Tarixə şəhid qanı ilə yazılmış 20 Yanvar faciəsi ŞƏRH

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar faciəsindən 32 il ötür. Ermənistanın təcavüzkar hərəkətlərinin və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığının nəticəsində baş verən 20 Yanvar faicəsi Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya 35 minlik (bəzi məlumatlara görə, qoşun sayı 60 min nəfərə çatırdı) ordu yeridildi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” da məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini və eləcə də “Vətəndaş və Siyasi Hüquqlar” barədə Beynəlxalq müqavilənin I maddəsinə görə, Azərbaycan Respublikasının suveren hüquqlarını kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Həmin gecə tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 insan öldürülmüş (onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi); 744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra əlavə 21 nəfər qətlə yetirilmişdi. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda isə (Neftçala, Lənkəran) 25-26 nəfər öldürülmüşdü.

Qara 20 Yanvar faciəsindən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qırmızı rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı törədənləri ifşa etməsi o dövrdə xalqımıza dayaq, təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Uzun illər Azərbaycana rəhbərlik edən, keçmiş ittifaq dövlətində yüksək vəzifələrdə çalışan, zəngin idarəçilik təcrübəsi və sarsılmaz iradəsi ilə SSRİ rəhbərliyinin qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də, bütün məhrumiyyətlərə baxmayaraq, o ağır günlərdə xalqının sırasında, onunla birgə oldu, həmrəy oldu. Ulu öndər Heydər Əliyev öz bəyanatı ilə, əslində, Azərbaycanda gedən proseslərə qiymət verdi. O, SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə qətiyyən xoşniyyətli davranmadığını diqqətə çatdırdı. Hakimiyyəti həm də onda qınadı ki, Azərbaycana siyasi savadı olmayan, kölə xislətli insanın rəhbər təyin olunması xalqla hakimiyyət arasında dərin uçurumun yaranmasına səbəb olub. Bu uçurumun yaradılması da, ilk növbədə, mərkəzi hakimiyyətin maraqlarına xidmət edirdi və bununla belə, gələcəkdə yaranacaq bütün problemlərin, konkret desək, 20 Yanvar faciəsinin baş verməsinə səbəb olmuşdu.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1990-cı il noyabrın 21-də bu hadisəyə ilk dəfə siyasi-hüquqi qiymət verdi. Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması və cinayətkarların müəyyənləşdirilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı.

Beləliklə, 20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmadı, onun xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan xalqının tarixinə həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı, «Dəmir yumruq» qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.

20 Yanvar isə qəhrəmanlıq tariximizin başlanğıcıdır. Nə qədər ki, Azərbaycan var, şəhidlərimizin xatirəsi də əbədi yaşayacaqdır. Və Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

SEYFƏDDİN ƏLİYEV,

YAP Masallı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

Bütün xəbərlər Facebook səhifəmizdə