Kanadalı ekspert Qarabağ klanını hədəfə aldı ŞƏRH

Robert Katler: “Görünür, sülh Qarabağ klanına, onun Ermənistandakı müştərilərinə və xaricdəki erməni diasporuna sərf etmir ki, yəqin onlar bundan sonra əməkhaqlarının ödənilməsi üçün başqa pulyığma vasitələri axtarmalıdırlar”

“Cənubi Qafqaz regionunda mövcud situasiyanı müsbət qiymətləndirirəm. Demək olar ki, hər həftə, hərdən isə hər gün yaxşı dinamika müşahidə olunur”. SİA xəbər verir ki, bunu caliber.az rusdilli informasiya mərkəzinə Kanadanın Qlobal münasaibətlər institunun elmi əməkdaşı, siyasi ekspert Robert Katler deyib.

Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşlərinə də münasibət bildirən kanadalı ekspert bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana vasitəçilər olmadan, birbaşa çıxış etmək imkanı verdi. Belə ki, həmin görüşdə Avropa Şurasının rəhbəri Şarl Mişel onları bir neçə dəqiqəlik təkbətək görüş keçirmələrinə şərait yaratdı.

Kanadalı mütəxəssis İranda da sülhün bərqərar olmasını istəməyən bəzi elementlərin olduğunu istisna etməyib

Avropa İttifaqının Cənubi Qafqazda sülhün yaradılması istiqamətində yardımlarını elan etməsinə rəğmən, bəzi dəqiqlikləri açıqlamaması ilə bağlı, həmçinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasının kimlər tərəfindən istənilməməsi ilə əlaqəli sualı da cavablandıran Robert Katler bildirib ki, iki ölkə arasındakı sülh praktiki olaraq onların regiondakı bütün partnyorlarına sərf edir və bu, yalnız Qarabağ klanına sərf etmir: “Görünür, sülh Qarabağ klanına, onun Ermənistandakı müştərilərinə və xaricdəki erməni diasporuna sərf etmir ki, yəqin onlar bundan sonra əməkhaqlarının ödənilməsi üçün başqa pulyığma vasitələri axtarmalıdırlar”.

Kanadalı mütəxəssis İranda da sülhün bərqərar olmasını istəməyən bəzi elementlərin olduğunu istisna etməyib, belə ki, onlar vaxtilə işğal olunmuş əraziləri narkotiklərin Avropaya çatdırılması yönündə istifadə edirdilər.

“Avropa İttifaqı Cənubi Qafqazdakı yeni faktları yavaş-yavaş anlamağa başlayır”

Robert Katler Azərbaycanın Avropa İttifaqı ilə mövcud münasibətləri ilə bağlı sualı cavablandırarkən bildirib ki, indi bu münasibətlər qarşılıqlıdır: “Dekabrda keçirilmiş Şərq tərəfdaşlığı sammitindən bir neçə gün sonra bəyan edildi ki, Aİ və Azərbaycan 2022-ci ildə yeni rəsmi sənəd imzalayacaqlar və bu sənəd əməkdaşlığın genişləndirilməsi əsasında olacaq”.

“Ümumilikdə Azərbaycan balanslaşdırılmış siyasət aparır. Lakin Qərbin aktiv iştirakı vacibdir. Görünür, Avropa İttifaqı Cənubi Qafqazdakı yeni faktları yavaş-yavaş anlamağa başlayır. ABŞ da bu proseslərdə daha çox iştirak etməlidir”, deyə kanadalı ekspert bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə