Böyük Qayıdış reallaşır - ŞƏRH

Artıq yeni 2022-ci il ölkəmizə yüksəlişlə, həmrəyliklə, quruculuqla qədəm qoydu. Geridə qoyduğumuz 2021-ci il dünyada müxtəlif hadisələrlə, əsasən də, koronavirus pandemiyasının hələ də davam etməsi ilə yadda qaldı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev bildirmişdir ki, 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur: “2021-ci il arxada qaldı. 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır”.

Bəli, bu gün "Şuşa İli" olan 2022-ci ilin ilk ayından ölkəmiz tarixi, uğurlu müjdəli günlərini yaşayır. Azərbaycan tarixi ədaləti qürur hissi ilə bərpa edərək, otuz ilə yaxın erməni işğalı altında qalmış və tamamilə dağıdılmış ərazilərini sürətlə bərpa edir, erməni vandalizminin izləri yavaş-yavaş silinir. Düşmənin işğal dövründə xarabalığa çevirdiyi şəhərlər, kəndlər, qəsəbələr indi böyük tikinti meydançasını xatırladır. Yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksək gərginlikli elektrik xətləri çəkilir, tarixi abidələr bərpa olunur, yeni yarımstansiyalar inşa olunur. Elə bu günlərdə işğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması, onun ardınca ilk "Ağıllı kənd"in inşasının başa çatması xəbəri Vətənini, xalqını, dövlətini sevən hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Çünki Qalib Liderimiz, Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə 44 gün ərzində Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə 30 illik həsrətə son qoyaraq "Qarabağ Azərbaycandır!" əsl sahibinə – Azərbaycanımıza qaytarıldı.

Dövlət başçımızın dediyi kimi: "Çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır". Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq. Dəfələrlə "Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq” istəyi ilə yaşayan xalqımızın istəklərini Qalib Liderimiz "Dəmir siyasəti" ilə 44 gün davam edən İkinci Vətən Müharibəsini Zəfərlə başa vuraraq yerinə yetirdi. 1992-ci il may ayının 8-də erməni təcavüzkarları tərəfindən Şuşa işğal olunsa da, 2020-ci il noyabrın 8-də - 28 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Müzəffər, Sarsılmaz, Şanlı Ordumuz, rəşadətli əsgər və zabitlərimizin gücü ilə 28 il həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi. Prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa etdiyi müraciəti isə bütün xalqımızın Qarabağ həsrətinə məlhəm oldu.

Ali Baş Komandanın tarixi müraciətindən: "Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Bəli, bəli, bəli!!! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır! Və bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi bir daha son 18 il prezidentlik fəaliyyəti dövründə sözü ilə əməlinin üst-üstə düşdüyünü və nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirir. Bu tarixi xəbər həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən minnətdarlıq və məmnunluqla qarşılandı. Səbəbi isə bəllidir. Şuşa mədəniyyətimizin paytaxtı, qədim Azərbaycan torpağıdır. İllər öncə Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən demişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi.

Artıq Qələbə Zəfərimizdən bir il keçməsinə baxmayaraq, Azərbaycan Prezidenti Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb. "Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz",- deyən Qalib Lider hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri zamanı dəfələrlə bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz. Artıq torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə infrastrukturun qurulması, məcburi köçkünlərin vaxtında geri qayıtması üçün dövlət tərəfindən çox böyük işlər görülür. Və bu gün artıq Zəngilanın Ağalı kəndində "ağıllı kənd" layihəsi başa çatıb. Qısa müddətdə məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıdacaq. Dövlət başçımızın dediyi kimi: "Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq".

Bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifə də keçmiş məcburi köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaq, onların doğma yurdlarında xoşbəxt həyat sürmələrinə nail olmaqdır. Çünki “Qaçqın və məcburi köçkünlər” adlı bu cümlə, erməni kimi xisləti pozuq, insanlığa düşmən kəsilən bir xalqın qonşusu olmağın ağrılarını hər kəsdən yaxşı bilən, nankor ermənilərdən tarixdə olmazın mənfurluqlarına şahid olan Azərbaycan xalqı üçün ağır və həm də yaralı bir dərd idi. Bu gün isə, artıq işğaldan azad olunmuş torpaqlara yeni həyat bəxş edilir, düşmənin xarabalığa çevirdiyi Qarabağ yenidən dirçəlir və 30 ildən sonra düşməndən azad edilən dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir. Və bu gün bir ildə görülən işlər də təsdiqləyir ki, o gün heç də uzaqda deyil. Çünki dövlət başçımızın dediyi kimi, ölkəmizdə xalq-iqtidar birliyi, həmrəyliyi var: "Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Bu, milli vəhdətimizdən, Azərbaycanın sülh, inkişaf, bəşəriyyətin xoşbəxtliyi məramından irəli gələn əminlikdir. Belə bir ümid işığında xalqımız Prezident İlham Əliyevin liderliyi ilə 2022-ci il "Şuşa İli"ni də uğur tarixinə çevirəcək, işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" reallaşacaq, ölkəmizin qüdrətinin yüksəlməsini, Qarabağımızın yenidən dirçələcəyini və iqtisadi inkişafın davamlılığını təmin edəcək.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə