...18-ci səfərin təəssüratları
Gəncə Azərbaycan tarixinin şərəf bölümündə özünəməxsus yeri ilə ceçilən şəhərlərdəndir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı da bu şəhər olub. Birinci Qarabağ müharibəsində ordumuzun əsas toplanış yeri, yaralı əsgərlərimizin ilk şəfa tapdığı şəhər kimi yaddaşlarda qalıb. Ötən əsrin 90-cı illərində baş verən hadisələr zamanı Ulu Öndərimiz Heydər Əliyevin səfəri nəticəsində qardaş qırğınına son qoyulan şəhər də Gəncədir. Ümummilli Liderimiz xalqın tələbi ilə hakimiyyətə ikinci dəfə gəlişindən sonra səfər etdiyi şəhərlərin siyahısında da Gəncə ilk yerlərdədir. Bir sözlə, Gəncə xalqımızın və dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan qədim və müasir şəhərdir.
2003-cü ildən indiyə qədər Azərbaycan Prezidenti İlham Əliyev demək olar ki, hər il Gəncəyə rəsmi səfər edib - 18 dəfə. Azərbaycanın ikinci şəhəri kimi Gəncəyə diqqət həmişə yüksək səviyyədə olub. 18 il ərzində Gəncə şəhərində bir sıra infrastruktur layihələri icra edilib və bu gün də davam etdirilir. Şəhərdə yeni səhiyyə və təhsil ocaqları, yaşayış və inzibati binalar inşa edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin "Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı şəhərdə abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün atılan addımlardan biri olsa da bu sərəncamdan sonra nəzərdə tutulan xeyli iş görüldü.
Ölkəmizdə birinci “Yaşıl şəhər” layihəsi Prezidentin göstərişi ilə məhz Gəncə şəhərində həyata keçirilməyə başlanılıb. Bu məqsədlə dövlətimizin Avropa Yenidənqurma və İnkişaf Bankından təqribən 70 milyon avro dəyərində kredit götürməsi, əlbəttə, Gəncənin inkişafı, abadlığı və tarixiliyini saxlamaqla bəzi sahələrdə yenidənqurmanı təmin etmək üçündür. Prezident İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə bu barədə danışarkən deyib ki, Gəncədə icra ediləcək “Yaşıl şəhər” layihəsi ictimai nəqliyyatı əhatə edəcək. Ondan sonra küçələrin işıqlandırılması, - bilirəm, bu məsələ ilə bağlı problem var, - bir də bərk məişət tullantılarının utilizasiyası. İlkin mərhələdə insanları narahat edən bu üç məsələ öz həllini tapacaqdır. Əlbəttə ki, biz bundan sonra da dövlət büdcəsi hesabına bütün lazımi addımları atacağıq.

Gəncənin nəqliyyat infrastrukturu tam müasirləşdirilib
Ölkəmizin nəqliyyat infrastrukturunun yenilənməsi həm də tranzit potensialını artırmağa imkan verir. Bu məqsədlə Azərbaycanın digər bölgələrinə istiqamətlənmiş nəqliyyat xətləri ilə yanaşı Bakı-Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi xətti də mühüm önəm daşıyır. Beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, səmərəliliyin artırılmasına müsbət təsir göstərir. Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də yüklərin ölkəmizin ərazisindən keçilməsinə etibarlı təminat verir. Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutunun tərkib hissəsi olan Azərbaycanın nəqliyyat-tranzit potensialı böyükdür. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində olan Azərbaycanın Gəncə istiqamətində olan nəqliyyat xətti üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb ki, bunun da əsas səbəbi nəqliyyat infrastrukturunun tam olaraq yenilənməsidir. O cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra bu istiqamətdə böyük canlanma yaşanmaqdadır. Azərbaycan ərazisindən təkcə Çindən və Cənub-Şərqi Asiya ölkələrindən gələn yüklər deyil, həm də Rusiyadan Türkiyə və Avropa istiqamətinə yüklərin daşınmasında intensivləşmə müşahidə olunur.
Bundan başqa, Gəncə şəhərində avtobus parkının yenilənməsi də dövlətimizin daim diqqətindədir. Prezident tərəfindən imzalanmış sərəncamından sonra şəhərin nəqliyyat strukturunda yenilənmə nəzərə çarpır. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Bu yol iki zolaqdan dörd zolağa genişləndirilib. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılıb.
Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli sərnişin qatarları hərəkət edir. İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, rahatdır. Əlbəttə, görülən bütün bu işlərin əsasında insan amili dayanır. Vətəndaş razılığının dövlətimizin əsas prinsiplərindən biri olduğunu nəzərə alsaq, bu məsələ çox önəmlidir. Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Qeyd edək ki, əsas təmir zonasında eyni vaxtda 6 lokomotivə xidmət etməyə imkan verən ikimərtəbəli platforma mövcuddur. Yeni depo sifariş edilmiş bütün dəyişən cərəyanlı lokomotivlərə fasiləsiz olaraq texniki xidmət göstərmək qabiliyyətindədir. Gəncə lokomotiv deposu ABŞ, Almaniya, İngiltərə, Hollandiya, İtaliya, Türkiyə, Koreya Respublikası, Çin, Rusiya və bir sıra digər ölkələrin istehsalı olan müasir avadanlıq və cihazlarla təchiz olunub. Həmçinin depo ərazisində 350 ədəd günəş paneli quraşdırılıb ki, bu da enerjiyə olan tələbatın bir hissəsini qarşılamaq imkanı yaradır. Əlbəttə, Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizinin keçdiyini nəzərə alsaq Gəncə lokomotiv deposuna nə qədər ehtiyac olduğunu təxmin edə bilərik.

Gəncə İkinci Qarabağ müharibəsindən sonra
İkinci Qarabağ Müharibəsi başa çatandan sonra Gəncə bu dəfə də işğaldan azad edilmiş Kəlbəcər rayonunun inkişafını öz üzərində hiss edir. Çünki Kəlbəcərə gedəcəyimiz yol Gəncədən və Göygöldən keçir. Halbuki sovet dövründə də bu istiqamətdə yol heç vaxt olmayıb. Yay aylarında buradan yalnız yük maşınları hərəkət edə bilib. Müharibədən sonra qısa müddət ərzində həmin cığır genişləndirildi, Kəlbəcərə gediş-gəliş təmin edildi. Prezidentin də qeyd etdiyi kimi, indi Murov dağının altından böyük - uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımıza, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır.
611,3 min nəfərin yaşadığı Gəncə-Daşkəsən iqtisadi rayonunun əsas sahələri kənd təsərrüfatı, sənaye, turizm və xalq sənətkarlığıdır. Təbii ehtiyatları dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips, seolit, sement xammalı, hidroenerji və təbii-rekreasiya ehtiyatlarından ibarətdir. İqtisadi rayonda yaşayan insanların normal və rahat fəaliyyətini təmin etmək üçün hələ 2019-cu ildə mühüm sərəncam imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış rəsmi sənəddə 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi nəzərdə tutulub və bu məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına köçürülüb. Artıq iş tam olaraq icra edilib və istifadəyə verilib.
Hazırda Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı böyük dərəcədə Gəncədəki infrastrukturla bağlıdır. Çünki orada həm qızıl yataqları, həm də dəmir filizi yataqları var. Bu işlərin sürətləndirilməsi üçün dövlətimiz tərəfindən əlavə göstərişlər verilib. Yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıb. Əlbəttə, burada Gəncənin də xüsusi rolu var. Bir sözlə, Gəncə şəhəri həmişə xüsusi yerə malik olubdur, bu gün də belədir.

Gəncəyə cinayətkar Ermənistanın 13 hücumu
İkinci Qarabağ müharibəsizamanı Gəncə həm də Ermənistan silahlı qüvvələrinin acizlikdən doğan vəhşiliyinə şahidlik etdi. Baxmayaraq ki, Gəncə müharibə zonasından onlarla kilometr uzaqda idi, Ermənistan müharibədəki uğursuzluğunun əvəzini körpə uşaqlardan çıxmaqla dönüş etmək istəsə də bu vəhşiliyi ona baha başa gəldi. Müharibələr tarixində dinc sakinlərə qarşı ballistik raketdən istifadə çox az-az rast gəlinən hadisələrdəndir. “Toçka-U”, həm “SCUD” raketlərinin dinc sakinlərə qarşı tətbiq edilməsi nədən xəbər verir? Gəncə düz 13 dəfə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. 13 raketdən 8-i partlayıb və 6-sı uşaq olmaqla 26 dinc sakin həlak olub. Bu Ermənistan ordusundakı hərc-mərclikdən xəbər verir. Təəssüf ki, dünya ictimaiyyətinin hadisəyə reaksiyası çox gecikdi. Texnologiyanın yüksək səviyyədə inkişaf etdiyi XXI əsrdə atılan 13 ballistik raketin haradan istiqamətləndiyini şübhə altına qoymaq, tərəddüd etmək həmin beynəlxalq dairələrin nə qədər səmimi olduqlarını üzə çıxarır. Halbuki, müasir dövrdə bunu təyin etmək çox asandır. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır.

Azərbaycan bu müharibədə baş verən acı hadisələri heç vaxt unutmayacaq. Gələcək nəsillərin Ermənistanın cinayətləri barədə xəbərdar olmaları üçün Gəncədə Memorial Kompleksin yaradılması nəzərdə tutulub. Bu təqribən dörd hektar ərazini əhatə edəcək. Dağıdılmış binalar olduğu kimi qalacaq. Çünki baş verən vandalizm aktı yaddaşlardan silinməməlidir. Erməni faşizmi heç vaxt unudulmamalıdır. Sülh olsa da, erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Ermənistanı məğlub etməklə Azərbaycan həm də faşizmin Cənubi Qafqazda kökünü kəsdi. Erməni faşizminin bir daha baş qaldırmaması üçün müharibənin qanlı-qadalı günlərini özündə əks etdirən memorial kompleksləri inşa etməli, hadisənin baş verdiyi yerlərin real vəziyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB