Mixail Çernov: “Ermənistan daha sərfəli sülhə nail istəyir, lakin bu, illüziyadır” - MÜSAHİBƏ

Mixail Çernov: “Ermənistan daha sərfəli sülhə nail istəyir, lakin bu, illüziyadır” - MÜSAHİBƏ

Rusiya-Avrasiya layihəsinin rəhbəri Mixail Çernov “Caliber” analitik mərkəzinə müsahibəsində Ermənistan-Azərbaycan sülh prosesi və regionda yaranmış vəziyyətlə bağlı maraqlı fikirlər bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sizcə, ermənilər hansı məqsədlə davamlı olaraq Qarabağ münaqişəsini dini bir münaqişə kimi təqdim etməyə çalışırlar?

- Mən belə birmənalı şəkildə deməzdim. Amma tərəflər müxtəlif dinlərə etiqad edəndə münaqişənin dəqiq belə izahına cəhd ediləcəyi aydındır.

- Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını niyə gecikdirir?

- Sülh müqaviləsi Ermənistanın hərbi məğlubiyyətinin nəticələrini rəsmiləşdirəcək. Bu, erməni cəmiyyəti tərəfindən ağrılı şəkildə qəbul edilir. Əgər fərz etsək ki, məqsəd daha sərfəli sülhə nail olmaq üçün şərtləri gözləməkdir, deməli bu, illüziyadır.

- Bu gün Türkiyə və Rusiyanın bölgədəki rolları nədən ibarətdir?

- Rusiyanın rolu Qarabağda müharibənin bərpa olunmamasına təminat verməkdir. Bundan əlavə, bu, Ermənistanın müstəqil dövlətçiliyin qorunub saxlanması üçün son ümididir, lakin İrəvanda çoxları bununla razılaşmır. Rusiyanın rolu sülhməramlı və sakitləşdiricidir.

Türkiyənin rolu güc və iqtisadi dominantlıq əldə etməkdır, onun marağı Ermənistanı nəzarət altına almaqdır.

- Ermənistanın mina sahələrinin xəritələrini Azərbaycana təhvil verməsinə baxmayaraq, dinc əhali hələ də minalara düşüb həlak olur. Səbəb nədir?

- Bəlkə də səbəb bütün minaların xəritəyə düşməməsidir.

- Ermənistan indi Türkiyə ilə yaxınlaşmağa çalışır, eyni zamanda Azərbaycanla sülhdən yayınır. İrəvanın belə məntiqsizliyinin səbəbi nədir?

- Türkiyə Ermənistanın siyasi və biznes elitası üçün Azərbaycandan daha maraqlıdır. Və ağırlıq mərkəzi olaraq, daha böyükdür. Erməni elitasının bu və ya digər şəkildə təmasda olduğu Ankara ilə məşğul olmaq həm də bütün əlaqə telləri kəsilmiş Bakıdan daha asandır.

- Regionun gələcəyini necə görürsünüz?

- Regionun gələcəyi hələ bəlli deyil, çünki bütün regional oyunçular bunu fərqli görürlər. Dünya müharibələr və münaqişələr mərhələsinə qədəm qoyub. Yalnız cari tendensiyalara etibar etmək düzgün olmazdı. Eyni zamanda, deyə bilərik ki, istənilən halda Azərbaycanın rolu artacaq.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə