Şuşa ümumiyyətlə türk dünyasının diqqət mərkəzində olan şəhərdir - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
“Şuşa, təkcə Azərbaycanın deyil, ümumiyyətlə türk dünyasının diqqət mərkəzində olan şəhərdir. Biz onu Azərbaycanın, Qafqazın mədəniyyət paytaxtı kimi qəbul edirik”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

“Lakin Şuşa, Ermənistanın işğalı altında olduğu dövrdə də daim diqqət mərkəzində olub. Özəlliklə də türk dünyasının gözləri həmişə Şuşanın üzərində olub. Əlbəttə ki, 8 noyabr 2020-ci ildə Şuşa şəhəri qəhrəman əsgərlərimiz tərəfindən Ermənistanın işğalından azad edildikdən sonra da buraya diqqət daha da artıb. Cənab Prezident şəxsən özü təşəbbüs edərək istər ölkə içindən, istərsə də ölkə xaricindən çoxsaylı insanların o şəhərə ziyarətinin təşkil edilməsi üçün tapşırıqlar verib. Özü isə dəfələrlə Şuşada olub. Bütün bunlar o məqsədə xidmət edir ki, Şuşa, əvvəllər olduğundan daha çox diqqət mərkəzində olsun. İndi 2022-ci ilin "Şuşa ili" elan edilməsi də bu məqsədə xidmət edir, yəni Azərbaycan dövləti, Prezident İlham Əliyevin şəxsən özü Şuşanın Azərbaycan şəhəri olmasını növbəti dəfə və daha yüksək səslə istər ölkə içində, istərsə də bütün dünyada xəbər vermək istəyir. Bu bir üsuldur, metoddur.
Biz Şuşanı göstərdikcə oraya gəlib gedənlər bir daha anlayır ki, Ermənistanın iddiaları əsassızdır. Hal-hazırda belə ermənilər sağda-solda Şuşa şəhərini erməni şəhəri kimi təqdim etməyə çalışırlar. Xüsusən də xaricdən gəlib gedənlər Şuşa şəhərinə baxır, gəzir, görür və bu qənaətə gəlirlər ki, burada ermənilərin izi tozu belə olmayıb. Hətta 30 ilə yaxın işğal dövründə belə ermənilər orada özlərində nəsə qura bilməyiblər. Bu bir daha onu göstərir ki, Şuşa, erməni şəhəri deyil, bir Azərbaycan şəhəri, türk dünyasının şəhəridir. 2022-ci ilin "Şuşa ili" elan edilməsi də bütün bu məqsədləri daha qabarıq şəkildə diqqətə çatdıracaqdır. Əlbəttə, Azərbaycan məhz bu cür sülhsevər yöntəmlərlə öz sözünü deyir, öz təbliğatını aparır. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu cür yöntəmlərlə deyil, qaralama, gözdən salma, böhtan atma yöntəmləri ilə təbliğat aparır. Hər halda dünyanın kimi necə seçməsi barəsində imkanı var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB