3+3 çərçivəsində keçiriləcək görüşdən gözləntilər NƏ OLA BİLƏR? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə 3+3 çərçivəsində görüşlərin planlaşdırıldığını söyləyib. Qeyd etmək istəyirəm ki, ilk görüş Rusiyada keçirilib və növbəti estafeti Türkiyə üzərinə götürməyi planlaşdırır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq İlyas Hüseynov qeyd edib ki, Türkiyənin də marağındadır ki, regionda iqtisadi əməkdaşlıq formatı qurulsun və iqtisadi əməkdaşlıq çərçivəsində Türkiyə də öz iqtisadiyyatına yeni dividentlər əldə etsin: “Eyni zamanda həm də regionda nəqliyyat infrastrukturu formalaşır, nəqliyyatın şaxələndirilməsi baş verir. Bu da təbii ki, Türkiyə iqtisadiyyatına yeni gəlir mənbələrini formalaşdıracaq. Eyni zamanda iqtisadi dividentlərlə yanaşı, həm də təhlükəsizlik sahəsində etimad atmosferi daha da dərinləşir. Türkiyə də Rusiyadan sonra bu sahədə öz töhfəsini verməkdə maraqlıdır. Türkiyə həm də əməkdaşlıq formatına Gürcüstanı cəlb etməyə çalışır, Türkiyə ilə Gürcüstan arasında ali səviyyədə keçirilən dialoqlar da əsas etibarilə Gürcüstanın bu əməkdaşlıq platformasına qoşulmağını təşviq edir. Gürcüstan isə Rusiyanın iştirakı ilə keçirilən əməkdaşlıq formatından imtina edir və bunun əsas səbəbi kimi Rusiyanın Gürcüstan ərazilərini işğal faktı göstərilir. Lakin maraqlı məqam ondan ibarətdir ki, Ermənistanın nümayəndə heyəti də Türkiyəyə səfər edəcək və artıq Ermənistan Türkiyə arasında da münasibətlərin yaxşılaşdırılması və sərhədlərin açılması istiqamətində Rusiyada görüş keçirilmişdir”.

Politoloq vurğulayıb ki, bu görüşdən sonra Türkiyədə keçirilən 3+3 formatındakı görüşlərə Ermənistan nümayəndə heyətinin qatılması da böyük maraqla gözlənilir və Türkiyədə keçirilən görüş, həm də bir sıra mühüm nəticələri ilə yadda qala bilər: “Əslində hazırkı görüş 3+2 formatında keçirilir, çünki, İran, Türkiyə və Rusiya ilə yanaşı regiondakı iştirakçı dövlətlər, Ermənistan və Azərbaycan bu görüşlərə qatılır. Azərbaycan üçün də mühüm siyasi nəticələri olan görüş kimi bu görüşü proqnozlaşdırmaq olar. Çünki, görüş Türkiyədə keçiriləcək və demək olar ki, regional aspektdə Azərbaycanla Türkiyə arasında heç bir fikir ayrı-seçkiliyi yoxdur. İki dövlət də qardaş dövlətdir. Vətən müharibəsi dövründə də bu qardaşlıq bütün dünyaya nümayiş olundu. Azərbaycan üçün də regiondakı kommunikasiya və nəqliyyat xətlərinin açılması istiqamətində bu görüşün mühüm töhfələr verəcəyini indidən söyləmək olar”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə