"3+3" formatı ölkəmizin iqtisadi manevr imkanları genişlənəcək - POLİTOLOQ MÖVQE BİLDİRDİ

"“3+3" formatının regiona siyasi və iqtisadi təsirləri böyük olacaq. Əvvəla siyasi təsirlərindən danışmaq lazımdırsa qeyd etməliyəm ki, bu formatın reallaşmağı nəticəsində Azərbaycan və Türkiyə regional siyasi oyunçudan qlobal siyasi oyunçuya çevrilmiş olur və bütövlükdə bu ideyanın cənab Prezident İlham Əliyevə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülməsi bölgəsəl məsələlərdə Azərbaycan və Türkiyənin liderliyini bir daha sübut etmiş olur”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Tural İsmayılov deyib.

Tural İsmayılov qeyd edib ki, eyni zamanda uzun illər apardığı ideoloji qəsbkarlıq siyasəti və Azərbaycan və Türkiyəyə qarşı ifrat nifrəti dövlət siyasətinə çevirməyi fonunda zəifləmiş və gözdən düşmüş Ermənistanın özü üçün də "3+3" siyasi nəfəslik rolu oynayacaq: “Həmçinin Rusiya hazırda Ukrayna və bir sıra digər məsələlərə görə Qərb tərəfindən siyasi təzyiqlərlə üz-üzə qalıb. "3+3" formatı Rusiyanın da yeni əməkdaşlıq perspektivlərinə açıq olduğunun görüntüsünü yaradacaq və eyni zamanda regionun önəmli dövlətlərindən biri kimi prosesə Rusiyanın siyasi xəttinin daha da çəki qazanmağına səbəb olacaq. İqtisadi təsirləri isə çox böyük olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan onsuz da Qərbin enerji təhlükəsizliyində kilid ölkələrdən biridir. "3+3" formatı nəticəsində ölkəmizin iqtisadi manevr imkanları genişlənəcək ki, nəticədə bütövlükdə dövlət büdcəsinə yeni daxilolmalara və həmin bu yeni daxilolmalar da ölkəmizdə daimi yer xarakter alan sosial-iqtisadi islahatlara səbəb olacaq.

Türkiyənin buradan böyük faydaları və qazancları olacaq. Türkiyə əsas ötürücü və tranzit ölkəsi kimi burada mühüm rol oynaya bilər. Nəzərə almaq lazımdır ki, Avrasiyadan Avropaya qədər uzanan mühüm xəttə Türkiyənin daha kilid mövqeyə yüksəlməyində "3+3" formatı birmənalı dəyər daşıyır. Eyni zamanda Rusiyaya ona və mallarına qarşı tətbiq edilən iqtisadi embarqolardan canını qurtarmaq üçün bu prosesdə fəal olmalıdır”.

Politoloq vurğulayıb ki, İran uzun illərdir ki, bir sıra maliyyə bazarlarına çıxışlarını itirib: “3+3" formatı İranın da iqtisadi diverfikasiya imkanlarını genişləndirəcək. Hətta bu yöndə artıq Aşqabadda İran, Türkmənistan və Azərbaycan arasında üçtərəfli qaz sazişi imzalanıb ki, bu "3+3" formatı çərçivəsində iqtisadi layihələr üçün başlanğıc və siqnal xarakter də daşıya bilər. Eyni zamanda ən əsası da Ermənistan əgər ağıllı olsa provakasiyalar etməsə, bundan sonra regionda kimlərinsə oyuncağına çevrilib klassik təxribatçılıq üsullarından əl çəksə, mən düşünürəm ki, dağılmış Ermənistan dövlət büdcəsi də qısa bir zamanda yenidən özünü bərpa edə biləcək.

Bütövlükdə "3+3" formatı pandemiyadan sonrakı dünyanın siyasi-iqtisadi mənzərəsini formalaşdıracaq, bu baxımdan da qlobal əhəmiyyətə malikdir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə