Prezident İlham Əliyev: “Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz” TƏHLİL

Prezident İlham Əliyev: “Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz” TƏHLİL

“Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz”. Bu, Qalib Liderin bütün dünyaya növbəti mesajı idi. Düz 30 il düşmən əsarəti altında qalan Qarabağımız Ali Baş Komandan, Prezident İlham Əliyev “Dəmir yumruq” siyasəti altında Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə işğaldan azad olundu, torpaqların sahibləri öz torpağına sahib oldu. Bu gün isə Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələ işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Və dövlət başçımızın hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz.

“BU TORPAQLARIN SAHİBLƏRİ BİZİK - AZƏRBAYCAN XALQIDIR”

Dövlət başçımızın dediyi kimi: “Bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır”. Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq.Dəfələrlə “Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq” istəyi ilə yaşayan xalqımızın istəklərini 44 gün dava edən İkinci Vətən Müharibəsini Zəfərlə başa vurdu. 1992-ci il may ayının 8-də erməni təcavüzkarları tərəfindən Şuşa işğal olunsa da 2020-ci il noyabrın 8-də - 28 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Müzəffər, Sarsılmaz, Şanlı Ordumuz, rəşadətli əsgər və zabitlərimizin gücü ilə 28 il həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa etdiyi müraciəti isə bütün xalqımızın Qarabağ həsrətinə məlhəm oldu. Ali Baş Komandanın tarixi müraciətindən: “Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

BƏRPA VƏ YENİDƏNQURMA İŞLƏRİNİN MİQYASI ÇOX ƏHATƏLİDİR

Tarix boyu belə olub: əgər qazanılmış hərbi qələbənin ardınca quruculuq prosesi başlanırsa, deməli, o qələbəni əldə etmiş xalq parlaq gələcəyə doğru gedən yoldadır və xoşbəxt xalqdır. Ona görə ki, bu gün Qarabağda, Şərqi Zəngəzurda təməli qoyulan hər tikili, üst-üstə hörülən hər daş, torpağa əkilən hər fidan bu xalqın sevgisinin ifadəsidir, böyük gücün, zəhmətin, dünyaya fayda vermək arzusunun, Azərbaycan insanının quruculuq əzminin təcəssümüdür.

Ermənilərin 30 ilə yaxın işğal dövründə dağıtdıqları, vandallıq və talan etdikləri torpaqlarımıza dövlətimiz indi yeni həyat bəxş edir. 44 günlük Vətən müharibəsinin başa çatmasından cəmi bir ildən çox ötməsinə baxmayaraq, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin miqyası olduqca masştablıdır. Hazırda azad olunmuş bütün ərazilərimizdə kompleks şəkildə yeni infrastruktur yaradılır. Avtomobil və dəmir yolları çəkilir, hava limanları inşa olunur. Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisi ilə etibarlı təminatı üçün demək olar ki, bütün rayonlarda yarımstansiyalar inşa olunur, bir neçə su elektrik stansiyasının və yarımstansiyanın, Suqovuşan və Talış kəndlərinə çəkilən avtomobil yollarının, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və “Zəfər yolu”nda son tamamlanma işlərinin aparılması, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin bərpasına göstərdiyi yüksək diqqətin təcəssümüdür.İşğaldan azad edilmiş şəhər və rayonlarımızın bərpası və yenidənqurulması istiqamətində işlər sürətlə gedir. Şuşanın bərpası istiqamətində qısa müddətdə mühüm işlər görülüb.

AZƏRBAYCAN PREZİDENTİ CƏMİ BİR İL ƏRZİNDƏ QARABAĞIN DİRÇƏLİŞİ YOLUNDA BİR ÇOX DÖVLƏTLƏRİN 10 İL ƏRZİNDƏ GÖRƏ BİLMƏDİYİ İŞLƏRİ REALLAŞDIRIB

Bu gün işğaldan azad olunmuş torpaqlarda görülən uğurlu bərpa-quruculuq işləri göz önündədir. Azərbaycan Prezidenti qələbəmizdən keçən bir il ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb. Artıq Xarı bülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı bərpa olunub. "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 18 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev bu ilin yanvar ayının 5-də 2022-ci ilin «Şuşa İli» elan edilməsi haqqında Sərəncamı tarixi hadisədir. Çünki Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Bu gün isə Qalib Liderimiz, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Bir sözlə, mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə