""Human Rights Watch" təşkilatının hesabatı anlaşılan deyil" - ŞƏRH EDİLDİ

""Human Rights Watch" təşkilatının nəyə əsasən bu cür hesabat tərtib etməsi anlaşılan deyil. Axı, hərbi əməliyyatlar Azərbaycan ərazisində həyata keçirilib, Ermənistan ərazisində deyil. Belə olan halda Ermənistanda məktəblərin dağıdılması hansı fakta əsaslanır? Hesabat ümumilikdə bəzi reallıqları əks etdirsə də, müəyyən informasiya çatışmazlığı və ya maraqlardan doğan yanaşma da hiss edilməkdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, istər beynəlxalq hökumətlərarası, istərsə də qeyri-hökumət təşkilatları müəyyən beynəlxalq güc mərkəzlərinin maraqlarının, onların siyasətinin ifadəçisidir: "Bu təşkilatların müstəqil siyasət yeritmək səlahiyyətləri yoxdur. Mövcud beynəlxalq hüquqa saymazyana münasibət, dünya siyasətində ikili standartlar və bu şəraitdən ermənilərin məharətlə yararlanması da bu cür hesabatlara təsir edir. Hazırda dünyadakı real vəziyyətin yaratdığı “əlverişli” şərait ermənilərin məkrli xisləti ilə uyğunluq təşkil edir. Ermənilər daim istənilən şəraitə uyğunlaşmağa, yaranmış vəziyyətdən öz mənafeləri naminə istifadə etməyə çalışıblar və bu prinsip indi də dəyişilməz olaraq qalır. Beynəlxalq təşkilatlar əslində bir qayda olaraq beynəlxalq hüququ, habelə öz nizamnamələrini əsas götürməli olduqları halda daha çox orada söz sahibi olan böyük dövlətlərin, lobbilərin maraqlarının icraçısı kimi çıxış edirlər. Beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrdə mövcud olan erməni lobbi qrupları qeyd etdiyimiz kimi, bundan bacarıqla istifadə edirlər.

Gəncə və Bərdənin raket atəşinə tutulmasına dünya səssiz qaldığı halda, Ermənistanda olmayan müharibə və dağılmayan məktəblərin hesabata daxil edilməsi buna sübutdur. Doğrudur, ermənilərin minaları basdırması və bunun nəticəsində insanların həlak olması qeyd edilib, lakin Azərbaycan və Ermənistanın Piyadalar Əleyhinə Minalara dair beynəlxalq normativ-hüquqi aktlara qoşulmadığı qeyd edilir. Lakin bu, Ermənistanın müharibə cinayətlərində ittiham edilməsinə maneə ola bilməz. Sual olunur. İngiltərənin Halo Trust təşkilatı müharibədən əvvəl illərlə Qarabağın işğal olunmuş ərazilərində mina təmizləmə adı altında nə ilə məşğul olurdu?! Təşkilatın bir neçə il əvvəlki hesabatına əsasən, Qarabağda minalanmış sahələrin 80 faizi təmizlənib. Habelə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Dağlıq Qarabağın “sərhədləri” daxilindəki ərazilərin minalardan təmizlənməsini maliyyələşdirsə də, ətraf rayonlara maliyyə ayırmaq istəməməsi qeyd edilirdi. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Yerevan ofisindən bildirmişdi ki, “HALO Trust”a ayrılmış milyonlarla dollar sayəsində Dağlıq Qarabağ tamamilə minalardan təmizlənəcək. Lakin 44 günlük savaş başa çatdıqdan sonra biz gördük ki, xeyli ərazilərimiz minalanmış haldadır. Belə olan halda yaxın mərkəzlərdən, açığını desək, Qərbdən idarə olunan təşkilatlar nə ilə məşğul olub, sonra da bu cür ziddiyyətli hesabatlar yayılıb? Ermənilərin sayı bir neçə yüzü keçməyən əsirləri haqda geniş rəy dərc edilsə də, 4 minə yaxın azərbaycanlı əsirlər barədə sanki onlar heç olmamış kimi heç bir cümlə də münasibət bildirilməyib. Bu, çox acınacaqlıdır və bir daha təsdiq edir ki, onilliklər boyu işğalçı Ermənistanla təcavüzə məruz qalmış Azərbaycan arasında fərq qoyulmadığı kimi, qalib Azərbaycan ilə məğlub Ermənistan arasında heç bir fərq qoyulmur. Beynəlxalq təşkilatlar öz siyasətini davam etdirir. Lakin bizim üçün bunun artıq elə bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan onların göstəriş və təlimatı ilə yox, öz siyasəti ilə məsələləri özü həll edir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə