“Şuşa Böyük Qayıdış planının da simvoluna çeviriləcək” - ŞURA SƏDRİ ŞƏRH ETDİ

Məlum olduğu kimi, cənab Prezident 2022-ci ili “Şuşa İli” elan edibdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Şura sədri vurğulayıb ki, düzü bir vətəndaş kimi, Şuşalı olaraq, cənab Prezidentin bu qərarını alqışlayir, hər zaman olduğu kimi vaxtında verilmiş qərar olduğunu təqdir edir.

“44 günlük Vətən müharibəsində məhz Şuşanın alınması ilə düşmən darmadağın edildi və təslim oldu. Şuşanın azad olunması ilə Vətən müharibəsində qazanılan qələbələrimizin dəyəri daha da artdı. Düşmənin beli sındı və havadarlarına onları xilas etmələrini yalvarışla xahiş etmələrinə səbəb oldu. Torpaqlarımızın azad olunmasından sonra isə qısa müddət ərzində, vandal, namərd düşmənlərimizin xarabazara çevirdiyi ərazilərdə geniş tikinti-quruculuq işləri başladıldı. Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı ilə bağlı proqram hazırlandı. Artıq yaxın gələcəkdə biz ilk köçkünlərimizin öz doğma yurdlarına qayıdışının şahidi olacayıq. Məhz bu ərəfədə Şuşa ili elan olunmasının bir səbəbi də budur.

Vətən müharibəsinin Zəfər simvolu olan Şuşa, Böyük Qayıdış planının da simvoluna çeviriləcəkdir. Eyni zamanda tarixi bir təsadüf də bu qərarın verilməsi ilə üst-üstə düşmüşdür. Məlum olduğu kkmi 1752-ci ildə Şuşa şəhərinin təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulubdur. 2022-ci il Şuşa şəhərinin təməlinin qoyulmasının 270-ci il dönümü qeyd ediləcəkdir. Bu isə ikiqat sevinc deməkdir. Həm Böyük Qayıdış proqramının icra edilməsinə başlanğıc, eyni zamanda azad olunmuş Şuşada yubiley tədbirlərinin qeyd edilməsi. Hesab edirəm ki, bu qərarın verilməsi ilə bizlərin sevinci daha da artıbdlr. Cənab Prezident Şuşanı azad etməklə və eyni zamanda bu verdiyi qərarla Şuşa şəhərinin bünövrəsini qoyan, vaxtilə yaşamış tanınmış ictimai-siyasi xadimlərinin, onun uğrunda şəhid olanlarının ruhunu şad etdi.

Şuşa qalası bu gün həm də Azərbaycan dövlətçiliyinin gücünün, əzəmətinin simvoluna çevrilib. Uca Qaladan dalğalanan üç rəngli bayrağımız düşmənlərimizə göz dağı, eyni zamanda gücümüzün nümayişidir. Cənab Prezident Şuşanı azad etdikdən sonra onu Azərbaycanın Mədəniyyət Paytaxtı elan etdi. Şuşa tarixi boyu öz mədəni mühiti ilə, bu mühitdə yetişmiş yetirmələri ilə Azərbaycan mədəniyyətinin müasir formalaşmasına böyük töhvələr verib. Bundan sonra da cənab Prezidentin Şuşanın yenidən qurulması planına uyğun olaraq da, yeniləşən Şuşa bu missiyanı yerinə yetirəcəkdir. Biz Şuşalılar geri öz Vətənimizə qayıdacaq, o mühitin yenidən yaradılması üçün çalışacayıq.

Şuşa Qalası bünövrəsi qoyulandan onun taleyinə qəhrəmanlıq, eyni zamanda mədəniyyət beşiyi olmaq yazılıb. Vaxtilə bir çox İran şahlarının ordularını, XX əsrin əvvəllərində erməni quldurlarının saysız hesabsız hücumlarını dəf edən sınmayan, əyilməyən bu əzəmət və qeyrət qalası öz beşiyində mədəniyyəti ocağını sönməyə qoymayıb. Ağlayanda da, güləndə də muğam üstə oxuyub. Son 30 ilin işğal dövrünü də görkəmli şəxsiyyətlərinin ruhu ilə birgə Şuşa düşmən üçün yurd olmadı, hər daşı, dağıdılmış evlərinin xarabalığı qəmli notlar üstə sanki oxudu. Bu gün Ali Baş Komandanımızın müzəffər rəhbərliyi ilə qəhrəman oğullarımızın səyi nəticəsində azad olunan Şuşadan sanki ətrafa qalibiyyət marşının sədaları yüksəlir. Şuşa dil açıb sevinc harayı çəkir mən müasir Azərbaycanın qəhrəmanlıq və mədəniyyət simvoluyam! Mən Azadam! Mən öz övladlarımın tam qayıdışını gözləyirəm! Bir övladı olaraq mən də cənab Prezidentin Şuşa ili elan etməsi qərarı ilə bağlı ona dərin minnətdarlığımı bildirirəm”, deyə Anar Xəlilov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə