Ölkədə ərzaq təhlükəsizliyi hər zaman Prezident İlham Əliyevin diqqətində olub

Tarixin bütün dövrlərində hər bir dövlətin qarşısında duran və bu gün də öz aktuallığını qoruyub saxlayan ən vacib vəzifələrdən biri əhalinin ərzaq məhsulları ilə etibarlı təminatıdır. Məhz buna görə də ölkəmizdə ərzaq təhlükəsizliyinin gücləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Çünki etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə ölkəmizdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur.

Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meyilləri davam etdirilib, pandemiyanın milli iqtisadiyyata mənfi təsirləri minimuma endirilib. Reallıq budur ki, bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub: ümumi daxili məhsul 5,6% artıb (onun həcmi 92,8 mlrd. manat təşkil edib), qeyri-neft sektoru üzrə artım 7,2% olub, sənaye istehsalı 5.2%, qeyri-neft sənayesi isə 18,9% artıb, ölkənin strateji valyuta ehtiyatları 2,5 mlrd. dollara yaxın artaraq 53,2 mlrd. dolları ötüb və xarici dövlət borcunu 6 dəfədən çox üstələyib və s. Buna baxmayaraq, orta illik inflyasiya 6,7%, o cümlədən, ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil edib. İnflyasiyanın illik səviyyəsi isə 12% olub.

Bununla belə qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.

Yanvarın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meyilləri davam etdirilmiş, pandemiyanın milli iqtisadiyyata neqativ təsirləri minimuma endirilmişdir. 2021-ci ilin makroiqtisadi göstəricilərinə nəzər salan Baş nazir Ümumi Daxili Məhsulun 5,6% artdığını, onun həcminin 92,8 mlrd. manat təşkil etdiyini bildirib. Vurğulanıb ki, qeyri-neft sektoru üzrə artım 7,2% olmuş, sənaye istehsalı 5.2%, qeyri-neft sənayesi isə 18,9% artmışdır. Ölkənin strateji valyuta ehtiyatlarının 2,5 mlrd. dollara yaxın artaraq 53,2 mlrd. dolları ötdüyü və xarici dövlət borcunu 6 dəfədən çox üstələdiyi qeyd olunub. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuşdur.

Bununla belə, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil etmişdir. İnflyasiyanın illik səviyyəsi 12% olmuşdur. Bildirildi ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatmışdır.

Qed edim ki, dövlət ərzaq təhlükəsizliyinin təminatı üçün nə mümkündürsə edir. Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də ərzaq təhlükəsizliyi və aqrar sektordakı vəziyyət, həmçinin perspektivlər haqqında geniş söhbət açmışdır. Dünya üzrə təkcə taxıl istehsalı ötən il 2020-ci ilə nisbətən 21 milyon tondan çox azaldığını deyən dövvlət başçısı bildirib ki, ərzaq məhsullarının qiymətinin artması yalnız iqtisadi deyil, həm də ciddi sosial məsələdir. Bu gün ölkəmizdə taxıl istehsalını artırmaq üçün tədbirlər görülür. Buğda istehsalı ilə məşğul olan fermerlərə subsidiyaların verilir. Bu da onu göstərir ki, dövlət ərzaq təhlükəsizliyinin təminatında önəmli rol oynayan buğda yetişdirən fermerləri istehsalı artırmaları üçün stimullaşdırır.

Prezident İlham Əliyev müsahibəsi zamanı ölkədə taxıl istehsalında olan real vəziyyət və perspektivlər barədə bildirmişdir ki, buğda ilə təmin edə bilmirik: «Biz təqribən 3,3-3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrindən özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik”.

Dövlət başçısı müsahibəsində, həmçinin işğaldan azad edilən torpaqların əkilib-becərilməsi sayəsində buğda istehsalını artırmağın mümkün olduğunu da bildirmiş və qeyd etmişdir ki, ancaq biz bu yolla taxıl istehsalını artırsaq da, tələbatın ödənilməsi üçün 1,3 milyon ton buğda idxal etmək məcburiyyətindəyik: «Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür. Ona görə hər kəs bu real vəziyyəti görməlidir və nə mümkünsə biz edirik. Mən demək olar ki, gündəlik formatda bu işlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq»,- deyən dövlət başçısı bir daha vurğulayıb ki, «hər halda biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik, mən buna inanıram».

Bir sözlə, dövlət ərzaq təhlükəsizliyinin təminatı üçün nə mümkündürsə edir. Bu baxımdan yanvarın 18-də keçirilən müşavirə və müşavirədə vurğulanandığı kimi hazırda kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olunması, məhsuldarlıq və səmərəliliyin artırılması, iqtisadi sahədə görülən işlər Azərbaycan hökumətinin dünya iqtisadiyyatında baş verən təlatümlərin ölkəmizə mənfi təsirlərinin, inflyasiyanın, un və un məhsulları üzrə bahalaşmanın qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirdiyinin göstəricisidir.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə