Paşinyan Sarkisyanı müəyyən vasitələrlə istefaya məcbur edib - POLİTOLOQ RƏY VERDİ

“Ermənistanda son dövrlərdə xüsusən də 2-ci Qarabağ müharibəsindən sonra baş verənlər gözlənilən idi. Bu məğlubiyyətlə əlaqələndirilsə də Ermənistanın siyasətinə nəzər salsaq görərik ki, elə müharibədən əvvəl də onun siyasətində Ermənistana xarakterik olan müəyyən xüsusiyyətlər var idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, seçki periodlarının özündə də bu cür qarşıdurmaların, siyasi kəskin qütbləşmələrin olması, siyasi texnologiyaların və siyasi institutların oturuşmiş səviyyədə olmaması, siyasi mədəniyyətin aşağı səviyyədə olması kimi faktorlar mövcuddur: “Məğlubiyyətdən sonra da xalqla hakimiyyət arasındakı uçurum daha da dərinləşdi. Bu uçurumun mənbəyi "Qarabağ klanı"nın hakimiyyəti dövründən qoyulmuşdur. Paşinyanın da hakimiyyətə gəlməsini biz 2 masada əyləşmək siyasəti adlandırırıq. Bu siyasətin nəticələrini bu gün Ermənistan yaşayır. Hər iki tərəfin əlini sıxmaq məcburiyyəti o deməkdir ki, hakimiyyəti hər iki qütbün tələblərini yerinə yetirməyə vadar edir. Bu da Paşinyanın sözü ilə əməlinin üst-üstə düşmədiyini göstərir. Bir məsələ ilə bağlı dəfələrlə Paşinyanın fərqli yanaşmalarının şahidi olmuşuq. Bunlardan ən aktualı elə Qarabağ məsələsidir, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsidir. Armen Sarkisyanın da istefa verməsi gözlənilən bir hal idi. Amma digər tərəfdən də Sarkisyanın istefa vermə qərarını prezident səlahiyyətlərinin yetərli olmaması ilə, Ermənistandakı siyasi proseslərə təsir imkanlarının az olması ilə əlaqələndirilməsi cəmiyyətdə siyasi ekspertlər tərəfindən də müxtəlif suallar yaradır.

Sarkisyan 2018-ci ildə hakimiyyətə gəlmişdir və həmin vaxtda parlament idarəçilik üsulunun hansı prinsiplərlə icra olunduğunu çox yaxşı bilirdi. Bilirdi ki, prezident səlahiyyətləri bu sistemdə simvolik xarakter daşıyır və prezident sadəcə olaraq seçkinin təyin olunması, hökumətin qərarlarının təyin olunması, parlament tərəfindən qanun təkliflərinin təsdiq olunması kimi simvolik səlahiyyətləri daşıyır. Yəni siyasi proseslərə bundan artıq səviyyədə təsir imkanlarının mövcud olmadığını Sarkisyan yaxşı bilirdi. Yaxud da Paşinyanın Azərbaycanla bağlı, Türkiyə ilə bağlı yeni yanaşma tərzi yaranıb. Hər nə qədər hakimiyyət olaraq müəyyən qədər təkzib olunsa belə bu Ermənistan üçün labüdləşib.

Türkiyə və Azərbaycanla da inteqrasiya xəttini məcburi şəkildə tutmalıdır və kapitulyasiya aktının prinsiplərini məcburi şəkildə yerinə yetirməlidir. Bu kapitulyasiya aktı isə 2020-ci ilin noyabr ayında imzalanıb. Sarkisyan məhz indiki vaxtda belə bir istefa qərarı verməsi onu göstərir ki, onun ifadə etdiyi səbəb əslində reallığı əks etdirmir.

Düşünürəm ki, ümumiyyətlə son dövrlərdə həm Paşinyanın özü tərəfindən, həm Paşinyana loyal olan parlament təmsilçiləri tərəfindən belə fikirlər səsləndirilir ki artıq Ermənistan yeni konstitusiya dəyişikliyinə doğru gedir. Bu da parlament üsul idarəsindən ya yarı prezident idarəçilik üsuluna, ya da prezident idarəçilik üsuluna keçidlə bağlıdır. Yeni idarəçilik üsulunda da hər iki halda prezidentin səlahiyyətləri genişləndirilmiş olur. Biz də Paşinyanla Sarkisyan arasında siyasi qütbləşmənin, siyasi konfrantasiyanın olduğunu nəzərə alsaq Paşinyan Sarkisyanın hakimiyyətdə olduğu dövrdə bu səlahiyyətləri genişləndirməyi düşünməz. Bu baxımdan demək olar ki, Paşinyan Sarkisyanı müəyyən vasitələrlə istefaya məcbur edib”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə