Azərbaycan-İran münasibətlərində YENİ SƏHİFƏ AÇILIR - TƏHLİL

Azərbaycanın qonşu ölkələrlə münasibətləri inkişaf edən, yüksələn xətt üzrə davam etməkdədir və bu tendensiya heç də təsadüfi deyil. Ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbəsi və yaratdığı yeni reallığın region ölkələri tərəfindən qəbul edildiyi günün reallığıdır. Görünən odur ki, Azərbaycanın regionda yaratdığı yeni reallıq qonşu dövlətlər tərəfindən yüksək dəyərləndirilir və bunun da regionda əməkdaşlığa, eləcə də təhlükəsizlik mühitinə töhfə verəcəyi bəllidir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi, siyasi iradəsi, uzaqgörənliyi, ordumuzun şücaəti, xalqımızın birliyi və həmrəyliyi ilə erməni işğalına, təcavüzünə Azərbaycanın son qoyması, torpaqlarımızın geri qaytarılması, abadlıq-quruculuq işlərinə başlanılması, yaradılan yeni reallıqlar regionda dövlətlərarası əməkdaşlıq imkanlarını xeyli genişləndirib. Hətta bu əməkdaşlıq imkanlarının xeyli dərəcədə genişlənməsi birmənalı olaraq əməkdaşlıqlara prinsipcə yeni xarakter verib. Məhz bu baxımdan cəsarətlə deyə bilərik ki, əldə etdiyimiz qələbələrimizin, Azərbaycanın qazandığı uğurların fonunda, ölkəmizin qonşu ölkələrlə münasibətlərində, əməkdaşlıqlarında yeni səhifə açılıb.

Azərbaycanın bütün qonşu ölkələrlə səmimi qonşuluq münasibətlərində olmaq, eləcə də əməkdaşlıq platformalarını genişləndirmək niyyəti hər bir ölkəyə, xüsusən də region ölkələrinə məlumdur. Ölkəmiz regionda olan bütün ölkələrlə münasibətlərinin daha da yaxşılaşdırılmasına hər zaman həssas yanaşıb. Xüsusilə, qardaş Türkiyə Cümhuriyyəti ilə, eləcə də müsəlman ölkəsi olan İran İslam Respublikası ilə münasibətlərə böyük önəm verilib. Çünki, Türkiyə vətəndaşlarının bizimlə milli mənsubiyyəti, dili, tarixi kökləri, ənənələri bir olduğu kimi, İran da Azərbaycanın yaxın qonşusu, xüsusilə, mədəni, tarixi və ictimai bağları ilə yaxın olan bir qonşu ölkəsidir. Hansısa dövrdə müəyyən anlaşılmazlıq olmasına baxmayaraq, bu gün münasibətlər qənaətbəxşdir və münasibətlərdə yeni bir səhifənin açıldığı qənaətindəyiksə, deməli, münasibətlərin bundan sonra daha da yaxşı olacağı şübhə doğurmur. Çox yaxşı haldır ki, qonşu İran dövlətinin rəhbərliyi artıq bölgəmizdə müharibədən sonra açılmış daha geniş əməkdaşlıq imkanlarına real qiymət verir və regional əməkdaşlığı genişləndirmək üçün yaranmış vəziyyətdən səmərəli istifadə edilməsinə marağın olması sevindirici haldır.

Xatırladığımız kimi, ötən ilin noyabrında cənab Prezident İlham Əliyevin İran Prezidenti İbrahim Rəisi ilə görüşü oldu və görüşdə ölkələrimiz arasındakı münasibətlərin inkişafına müsbət impuls verən müzakirələr reallaşdı. Məhz bu müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açdığı da artıq hiss olunmaqda, duyulmaqdadır. Məsələ burasındadır ki, Azərbaycanla İran arasında əməkdaşlıq üçün hərhansı bir maneə də yoxdur və hələ istifadə olunmamış çox geniş potensial var. Bu da öz növbəsində münasibətlərin daha da yaxşılaşması üçün zəmin yaradır və müsbət, nikbin proqnozlar belə verməyə əsas yaradır.

Bildiyimiz kimi, 25 yanvar tarixində İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Azərbaycana səfəri çərçivəsində də bir sıra vacib görüşlər keçirildi. Azərbaycan və İran arasında enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sahələrdəki layihələr haqda müzakirələr aparıldı, Astaraçay üzərində yeni avtomobil körpüsünün və piyada keçidinin tikilməsi ilə bağlı sənəd imzalandı, xüsusən, "Xudafərin" Su Elektrik Stansiyasının inşa edilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması müzakirə olundu. Bir sözlə, aparılan müzakirələr böyük spektrda əməkdaşlığa zəmin yaradır və bundan sonra daha geniş əlaqələrin olacağı zərrə qədər şübhə döğurmur.

Sirr deyil ki, hazırda Azərbaycanın İranla yükdaşımalarının həcmi sürətlə artmaqdadır və haqqında danışılan Astaraçay körpüsünün yenidən tikilməsi ölkələrimizin tranzit imkanlarının genişləndirilməsi deməkdir. Sözsüz ki, tranzit imkanlarının da genişlənməsi iqtisadi əlaqələrin, nəticə etibarı ilə hər iki ölkə üçün gəlilərin artması mənasını verir. Bu fakt özü də təsdiq edir ki, artıq tamamilə yeni tempdə, daha səmərəli əlaqələr, münasibətlər müzakirə mövzusudur və qeyd etdiyimiz kimi, istifadə olunmamış çox geniş potensialın istifadəsi perspektivlər vəd edir.

Əlbəttə ki, İran nümayəndə heyətinin Zəngilan rayonuna səfəri çərçivəsində Zəngəzur dəhlizinin tərkib hissəsi olaraq Azərbaycanın inşa etdiyi nəqliyyat layihələri ilə maraqlanması, tanış olması da təsadüfi deyil. Göründüyü kimi, həmin nəqliyyat layihələri İranın da maraq dairəsindədir və bunu ilk baxışdan belə aydınlaşdırmaq olur. Təbii ki, İran tərəfi də öz növbəsində bu nəqliyyat layihələrinin hansı dividentlər gətirəcəyini yaxşı başa düşür. Nəqliyyat və infrastruktur layihələri, bir sözlə, Azərbaycanın yaratmış olduğu, eləcə də yaratmaqda olduğu imkanlar tərəflər üçün əlaqələr, münasibətlər baxımından münbit şərait, geniş potensial anlamına gəlir. Görünür, İran tərəfi də bu potensialı yüksək qiymətləndirir və maraqların üst-üstə düşməsi fonunda, qarşılıqlı əlaqələrin, münasibtlərin daha intensiv şəkildə inkişaf edəcəyi zərrə qədər şübhə doğurmur.

İşğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işləri, eləcə də investisya layihələrinin icrasında İran şirkətlərinin də iştirak etməkdə maraqlı olduğu açıq-aşkar görünür. Bu həm də onu göstərir ki, torpaqların işğaldan azad olunması, geri qaytarılması, yeni reallıqların Azərbaycan tərəfindən yaradılması, bununla da təcavüzkar Ermənistanın pozucu siyasətinin qarşısının alınması iki ölkənin əməkdaşlığında yeni istiqamətlər açıb. Etiraf edilməlidir ki, Azərbaycan-İran münasibətləri müharibədən əvvəlki dövrlə müqayisədə hal-hazırda daha geniş, çoxşaxəli, sürətlidir və əlaqələrimiz tarixdə hələ heç vaxt indiki səviyədə olmayıb. Bu həm də onu deməyə əsas verir ki, Azərbaycanla İran arasında əlaqələrinin daha dərindən inkişafına illər boyu Ermənistanın təcavüzkar siyasəti mane olub. Məhz bu fonda onu demək olar ki, qonşu İranla Azərbaycanın genişlənməkdə olan əlaqələri hər iki tərəfə faydalı olan "3+3" formatının reallaşma imkanlarını daha da artırır və əlaqələrimizin hərtərəfli xarakter alması revanşist erməni kəsiminin pozuculuq hərəkətlərinin də qarşısını alır.

Əslində, Azərbaycanla İran arasında münasibətlərə qeyd etdyimiz kimi, mane olacaq heç nə yoxdur, əksinə, münasibətlərin daha yaxşı olması üçün səbəblər yetərincə çoxdur. Əvvəla, İran da islam dininə etiqad olunan ölkədir və əhalisinin böyük əksəriyyətini Azərbaycanda olduğu kimi, müsəlmanlar təşkil edir və bir sözlə, vətəndaşları da müsəlman qardaşlarımız hesab olunurlar. Belə olan halda, niyə də əməkdaşlığımız, münasibətlərimiz məhz Türkiyənin timsalında, nümunəsində qardaşlıq müstəvisində olmamalıdır axı? Hətta, belə görünür ki, Azərbaycan, Türkiyə və İran regionda üç qardaş ölkə olaraq əməkdaşlıq edə bilər və bu əməkdaşlıq hər üç ölkə üçün hər mənada şəksiz-şübhəsiz dividentlər deməkdir. Əvvəla qeyd edək ki, belə bir birlik, qardaşlıq gücümüzün daha da artması, təkcə bölgədə deyil, qlobal miqyasda söz sahibi olmaq anlamına gəlir. Müşahidə etdiyimiz kimi, Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətləri, qardaşlıq ənənələri ilə bütün dünya hesablaşır və bu qardaşlıq fonunda gücümüz, qüdrətimiz də göz önündədir. Heç şübhəsiz ki, bunu nəzərə alaraq bir də İranın bu qardaşlığa qoşulması gücümüzün daha da artması və nəticə etibarı ilə regionda təhlükəsizliyin, sülhün, əmin-amanlığın daha da mükəmməl şəkildə təminatı deməkdir.

Heç şübhəsiz ki, Azərbaycanla İran arasındakı münasibətlərdə yeni səhifə açılır dedikdə, məhz qardaşlıq münasibətlərinin qurulacağına ümid edirik. Ümid edirik ki, əməkdaşlığımız get-gedə daha da dərinləşəcək və təkcə əməkdaşlıq deyil, ölkələrimiz arasında münasibətlər belə qardaşlıq müstəvisində olacaq. İstər tarixi bağlılıq, istər dini birlik, istərsə də səmimi qonşuluq kontekstində buna bizim haqqımız çatır və hər iki ölkə üçün bu, hətta geosiyasi baxımdan belə arzuolunandır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə