“Qazaxıstanla bağlı əksər müəmmalar hələ uzun müddət araşdırılacaq” - ÖZƏL-MÜNASİBƏT

“Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev uzun müddət susduqdan, müxtəlif şayiələrə rəvac verdikdən sonra nəhayət üzə çıxdı və xalqa müraciət etdi”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, bu müraciət son günlər təkcə qazax cəmiyyətini deyil, bütün dünyanı düşündürən çoxsaylı sullara aydınlıq gətirmədi: “Aydın olmadı ki, o, Qazaxıstanda kimlərin çevriliş etmək istədiyini düşünür? Təqribən 30 il rəhbərlik etdiyi dövlətin ərazi bütövlüyünə qəsd etmək istəyən kimlərdir? Ən yaxın qohumlarının və silahdaşlarının bu hadisələrdə iştirakı barədə nə düşünür? Prezident Tokayevin KTMT qüvvələrini dəvət etməsinə münasibəti necədir? Nursultan Nazarbayevin üzə çıxaraq xalqa müraciət etməsi yalnız ona aydınlıq gətirdi ki, artıq keçmiş qazax liderinə çevrilən, “pensiyada olduğunu” bəyan edən təcrübəli dövlət adamı özünü və yaxınlarını qorumaq üçün hər cür güzəştə getməyə hazırdır. Qazax xalqları Assambleyasının, hakim partiyanın və Təhlükəsizlik Şurasının sədrliyindən “könüllü” uzaqlaşan N.Nazarbayev yaxın günlərdə Konstitusiya Şurasının üzvlüyündən də, “Elbası” titulundan da yəqin ki, “imtina edəcək”. Paytaxtın adı da çox güman ki, dəyişdiriləcək və yenidən Astana olacaq. Ancaq Qazaxıstanla bağlı əksər müəmmalar hələ uzun müddət araşdırılacaq, suallara cavab axtarılacaq. Qazaxıstanı kim qarışdırdı? Əksər ekspertlər iddia edirlər ki, yanvarın 2-də maye qazın qiymətinin qalxmasından narazılıq edən insanların başladığı dinc etirazdan daxildə və xaricdə olan müəyyən qüvvələr yararlanmağa və dövlət çevrilişi etməyə çalışdılar”.

A.Səmədov onu da bildirib ki, Londonda siyasi sığınacaq alan keçmiş nazir Muxtar Ablyazov bunu açıq şəkildə, Nazarbayevin yaxın ətrafı isə bir qədər örtülü şəkildə etməyə çalışdı: “Onların Elbasının səhhətindəki mövcud təhlükəli problemlərdən qorxuya düşərək prezident Tokayevi hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri qətiyyətli addımlarla müşaiyət olunmadı və güc strukturlarının klan nümayəndələri tərəfindən passiv vəziyyətə gətirilməsi, bəzi yerlərdə, “etirazçılara” təslim olması arzulanan nəticəni vermədi. Hakimiyyətin əlindən çıxacağından qorxuya düşən, xalqa və keçmiş prezidentin yaxınlarının əlində olan güc strukturlarına güvənməyən prezident Tokayev təəssüf ki, adına uyğun davranmadı və hakimiyyətini KTMT silahlıları hesabına qorumağa çalışdı. Bu addımı atmaqla o, təkcə qazax xalqına deyil, həm də türk dünyasına və yaxın müttəfiqlərinə xəyanət etdi. Nəticədə, Rusiya yenə də qazandı, mövqelərini bir az da möhkəmləndirdi, digər maraqlı qüvvələr isə uduzdular. Yeri gəlmişkən, qonşu Çin bu hadisələrdən aşkar qalib kimi çıxmasa da, məğlub da sayıla bilməz. Güman etmək olar ki, Çinin malik olduğu nəhəng iqtisadi potensial yaxın gələcəkdə ona Qazaxıstanda daha da möhkəmlənmək imkanı verəcək. Şübhə yoxdur ki, Nazarbayevin sıradan çıxarılması Çinə xeyli zəifləmiş və güzəştlərə daha çox meylli dövlətə çevrilmiş Qazaxıstanda daha geniş əl-qol açmağa və daha ciddi layihələri reallaşdırmağa imkan verəcək. O da şübhə doğurmur ki, bu addım Nazarbayevin son dərəcə mühüm rol oynadığı Türk Dövlətləri Təşkilatının fəaliyyətinə təsirsiz ötüşməyəcək, KTMT-yə üzv olmaq tələbi ilə digər MDB dövlətlərinə təzyiqlər artacaq. Əslində, KTMT-nin son iclasında Lukaşenkonun Özbəkistanın ünvanına söylədikləri digər dövlətlərə də ünvanlanmış açıq şantaj idi: əgər bizimlə bir yerdə olmasanız bu hadisələr sizin ərazinizdə də olacaq, yaxud, təşkil ediləcək. N.Nazarbayev öz müraciətində bəyan etdi ki,- “Qazaxıstan bu böhrandan daha güclü çıxacaq və inkişaf edəcək!”. Bilmirəm, bu sözlərə özü inandımı? Yəqin ki, inanmadı. Çünki, təcrübəli dövlət xadimi kimi o yaxşı anlayır ki, Qazaxıstan bu hadisələrin ağrısını hələ bir müddət yaşayacaq və yaxın illərdə əvvəlki templə inkişafı mümkün olmayacaq. Ən azı, Tokayevin prezidentliyi dövründə belə bir inkişafın olması real görünmür. Ümid edək ki, bu prezidentlik uzun çəkməyəcək və ilk prezident seçkisində Qazaxıstan onu yüksək inkişaf səviyyəsinə qaldıracaq Liderinə qovuşacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə