Titanların rəqabəti: ABŞ, Rusiya, yoxsa Çin? SİYASİ RAKURS+GEOSİYASƏT

Titanların rəqabəti: ABŞ, Rusiya, yoxsa Çin? SİYASİ RAKURS+GEOSİYASƏT

İstənilən qarşıdurmanın sonu savaşdır, bəşəriyyət isə artıq müharibələrdən usanıb...

Rusiyanın ABŞ-dan tələb etdiyi “təhlükəsizlik zəmanəti” ətrafında inkişaf edən mövcud situasiya yeni konturlar yaratmağa başlayır. Hətta bu mövzudan yeni nəticələr də hasil etmək mümkündür. Belə ki, beynəlxalq qarşılıqlı münasibətlər sistemi formalaşmasının final mərhələsinə daxil olub və geosiyasi mərkəzlər söz və bəyanatlardan əməli işlərə keçid ediblər. Burada isə əsas faktor kimi ABŞ-ın, Rusiyanın və Çinin növbəti dəfə coğrafiya, konkret regionlar üzərində yeni qaydalar tətbiq etmək cəhdlərini görmək mümkündür - ABŞ hərbi və iqtisadi güc, Çin həm iqtisadi, həm də artan hərbi imkanları, Rusiya isə bilavasitə hərbi imkanları ilə.

Üç ölkə öz siyasətlərini bir-birlərinə qarşı necə yönəldirlər?

Bu ölkələr öz aralarında yeni rəqabət ortamı yaradır və onlar eyni zamanda, bir-birlərini digərinə qarşı çıxarmağa məcbur edirlər. Misal üçün, nə zaman ki, ABŞ öz diqqət və resurslarını Çinə qarşı məhdudlaşdırma siyasətinə doğru yönəldirsə, Rusiya dərhal Avropada, Yaxın Şərqdə öz hərbi əzələlərini nümayiş etdirməyə başlayır.

Çin isə iqtisadi mexanizmlərini işə salır və belə desək, Rusiyanın Avropa və Yaxın Şərqdəki siyasətindən məmnun qalır. Belə ki, Rusiyanın fəallığı ABŞ-ın diqqətini istər-istəməz Rusiyaya tərəf yönəldir.

Lakin ABŞ-dakı rus-çin lobbiləri bir-birlərinə qarşı antitəbliğatla məşğul olurlar. Çinyönümlülər Putini hədəfə alır, rusiyayönümlülər isə anti-Çin isteriyasına odun atırlar, çünki əsas məqsədləri Vaşinqtonun diqqətini cəlb etməkdir. Yəni ABŞ-a demək istəyirlər ki, “biz rəqib olar bilərik, amma onlar bizdən də təhlükəlidirlər”...

Söz yox ki, ABŞ-da da anlayırlar ki, onlar hər regiona xüsusi diqqət göstərməyi sadəcə çatdırmırlar və bununla da istər-istəməz öz siyasi konsentrasiyalarını itirirlər. Məsələn, öz hərbi güclərinin Əfqanıstandan çıxarılması kimi olaylarla.

Rusiya Ukraynanı, Çin isə Tayvanı seçib – bəs ABŞ hansına “təhlükəsizlik zəmanəti” verəcək?

Beləliklə, Rusiya bütövlükdə Qərbə meydan oxuyur və özünü sübut etmək üçün hədəf kimi Ukraynanı seçib, dolayısı ilə postsovet məkanlarını da buraya əlavə etmək mümkündür.

Çin də boş dayanmayıb və hazırda Tayvan məsələsi gündəmdədir, üstəlik, Sakit okeanla həmsərhəd ölkələr də nə zamanda hədəfə alınacaq.

Və əgər ABŞ bu kimi cərəyan edən hadisələrin fonunda Rusiyanın tələb etdiyi “təhlükəsizlik zəmanətini” icra edərsə, Çin də öz növbəsində sərhədləri perimetri boyunca Amerikadan bunu tələb edəcək. Hətta “təhlükəsizlik zəmanəti” ifadəsinin arxa plana keçərək yeni savaş mühitinin yaranmasını da ehtimal etmək olar.

Nəticədə isə belə bir qənaətə gəlmək olar ki, titanların rəqabəti fonunda baş verən olaylar öz oxu çərçivəsindən çıxarsa, bu, bütövlükdə dünyaya hər hansı müsbət hallar bəxş etməyəcək. Belə ki, istənilən qarşıdurmanın sonu savaşdır, bəşəriyyət isə artıq müharibələrdən usanıb...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə