbüsü Avropa Birliyindən, daha dəqiq desək Avropa Birliyinə hazırda sədrlik edən Fransanın prezidenti Emmanuel Makrondan və Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişeldən gəlmişdi. Belə bir təşəbbüslə çıxış edənlərin məqsədləri aydındır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev bildirib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron ölkəsində apreldə keçiriləcək seçkiyə hazırlaşır: “Bu seçki ərəfəsində də mümkün qədər beynəlxalq müstəvidə təşəbbüskar görünməyə çalışır. Açıq şəkildə deməliyik ki, onun rəqiblərinin kimliyini göz önünə gətirdikdə görürük ki, regiondakı yeni reallığı onların arasında az-çox dərk edən və Qarabağ məsələsində birtərəfli şəkildə Ermənistanı dəstəkləmənin öz maraqlarına necə zərbə vurduğunu görən məhz Emmanuel Makrondur. Bu baxımdan götürdükdə onun irəli sürdüyü təşəbbüsə Azərbaycanın müsbət yanaşması anlaşılandır. Eyni zamanda ən önəmli məsələlərdən biri də ondan ibarətdir ki, Azərbaycan balanslı siyasət yeridir. Bu siyasət tələb edir ki, regionda baş verən proseslərdə də güclərdən hansınınsa birinin hegemonluğu nəzərə çarpmasın. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyev Avropa Birliyinin regiondakı proseslərdə fəal olmasına müsbət yanaşdığını da diqqətə çatdırdı. Üstəlik Avropa Birliyi Azərbaycan Prezidentinin bu görüş öncəsi başqa bir tələbinə də əməl etdi ki, o da 2 milyard məbləğində yardımın edilməsi ilə bağlıdır. Bundan öncə Avropa Birliyi ancaq Ermənistana 2.6 milyard avro məbləğində yardımın edilməsini nəzərdə tutmuşdu. Azərbayacana yanaşmada isə bu rəqəm çox cuzi idi. Artıq 2.1 milyard avroya çatdırılıb. Yəni bütün bu məsələlərə baxdıqda belə bir görüşün keçirilməsinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müsbət yanaşmasının nə ilə bağlı olduğu tam aydındır. Ən əsası görüşdən sonra bu haqda açıqlanan məlumatlardan görürük ki, burada gündəlik əslində Azərbaycanın irəli sürdüyü gündəlikdir. Əsas diqqət 10 noyabr 2020-ci il bəyanatının yerinə yetirilməsinə, yəni sərhədlərin delimitasiyası və demakrasiyasına, kommunikasiyaların açılmasına, minalanmış ərazilər məsələsinə, dağıdılmış Qarabağda quruculuq işlərinə, 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə aydın gətirilməsinə yönəldilib. Bu görüşün təşəbbüskarı rolunda Azərbaycan çıxış etməsə də bu görüş məhz Azərbaycanın dövlət maraqlarına cavab verən nəticə ilə bitdi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə