NATO onun yeni "qonşusu"dur - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Soyuq müharibə dövründə NATO ilə SSRİ arasında mübarizə fasiləsiz olaraq davam etsə də, lakin onların arasında bufer zonası olan ölkələr var idi”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Politoloq Nəzakət Məmmədova qeyd edib ki, savaş poliqonu əsasən həmin ölkələr idi: “Bu gün isə artıq güc savaşı bilavasitə Rusiyanın sərhədləri yaxınlığında baş verir. Bu gün sanitar kardon hesab olunan Şərqi Avropa ölkələri Avropa Birliyinin tərkibinə keçdiyi üçün artıq Rusiya özünün bilavasitə sərhədlərini qorumaq məcburiyyətində qalıb. NATO onun yeni “qonşusu”dur. Proses davam edib, gərginləşməyə doğru gedəcək. Lakin bunun nə Qərb ölkələri ilə Rusiya, nə də Ukrayna və Rusiya arasında bilavasitə hərbi əməliyyatlara keçəcəyi real deyil. Bununla NATO üzvü olan ölkələr öz iddialarını ortaya qoyurlar ki, Rusiyanı hərtərəfli əhatəyə almışıq. Rusiya mümkün qədər soyuq müharibə dövründə ABŞ-la bağlanmış müqavilələrin qalmasına çalışır. Amerika isə buna getmir. ABŞ hesab edir ki, Rusiya zəifdir və onunla hesablaşmalı deyil.

NATO Rusiya və Ukrayna qarşıdurması yaratmaqla, Belarusda destruktiv qüvvələrə dəstək verməklə slavyan sivilizasiyasının mərkəzinə xəncər vurmağa çalışır. Rusiya isə cavabında NATO daxilində Türkiyə kimi güclü NATO müttəfiqini öz tərəfinə çəkib, ona silah satır. Pravoslav Yunanıstanla yüksək səviyyədə əlaqələrə malikdir, Şimal axını - 2 layihəsi ilə Fransa və Almaniya kimi güclü ölkələrin loyallığını təmin edərək onları ABŞ və İngiltərəyə nisbətən daha mülayim xətt tərəfdarına çevirib. Ona görə də biz burada Rusiyanı zəif tərəf kimi göstərə bilmərik. Lakin faktiki Rusiya bu gün müdafiə strategiyası yeridir. Çünki ekspansiya edən Rusiya yox, NATO-dur. Rusiyanın da post-sovet məkanındakı öz ənənəvi nüfuz zonasını itirməmək iddiası var. Yaxın gələcəkdə Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyə qəbul olunması, Rusiyaya böyük zərbə olacaq. Rusiya hazırda bunun qarşısını almaq istəyir. Lakin Baltikyanı ölkələrdən, Şərqi Avropanın katolik ölkələrindən fərqli olaraq Rusiya tarixən bağlı olduğu slavyan, pravoslav ölkələrin Qərbin nüfuz dairəsinə keçməsinə göz yummayacaq”.

Politoloq vurğulayıb ki, Rusiyanın buna qarşı mütərəqqi avrasiyaçılıq ideologiyası var və bu, qarşıdurmanın zəiflədilməsi üçün ən yaxşı variant ola bilərdi: “Prezident Putin ötən ay bəyan edib ki, əgər həqiqətən də Donbasa qarşı hərbi əməliyyat hazırlanırsa, Rusiya buna reaksiya vermək məcburiyyətində qalacaq, bunu nəzərə almaları lazımdır. "Bizim hərəkətlərimiz danışıqların gedişindən deyil, Rusiyanın təhlükəsizliyinin qeyd-şərtsiz təmin edilməsindən asılı olacaq. Biz açıq şəkildə bildirdik ki, NATO-nun şərqə doğru hərəkəti qəbuledilməzdir. ABŞ evimizin astanasında raketlərlə dayanıb. Evimizin qarşısında zərbə sistemləri quraşdırmamaq normal deyilmi? Amerikalılar onların Kanada və ya Meksika ilə sərhədinə raketlər yerləşdirilsə necə reaksiya verər?” - deyə Prezident Putin bildirib.

Qərbin Ukraynanı öz təsiri altına alıb bunu uzun müddət davam etdirə biləcəyi inandırıcı deyil. Hətta bütün bunlara cəhdlər müvəqqəti uğur qazanacağı halda belə, Ukraynada parçalanma qaçılmazdır. Donetsk və Luqansk kimi əhəmiyyətli iqtisadi regionlar artıq müstəqilliklərini elan ediblər. Belə olan halda Ukraynanın gələcəkdə güclü ölkə ola bilməsi mümkün deyil. Rusiyanın təbii qaz resurslarından tranzit ölkə kimi məhrum olmuş, ərazisini itirmiş, xalq arasında parçalanma yaranmış ölkənin güclənib ayağa qalxması mümkün deyil”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...