2021-ci il Qarabağımızın mədəniyyət tarixində yeni səhifələr açdı TƏHLİL

2021-ci il Qarabağımızın mədəniyyət tarixində yeni səhifələr açdı TƏHLİL

Xalqımızın tarixi qədər qədim və zəngin olan Azərbaycan mədəniyyəti xalqın yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi mədəniyyət siyasəti nəticəsində milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılmasına töhfələrini verir. Məlumdur ki, mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Bu gün Azərbaycan mədəniyyəti ənənələri üzərində inkişaf mərhələsini keçərək yaşayır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mədəniyyət sahəsinə dair imzaladığı Fərman və Sərəncamların məntiqi olaraq milli mədəniyyətimizin dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət məkanına uğurla inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində müəyyən nəticələrə nail olunur. Dövlət başçısının mədəniyyət siyasəti nəticəsində əldə olunan uğurların miqyası geniş və əhatəlidir. 2021-ci il də Azərbaycan mədəniyyətinə böyük töhfələri ilə yaddaşlara köçdü. İlk olaraq, vurğulamaq yerinə düşər ki, dövlət başçısının müvafiq Sərəncamı ilə 2021-ci ilin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi şərəfinə "Nizami Gəncəvi İli" elan edilməsi Azərbaycan mədəniyyət və ədəbiyyatının bayramı oldu. Əlamətdar il çərçivəsində respublikamızda və ölkə xaricində, beynəlxalq təşkilatlarda müxtəlif tədbirlər, təqdimatlar keçirildi. Nizami Gəncəvi Beynəlxalq Festivalı, bu festival çərçivəsində gerçəkləşən Nizami Gəncəvi Beynəlxalq Forumu, "İşıq festivalı. Nizami Gəncəvi" adlı audiovizual layihə, həmçinin tamaşa nümayişləri, konsert və sərgilər əlamətdar ilin yaddaqalan tədbirləri oldu. Eyni zamanda Mədəniyyət Nazirliyinin dəstəyi ilə mütəfəkkir şairin beş poemasının yer aldığı nəşr – "Nizami Gəncəvi. Xəmsə" kitabı Türkiyədə çap edildi. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (ARM) təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Nizami - bəşəriyyətin şairi" adlı beynəlxalq esse müsabiqəsi keçirildi. İordaniyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş simpozium keçirildi. Paytaxtımızda keçirilən "Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü" mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu Nizami dünyasından dünyaya bir mesaj oldu. Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş Beynəlxalq Forum dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirmiş oldu.

MƏDƏNİYYƏT NAMİNƏ SÜLH

2021-ci ildə Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində uğurlu işlər reallaşıb. Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üzrə xarici ölkələrdə keçirilən festival və müsabiqələrdə iştirakı təmin edilib. İstedadlı uşaq və gənclər beynəlxalq incəsənət layihələrində uğurlara imza atıblar. Bu il eyni zamanda, beynəlxalq mədəni əməkdaşlıq sahəsində də uğurlarla müşayiət olunub. İCESCO Baş direktorunun ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş ərazilərimizdə olması, Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən "Mədəniyyət naminə sülh" qlobal kampaniyası, Şuşa şəhərinin qarşıdakı illərdə islam və Türk dünyasının mədəniyyət paytaxtları elan edilməsi ilə bağlı İCESCO və TÜRKSOY-la səmərəli əməkdaşlıq davam etdirilib. Bu il həmçinin UNESCO Baş Konfransının 41-ci sessiyası gedişində Azərbaycan Respublikası 2022-2025-ci illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib. Ölkəmiz həm də UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə də üzv olub. Bütün bunlar ölkəmizin beynəlxalq mədəni əməkdaşlıqda etibarlı tərəfdaş kimi tanınmasının bariz nümunəsidir. Lənkəran şəhərinin qastronomiya tematikası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsi də ilin uğurlarındandır. Gələn il UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına salınması ilə bağlı "İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı", "Sədəf sənəti", "Pəhləvan – ənənəvi zorxana oyunları və idman növləri", "Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı", "Çay mədəniyyəti" və "Balaban sənətkarlığı və ifaçılıq sənətləri" nominasiya faylları üzrə müraciət ediləcək. Həmçinin 2022-ci ildə Fikrət Əmirovun 100, 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin 200 illik yubileyləri UNESCO-da qeyd ediləcək.

Mədəniyyətimizin ölkə daxilində təbliği məqsədilə il ərzində müxtəlif layihələr həyata keçirilib, tədbirlər təşkil olunub. "Mədəniyyətimizin simaları", "Xristian irsimizi tanıyaq", "İslam irsimizi tanıyaq", "Mədəni yenilənmə", "Səhnədən səngərə", habelə Vətən müharibəsinə həsr edilən sənədli filmlərin çəkilişi gənc nəslin maariflənməsinə töhfə vermiş oldu. Həmçinin görkəmli mədəniyyət xadimlərinin yubiley və xatirə gecələrinin keçirilməsi də mədəniyyətimizin ölkə daxilində təbliğinə xidmət edir. Bu sırada Aşıq Ələsgərin 200, Xan Şuşinskinin 120, Mikayıl Abdullayev və Kamil Əliyevin 100, Tofiq Bakıxanovun 90 və başqa əlamətdar yubiley tədbirləri ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.

Əlbəttə, bütün dünyada olduğu kimi, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi diqqətdə saxlanılmışdır. Kitabxana, qalereya və muzeylər, eləcə də teatr və kino nümayişi müəssisələri ilin əvvəlində fəaliyyətini əsasən onlayn formatda qurdu. Sonralar karantin şərtlərindəki yumşalmalarla müəyyən qaydalara əməl etməklə intensiv fəaliyyət təmin edildi.

FİLMLƏRİMİZ BEYNƏLXALQ FESTİVALLARDA

Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması hədəfi ilə bağlı 2030-cu ilədək "Azərbaycan Respublikasının mədəniyyət strategiyası"nın hazırlanması ilə bağlı artıq işlər görülüb. Bu sahədə 5 istiqamət üzrə - mədəni irsin qorunması, insan kapitalının inkişafı, yaradıcı sənayeyə dəstək, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqi, mədəniyyətin Qarabağa, Qarabağın mədəniyyətə qayıdışı prioritetlər elan edilib. Bu hədəf üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə 5 yeni regional idarə yaradılıb.

Mədəniyyət və yaradıcılığın inkişafı məzmununun zənginləşdirilməsi hədəfi üzrə Azərbaycan Film Komissiyasının yaradılması, "Azərbaycanfilm" Kinostudiyasında aparılan islahatlar, 12-ci Beynəlxalq Qısametrajlı Filmlər Festivalı, IV "Animafilm" Beynəlxalq Animasiya Festivalı, "Böyük qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi və digər layihələri qeyd olunmalıdır. Məhz bu hədəf üzrə il ərzində 40-dək bədii, sənədli və animasiya filmi çəkilib. Bir çox filmlərimiz beynəlxalq festivallarda iştirak edərək mükafatlara layiq görülüb.

Şuşada "Xarıbülbül" musiqi festivalı, XVI Beynəlxalq Bakı Caz Festivalı, Qəbələ Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Vətən müharibəsində Qələbəyə həsr olunmuş bəstəkarlıq müsabiqəsi və digər layihələr ilin yaddaqalan musiqi hadisələrinə çevrildi. Pandemiya şərtləri daxilində 2021-ci ildə teatr sahəsində də müəyyən uğurlar oldu. "4.4" Qısa Tamaşalar Festivalı, "Qalib olan Azərbaycan" tamaşalar festivalı, habelə Mədəniyyət Nazirliyinin teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə "Gənc teatr prodüserləri üçün laboratoriya" layihəsi üzrə Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya bu sahənin inkişafı məqsədi daşıyıb.

Bakıda keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi kitab və nəşriyyat sahəsində bu ilin ən əlamətdar hadisəsi oldu. Builki sərgi "Nizami Gəncəvi İli"nə həsr olunmuşdu. Sərgi çərçivəsində maraqlı təqdimatlar, tanınmış yazarlarla görüşlər təşkil olundu. Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı hədəfi üzrə Azərbaycan Dizaynerlər Assosiasiyası, Azərbaycan Çağdaş İncəsənət İnstitutu və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradılmasını da 2021-ci ilin uğurları kimi səciyyələndirilir.

"BÖYÜK QAYIDIŞ – MƏDƏNİYYƏTİN DİRÇƏLİŞİ"

Yola salacağımız il ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlər həyata keçirilib. İl ərzində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün "Qarabağa kitabla gedək" layihəsi üzrə kitab toplama kampaniyası davam etdirilib. İşğaldan azad olunmuş Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində Mədəniyyət Nazirliyi tərəfindən ilkin monitorinqlər aparılıb. Dövlət qeydiyyatında olan 403 tarixi mədəniyyət abidəsinə baxış keçirilib. Eləcə də, 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli obyektin monitorinqi aparılıb. Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhəsi quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb. Bundan əlavə, il ərzində ölkə üzrə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri ölkənin Mədəniyyət paytaxtı elan edildi. Bu Sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olundu. "Böyük Qayıdış – mədəniyyətin dirçəlişi" beynəlxalq konfransı təşkil olunub. Eləcə də Vaqif Poeziya Günləri, "Xarıbülbül" musiqi festivalı, Milli Musiqi Günü və Üzeyir Hacıbəyli Beynəlxalq Festivalının Şuşada da qeyd edilməsi tarixi hadisəyə çevrildi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Bildiyimiz kimi, 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın mədəniyyət naziri ilə görüşündə Şuşada "Xarıbülbül" festivalının dirçəldilməsinin zəruriliyini xatırladaraq, bu folklor festivalının ənənəsinin yaxın vaxtlarda yenidən yaradılmasının zəruriliyini qeyd etmişdir. Artıq musiqi sədaları Şuşa torpağından dünyaya səs saldı.

Həyata keçirilən abadlıq quruculuq və təmir bərpa işləri sırasında böyük Azərbaycan şairi M.P.Vaqifin də məqbərəsi yera alıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb. Vurğulayaq ki, 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, abidə bu il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Bildiyimiz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nətcəsində torpaqlarımız işğaldan azad olundu və bu gün yeni bir yüksəliş dövrü başlayıb. Şuşa şəhərində tarixi-dini, mədəni abidələrimiz bərpa olunur. Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur layihələr icra olunur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşdiyindən ölkənin mədəniyyəti hər iki tərəfin mədəniyyətinin elementlərini özündə birləşdirir. Belə bir zəngin irsə malik olan Azərbaycan mədəniyyətinə dövlətimiz tərəfindən diqqət və qayğı davamlıdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə