99 faiz insan Qarabağ deyə qışqırırdı - POLİTOLOQ MÖVQE BİLDİRDİ

99 faiz insan Qarabağ deyə qışqırırdı - POLİTOLOQ MÖVQE BİLDİRDİ

"1990-cı ilin 20 Yanvarında baş verən hadisələr bütövlükdə Azərbaycan xalqına qarşı cinayətdir. Nəzərə alsaq ki, həmin vaxt sovetlərin tərkibində idik. Hətta, o dövrün konstitusiyasına əsasən Azərbaycan sovet ittifaqının tərkibində olsa da, onun müxtəlif müstəqillik elementləri var idi. Deməli, Azərbaycan dövlətinə qarşı da cinayət törədilmişdi. Çünki Azərbaycan Ali Soveti ölkənin ali orqanı sayılırdı. Nə Ali Sovet, nə də digər qurumlar ordunun Azərbaycana yeridilməsinə razılıq verməmişdilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Nadir Şəfiyev bu barədə fikirlərini belə izah edib: "Eyni zamanda mən o dövrün şahidi və iştirakçısı olmuşam. O vaxt saat 12-də atəş açılanda, mən də bir azərbaycanlı kimi küçələrdə olmuşam. Dinc əhaliyə qarşı törədilən qətliamın şahidi olmuşam. Tək mən yox, mənim qohumlarım müxtəlif yerlərdə - 20 Yanvar, Zığ istiqamətlərində olublar. Onlar da orada baş verənlər barədə məlumatlar veriblər. Mən deyərdim ki, bu birbaşa olaraq Azərbaycan xalqının gözünün odunu almaq üçün edilən qətliam idi. Bu, əslində bir soyqırımı idi. Çünki silahsız insanlara qarşı törədilmiş bir qətliam idi. Bu insanların tələbi sadəcə olaraq Qarabağda qayda-qanunun bərqərar olması idi. Onlar dərinə gedib müstəqillikdən danışmırdılar. O cammaatın içərisində yüzdən biri müstəqillik qışqırırdısa, qalan 99 faiz insan Qarabağ deyə qışqırırdı. Ancaq buna baxmayaraq Sovetlər İttifaqının rəhbərləri bu işartıdan qorxaraq xalqın gözünün odunu almaq istəyirdi. Azərbaycan xalqının müstəqilliyə olan meylini qırmaq istəyirdi. Azərbaycan xalqının təcavüzə qarşı olan etirazının, duruşunun qarşısını almaq istəyirdi. Azərbaycan xalqını sındırmaq istəyirdi. Buna görə də, bu qətliam törədildi. Mən düşünürəm ki, buna siyasi qiymət verilməsinə bir daha baxmaq lazımdır. 20 Yanvar SSRİ hökuməti tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi qiymətləndirilməlidir. Cinayətə əmr verənləri, bu cinayət əmrini icra edənləri ifşa etmək və cəzalandırmaqla məsələyə hüquqi baxımdan nöqtə qoymaq lazımdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə